Güc strukturları cəmiyyəti məlumatlandıra bilirmi?
 |
MN bir problem görmür, ekspertlər isə narazıdır
Cümə, 27.11.2009
|
|
Dünən "Müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarət" Koalisiyasının ofisində "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ACİ - Yardım Fondu tərəfindən maliyyələşdirilən "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" adlı layihə çərçivəsində növbəti debat keçirib. "Güc strukturlarının məlumatlandırma siyasəti cəmiyyəti qane edirmi?" mövzusunda keçirilən debatda çıxış edən layihə müəllifi Cəsur Sümərinli bildirir ki, bu gün Azərbaycanda güc strukturlarının cəmiyyəti məlumatlandırma siyasətinə münasibət fərqlidir: "Xüsusilə nəzərə alanda ki, Azərbaycan müharibə şəraitindədir, onda bu məsələ bir qədər də qəlizləşir". Fikir belədir ki, bütün ziddiyyətlərə baxmayaraq bu gün güc strukturları barədə məlumatlandırma siyasətinin tətbiqində beynəlxalq təcrübəyə əsaslanmaq zəruri görünür.
Güc strukturları: kim irəlidədir?
Ümumi baxımdan bu gün Azərbaycanın güc strukturlarının məlumatlandırma siyasəti qaneedici görünmür. Müdafiə Nazirliyi son vaxtlar keçirilən və qeyri-intensiv olan mətbuat konfransları vasitəsilə jurnalistlərin suallarını cavablandırmağa çalışır. Lakin bu günədək nazirliyin rəsmi veb səhifəsi yoxdur. Eyni zamanda, bu günədək ictimaiyyət nazirliyin "açar" şəxslərinin birbaşa açıqlamalarını dinləməkdən məhrumdur.
O dedi ki, digər silahlı birləşmələrdə - Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətində intensiv islahatlar həyata keçirilsə də, bu barədə cəmiyyəti məlumatlandırmada bir qədər "xəsislik" edilir. Daxili Qoşunların məlumatlandırma siyasətində üstünlük təşkil edən əsas məsələ məlumatların mötəbərliliyidir. Əgər biz bir sıra güc strukturlarında son vaxtlar tez-tez rast gəlinən, rəsmən bəyan edilmiş mövqenin bir qədər sonra təkzib edilməsi və ya düzəliş edilməsi faktını görürüksə, Daxili Qoşunlarda bu hala rast gəlinmir. Hesab edirik ki, DQ-nin rəsmi veb səhifəsinin yoxluğu qurumun ictimai şəffaflığına mənfi təsir göstərir.
Azərbaycanın güc strukturları içində məlumatlandırma səviyyəsinə görə son vaxtlar geridə qalan təşkilatlardan biri də Dövlət Sərhəd Xidmətidir. Bu qurumun konkret ictimai məlumatlandırma strategiyası yoxdur. DSX-dan yalnız iki halda məlumat əldə etmək mümkündür: beynəlxalq səciyyəli toplantılar və ya hansısa xarici qonağın səfəri, ya da hansısa DSX obyektinin açılışı zamanı. İctimaiyyətə, xüsusilə də KİV-ə hər hansı məlumat lazım olan anda onu DSX ilə operativ dəqiqləşdirmə imkanları məhduddur. Qurumdan hər hansı suallara cavab üçün yazılı müraciət istəyirlər.
"Doktrina" mərkəzinin fikrincə, Azərbaycanda bir sıra güc strukturları - MTN, FHN və MSN özləri ilə bağlı müəyyən mühüm məlumatların əlaqədə olduqları KİV və QHT-lər vasitəsilə cəmiyyətə yayımlanmasına, müzakirə edilməsinə çalışırlar ki, bu da sivil praktika baxımından normal qarşılanmalıdır.
Fərqli mövqelər, təkliflər
MN mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə təmsil etdiyi qurumun cəmiyyətin məlumatlandırılması istiqamətində gördüyü tədbirlərdən söz açdı. Dedi ki, Müdafiə Nazirliyi rüb ərzində mətbuat konfransları keçirir, jurnalistlərin suallarına cavab verilir. T.Abdullayev bir sıra suallara gec cavab verilməsinin təbii olduğunu qeyd etdi.
Onun sözlərinə görə, mətbuat xidməti hər bir hadisəni diqqətlə öyrənir və bu, müəyyən vaxt apara bilər.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov MN-dən məlumat əldə etməyin çətin olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu səbəbdən artıq 4-5 ildir ki, nazirliyə məktub yazmır. O deyir: "Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb onlardan məşğul olduğum sahə üzrə məlumat əldə etmək istəsəm, bu mümkün olmur. Bu isə bizi beynəlxalq tədbirlərdə faktla çıxış etmək imkanından məhrum edir. Ziyan bütünlükdə dövlətimizə dəyir".
