Əməkdar artist Fidan Hacıyeva dekabrın 5-də solisti olduğu Opera və Balet Teatrının səhnəsində yenidən "Karmen"də baş rolu oynayacaq. Sənətçidən isti xəbərlər də yox deyil. Ötən gün yaradıcılıq yeniliklərini KİV ilə bölüşən Fidan xanım öncə İngiltərə konsertinin proqramından söz açdı. Bildirdi ki, yaxın aylara nəzərdə tutulan konsert proqramı "Həmrəylik" adı altında təqdim ediləcək. Onun daha bir konserti isə Kiprdə olacaq və bu, "Klassik konsert" layihəsi adlanır.
Opera və Balet Teatrının solisti yerli tamaşaçıların qarşısında çıxış etməyi də planlaşdırır. Onun sözlərinə görə, yenilənən repertuarı ilə Şəki Karvansarasında çıxış edəcək. "Şərq-Qərb" klassik caz konserti proqramında sənətçi səhnəni cazmen Cavan Zeynallı ilə birlikdə paylaşacaq. Müğənninin bildirdiyinə görə, bu konsert ölkəmizin zəngin mədəniyyətinin təbliğinə xidmət edir. Opera ifaçısının yeni repertuarı televiziya həllini də tapacaq ki, hazırda bu yöndə hazırlıq işləri görülür.
Yaz aylarına doğru Fidan xanım Antalyaya səfər edəcək. Həmin ərəfədə Antalyadakı Antik Teatrda "Aida" konsert proqramı ilə çıxış edəcək. Sənətçinin önəmli çıxışlarından biri mayda nəzərdə tutulub. O, Aralıq dənizinin ən böyük kruiz gəmisində "Klassik caz" konserti və "Karmen" operası proqramları (Türkiyə-Yunanıstan otel standartları dəniz səfərində) ilə çıxışlar edəcək.
Opera ifaçısının maraqlı layihələrindən biri bəstəkar Vüsalə İlyasova ilə birlikdə həyata keçiriləcək. Öyrəndik ki, əvvəlcə rok janrında hazırlanması nəzərdə tutulan musiqili layihə daha sonra "Tanqo" ilə əvəz edilib. Müğənni bildirdi ki, burada əsas mövzu məhəbbət və qısqanclıqdır. Layihəni klassika və milli estrada elementləri ilə zənginləşdirən musiqiçilər buraya əməkdar artist Ənvər Sadıqovun akkordeon ifasının da daxil ediləcəyini dedilər.
Fidan xanım mətbuatla görüşündə daha bir yeniliyindən söz açdı. Söylədi ki, onun iki veb-saytı ötən gündən tamaşaçı auditoriyasının ixtiyarına verilib. Fərqli və göz oxşayan tərtibatlı internet səhifələr fidanhaciyeva.com və klassika.az adlanır. Hər iki saytın layihə rəhbəri Elnur İsmayılovdur. Bioqrafiya bölümü ilə başlayan səhifədə sənətçinin uğurları, repertuarı, tamaşalarından məlumatlar, afişa bölməsi, ailəsi və sənət dostları ilə olan fotoları, nailiyyətlərini göstərən diplom və mükafatlar yer alıb.
Fidan Hacıyeva bildirdi ki, gələn ay oynanılacaq "Karmen" tamaşasından sonra o, bir neçə operada çıxışlarını davam etdirəcək. Siyahıda Cüzeppe Verdinin "Aida" və "Trubadur", Rossininin "Seviliya bərbəri"nin adları var.
Sonda sənətçi Mariana adlı əcnəbi tələbəsini təqdim edərək onun gələcəyinə böyük ümid bəslədiyini bildirdi. Söylədi ki, Mariana yaxın aylarda Almaniyaya səfər edəcək və orada müsabiqədə Azərbaycan bəstəkarlarının mahnıları ilə təmsil olunacaq.
|