Parlamentin qalmaqallı deputatı Əhəd Abıyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına ciddi ittihamlarla çıxış edib ("Turan"). Deputat dünən səhər jurnalistləri parlamentin binasına toplayaraq iddia edib ki, Masallı rayonunda məşhur sahibkar Çingiz Həşimov və onun oğlunun həbsinin təşəbbüskarı Ramiz Mehdiyevdir (!).
"Masallıda 4 min nəfər mitinq keçirib və Həşimovların azad edilməsini tələb edib, lakin Ramiz Mehdiyev hüquq-mühafizə orqanlarına onları azad etməmək göstərişi verib", - deyə deputat iddia edir.
Sonra deputat deyib ki, Masallı sakinlərinin tələblərini Mehdiyevə çatdırmaq üçün onun qəbuluna gedib, lakin qəbul edilməyib. O, bu tələbləri Mehdiyevin Prezident Administrasiyasında işləyən qohumları vasitəsilə çatdırmaq istəyib, lakin bu da alınmayıb. Mehdiyevin oğlu ilə tələbləri çatdırmaq istəyi də baş tutmayıb. Sonuncu şəxs deputatla rus dilində danışıb ki, bu da onu təhqir edib.
"Ramiz Mehdiyevi Həşimovlara qarşı belə əməllərdən əl çəkməyə çağırıram", - deyə Abıyev bildirib. Xəbərə görə, sözügedən Çingiz Həşimov və oğlu Yavər qarşıdakı seçkilərdə bələdiyyə üzvlüyünə namizəd idilər. Lakin bir həftə əvvəl onlar xuliqanlıq ittihamı ilə 2 ay müddətinə həbsə alınıblar. Həşimov yerli bazarın sahibidir. Amma onunla icra hakimiyyəti arasında uzun müddətdir ki, bazara nəzarət uğrunda münaqişə gedir.
Əhəd Abıyev Masallı rayonundan deputatdır. Onun bir neçə qardaşının rayonda yüksək vəzifələr tutduğu deyilir. Lakin bir müddət əvvəl icra hakimiyyəti onları və bizneslərini sıxışdırmağa başlayıb ki, bu da "ailə biznesini" müdafiə etməyə çalışan Əhəd Abıyev tərəfindən tənqidə səbəb olub, - deyə xəbərdə qeyd olunur.
|