Bələdiyyə seçkisində YAP-dan fərdi qaydada namizədliyini irəli sürənlərin sayı çox deyil. Bu haqda YAP icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun dediyinə görə, namizədlərin fərdi şəkildə irəli sürülməsinə baxmayaraq, bütün üzvlər YAP tərəfindən irəli sürülən namizədlərin təşviqatının aparılmasına kömək etməlidirlər: "Biz bu haqda yerlərdə rayon və şəhər təşkilatlarının vasitəsilə partiya üzvləri arasında izahat işləri aparmışıq. Əsasən bu vəzifənin öhdəsindən gələ bilmişik. Bir partiyanın uğurlu seçki kampaniyası aparması üçün onun bütün resursları, o cümlədən insani resurslar bu məqsədə xidmət etməlidir. Əgər hansısa üzvümüz kampaniyanın uğurla aparılmasına maneçilik törədərsə, o, özünü partiyadan kənarda qoymuş olur. Bütövlükdə, bu məsələyə biz kütləvi deyil, fərdi qaydada yanaşacağıq və müvafiq qərarlar qəbul olunacaq".
Əli Əhmədov deyib ki, YAP-ın bütün bələdiyyələr üzrə namizədləri mövcuddur. Buna görə də hakim partiya qanunla İctimai Televiziyada ödənişsiz efir vaxtı almaq hüququ qazanıb. Lakin ötən seçkidə olduğu kimi, YAP bu hüquqdan imtina etmək fikrindədir: "Ödənişsiz təbliğatın bir məqsədi də debat təşkil etməkdir. İndiki halda YAP partiya şəklində seçkilərdə iştirak edən yeganə siyasi təşkilat olduğundan bu debatı aparmaq imkanı yoxdur. Bizim digər partiyaların nümayəndələri ilə diskussiyalar aparmaq imkanımız olmayacaq. Ona görə də bu şəkildə TV-də təşviqat aparmaq öz mənasını itirir".
Əli Əhmədov bildirdi ki, müxalifət partiyalarından namizədlərin sayının az olmasının günahını nə DSK-larda, nə də başqa strukturlarda axtarmaq düzgündür: "2004-cü ildə keçirilmiş seçkilərdə də indiki mənzərə baş verirdi. O zaman da bələdiyyə seçkilərində təmsil olunmaq üçün müxalifət partiyalarının yerlərdə insani resurslarının olmamasını açıq şəkildə bildirirdik. 2009-cu ilin seçki mənzərəsi də bunu əyani şəkildə göstərir. Ayrı-ayrı partiyaların öz insani resurslarının məhdudluğunu ört-basdır etməkdən ötrü DSK-ları və yerli icra orqanlarını hədəf kimi seçmələrini səmərəli siyasi mübarizə forması saymıram".
|