Vaxtilə MN mətbuat mərkəzinə rəhbərlik etmiş, hazırda müstəqil hərbi ekspert Azad İsazadənin fikrincə, bu gün Azərbaycanın güc strukturları ictimaiyyətlə münasibətlərdə fəallıq göstərməlidir: "Çoxları deyir ki, Azərbaycan jurnalistlərinin səviyyəsi beynəlxalq standartlara uyğun deyil, gəlin etiraf edək ki, bizim ordumuz da dünya standartlarına uyğun deyil". A.İsazadə hesab edir ki, güc strukturları, xüsusilə Müdafiə Nazirliyi ordudan yazan jurnalistlərin peşəkarlığının artırılması istiqamətində tədbirlər, seminarlar keçirməlidir.
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyevin fikrincə, Azərbaycanda ictimai məlumatlandırmanın səviyyəsi artırılmalıdır. O deyir: "Mən uzun müddət ABŞ-da yaşamış, tədqiqatlar aparmışam. Orada Pentaqonla əlaqə saxlayıb hansısa şöbənin nümayəndəsi ilə görüşmək çox asan işdir. Azərbaycanda isə bu məsələ çox problematikdir. Müdafiə və təhlükəsizlik sahəsində informasiyaların verilmədiyi nəinki jurnalistləri, təhlükəsizlik sahəsində araşdırma aparan tədqiqatçıları da pis vəziyyətdə qoyur". E.Mehdiyev qeyd etdi ki, Müdafiə Nazirliyi mətbuat xidmətinin fəaliyyətini təkmilləşdirməyə ehtiyac var.
Sosial Maraqların Araşdırılması Mərkəzinin rəhbəri Pərviz Hacıyevin mülahizəsi: bu gün Azərbaycan müharibə şəraitində olduğundan bir sıra məlumatların yayılmasına məhdudiyyət qoyulması təbiidir. Hazırda hər iki tərəfin - istər məlumat verən güc strukturlarının, istərsə də məlumat qəbul edən və onu hazırlayan KİV işçilərinin, tədqiqatçıların hərbi informasiyalarla işləmək üzrə hazırlıq səviyyəsini artırmaq zəruridir.
"Yeni Müsavat" qəzetinin köşə yazarı Zamin Hacının fikrincə, nəyə görə az informasiya verdiyini əsas gətirib Müdafiə Nazirliyinin üzərinə getmək düzgün deyil. O, sual edir: "Mülki strukturlardan məlumatın əldə edilməsi çətin olduğu bir vaxtda tikanlı məftillərlə əhatə olunmuş Müdafiə Nazirliyindən necə asan məlumat almaq olar?". Zamin Hacı eyni zamanda bildirdi ki, reallıqda güc strukturlarının məlumatlandırma səviyyəsinin artırılması vacibdir: "Amma gəlin görək Azərbaycan kimi ölkədə bunu necə edə bilərik?" Z.Hacının fikrincə, bu gün güc strukturları rəhbər vəzifəlilər səviyyəsində mətbuat konfransları keçirməlidir.
Yaxın vaxtlarda ordudan tərxis olunmuş jurnalist Elçin Eldəniz isə bildirdi ki, bu gün Azərbaycan KİV-də ordu barədə çox bəsit təsəvvür var: "Çünki Müdafiə Nazirliyi ətraflı məlumat vermir. Misal üçün, bir jurnalist kimi məni NATO standartlarına uyğun həyata keçirilən islahatların detalları maraqlandırır. Amma mən bunu əldə edə bilmirəm".
Gürcüstan təcrübəsi
Layihənin assistenti, "Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri Üzeyir Cəfərov dünya təcrübəsindən danışdı və diqqəti xüsusilə qonşu Gürcüstana yönəltdi. Onun sözlərinə görə, Gürcüstan Müdafiə Nazirliyində 2007-ci ildə yaradılmış İctimai Əlaqələr Departamenti ictimai məlumatlandırmada xüsusi rol oynayır. Departament dövlət və qeyri-dövlət təşkilatları üçün seminarlar keçirir və onları Müdafiə Nazirliyinin fəaliyyəti ilə maraqlandırır. Gürcüstan Müdafiə Nazirliyi həm müxalifətdə olan, həm də hakimiyyətə loyal münasibət göstərən QHT-lərlə işləyir, onlar arasında heç bir fərq qoymur. İki həftədən bir nazir və onun müavinləri səviyyəsində media üçün mətbuat konfransları keçirilir. Jurnalistlərin hərbi hissələrə səfərlərinə məhdudiyyət yoxdur. Jurnalist departament rəhbərinə müraciət edir, o da qərar qəbul edir.
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Orduda rotasiya problemi
Ermənistan ordusunun çağırışçı problemi
Mediaya "farağat" komandası?
|
|
|