![]() |
çap et |
|
|||
Bu gün dünya təcrübəsində güc strukturlarının məlumatlandırma siyasəti bir neçə yolla həyata keçirilir və praktika göstərir ki, onların heç də hamısı səmərəli deyil.
- birincisi, qurumların mətbuat xidmətləri və ictimaiyyətlə əlaqə mərkəzləri tərəfindən tez-tez operativ və dolğun məlumatlar təqdim olunur. Təcrübə göstərir ki, ictimai məlumatlandırmada ən səmərəli üsullardan biri də məhz budur. Bu, həm mətbuat konfransları, həm müsahibələr, həm də digər vasitələrlə həyata keçirilə bilər; - ikincisi, qurumlar tərəfindən ayrılmış rəsmi sözçülər tərəfindən xüsusi mövzular üzrə informasiyalar təqdim olunur. NATO təcrübəsində buna tez-tez rast gəlinir. Praktika göstərir ki, bir sıra mühüm məlumatların xüsusi ayrılmış şəxslər tərəfindən cəmiyyətə çatdırılması ictimai məlumatlandırmada ən vacib üsullardan biri sayılır. Bu gün Birləşmiş Ştatlar, o cümlədən NATO rəhbərliyi xüsusi missiyalar - Əfqanıstan və İraq əməliyyatları ilə bağlı ictimai məlumatlandırmanı xüsusi ayrılmış şəxslərə həvalə edirlər. Rusiya təcrübəsində də son vaxtlar bu üsula isnad edilir: Çeçen kampaniyası zamanı verilən açıqlamaların müəlliflərini yada salmaq kifayətdir; - üçüncüsü, cəmiyyət rəhbər vəzifəlilər tərəfindən tez-tez keçirilən mətbuat konfransları ilə məlumatlandırılır. Güc strukturlarının parlament və ümumilikdə cəmiyyət qarşısında hesabatlı olduğu hökumətlərdə yüksək vəzifə tutan hərbi məmurların tez-tez ictimaiyyətlə təmasa çıxması ordu quruculuğu strategiyasının uğurla yerinə yetirilməsi, islahatlar prosesinə cəmiyyətdən (vergi ödəyicilərindən) dəstək alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, NATO-nun bir sıra ölkələrində - ABŞ, Böyük Britaniya, Baltikyanı ölkələr, Türkiyə, Almaniya, Fransada xüsusilə qabarıqdır. Son vaxtlar Rusiya da bu taktikadan istifadə etməyə başlayıb. Amma müşahidələr göstərir ki, bu heç də ictimai dəstək almaq məqsədi güdmür, daha çox müəyyən hərbi-siyasi məsələlərdə Qərbə mesaj göndərmə zərurəti daşıyır; - dördüncüsü, güc strukturlarının rəsmi orqanları olan KİV və agentliklər vasitəsilə ictimai məlumatlandırma siyasətini həyata keçirməsi. Dünya təcrübəsi göstərir ki, rəsmi orqanlarda dərc edilmiş məlumatlar əksər hallarda ictimai marağa səbəb olmur, bu səbəbdən bir çox NATO ölkələrində güc strukturlarının nəzarətində olan KİV və informasiya agentliklərinin "tabeçilikdən çıxarılma", müstəqilləşmə siyasəti həyata keçirilir; - beşincisi, birgə əməkdaşlığın qurulduğu qeyri-hökumət təşkilatları və KİV orqanları vasitəsilə ictimai məlumatlandırma. Bu taktika müasir dünyanın güc maşınlarının əsas təbliğat mexanizmlərindən sayılır. NATO ölkələri güc strukturları, ölkənin xarici hərbi strategiyası ilə bağlı mühüm məlumatların məhz müstəqil KİV orqanlarında işıqlandırılmasına, zəruri mövzuların QHT-lər tərəfindən müzakirə olunaraq ortaya real nəticələr çıxmasının tərəfdarıdırlar. Son illərdə Rusiyanın hərbi-siyasi elitası da məhz bu yolu seçib. Təsadüfi deyil ki, son zamanlar ölkə üçün mühüm əhəmiyyət kəsb edən yazılar Müdafiə Nazirliyinin rəsmi orqanı olan "Krasnaya zvezda" qəzetindən daha çox müstəqil hərbi nəşrlər - "Voyenno-promışlennıy kuryer", "Nezavisimoye voyennoye obozreniye"də dərc olunur; - altıncısı, əlaqədar qurumlar vasitəsilə ictimai məlumatlandırma. Burada söhbət müdafiə və təhlükəsizlik sektoru ilə bağlı prosesləri tənzimləyən mülki rəsmi strukturlar - Nazirlər Kabineti və parlamentdən (xüsusilə müdafiə və təhlükəsizlik komitəsi) gedir. NATO ölkələrində güc strukturlarının qanunverici hakimiyyət qarşısında maksimum hesabatlılığı mövcuddur və bu səbəbdən parlamentin müvafiq komitəsi Silahlı Qüvvələr barədə əksər məlumatlara malik olur və onlar birbaşa olaraq ictimai məlumatlandırma prosesinin tərkib hissəsinə çevrilirlər. |