Dəhşətli cinayətin şok detalları
 |
Taksi sürücüsünü xüsusi amansızlıqla qətlə yetirən bacı və qardaş?..
Cümə, 27.11.2009
|
|
Bakıda taksi sürücüsünü xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən bacı və qardaşın məhkəməsi başa çatdı. Səbuhi Rəhimov və onun bacısı Solmaz Rəhimova Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim qarşısında dayanmışdılar. Onlar CM-nin bir neçə ağır maddəsi ilə ittiham olunurdular.
...Ötən il dekabrın 17-də saat 16:30 radələrində Fatmai bağlar massivində yerləşən "Muğan" pansionatının yaxınlığında 50 yaşlı Aşur Nəsirovun bıçaqla qətlə yetirilmiş meyiti aşkar olunub. Onun idarə etdiyi "A-Lizinq" ASCyə məxsus "Azsamand" markalı 90-AJ-578 dövlət nömrə nişanlı maşın həmin gün saat 21:30 radələrində Biləcəri şosesində yolun kənarında saz vəziyyətdə tapılıb. Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən 30 yaşlı Solmaz Rəhimova tutulub. Solmaz Rəhimovanın ifadəsi əsasında cinayətdə iştirak edən qardaşı Səbuhi Rəhimov da məsuliyyətə cəlb edilib.
"Bizə şər atıblar"
Məhkəmədə Səbuhi Rəhimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, iddia edirdi ki, ibtidai istintaq zamanı Binəqədi Prokurorluğunun müstəntiqi Elşən Məmmədov və rayon prokuroru Mirələkbər Seyidov tərəfindən həyat yoldaşına qarşı nalayiq hərəkətlər ediləcəyi hədə-qorxusu ilə təzyiqə məruz qaldığından ittiham aktına imza atıb. O, prokurorluqda 14 gün işgəncələrə məruz qaldığını iddia edib.
Məhkəmədə ifadə verən digər təqsirləndirilən Solmaz Rəhimova bildirib ki, baş vermiş cinayət hadisəsindən xəbəri yoxdur və müstəntiq tərəfindən şərlənərək həbs edilib. Solmaz Rəhimovanın sözlərinə görə, qətl törədilən gün azyaşlı övladı ilə birgə evdə olub: "Azyaşlı uşağımı evdə tək qoyub, harasa getmək imkanım olmayıb. Bunu təsdiq edən şahidlər də var".
Əsl qatil azadlıqda?..
Təqsirləndirilən şəxs ona prokurorluqda ittihama məcburi qaydada imza atdırıldığını deyib. Prosesdə zərərçəkmiş qismində qətlə yetirilənin həyat yoldaşı Tahirə Nəsirova ifadə verib. O, təqsirləndirilən şəxslərin cinayət törətdiyinə inanmadığını söylədi. Zərərçəkənin sözlərinə görə, həyat yoldaşının əsl qatilləri hələ də tapılmayıb.
Məhkəmə təqsirləndirilən şəxslərin işgəncələrə məruz qalmaları barədə iddialarını əsas gətirərək, Binəqədi rayon Prokurorluğunun müstəntiqi Elşən Məmmədovu əlavə şahid qismində məhkəməyə dəvət edib. Hakim şahidin diqqətinə çatdırıb ki, o, məhkəməyə əlavə şahid qismində dəvət edilib. Hakim işgəncə və təzyiqlər altında ifadə alınması barədə müstəntiqdən arayış tələb edib.
Elşən Məmmədov bildirib ki, prokurorluqda təqsirləndirilən şəxslərə işgəncə verilməyib. Bu barədə səslənən ittihamlar əsassızdır.
Mərhum Aşur Nəsirovun həyat yoldaşı müstəntiqin diqqətinə çatdırdı ki, təqsirləndirilən şəxslər məhkəmə ifadələrində qətl hadisəsini törətmədiklərini etiraf edirlər: "Mən də müstəntiqdən öyrənmək istəyirəm ki, bəs bu cinayət hadisəsini kim törədib? Səbuhi Rəhimov deyir ki, müstəntiq Elşən Məmmədov Aşurun atasının göruna söyüb və bu cinayəti onların boynuna qoyacağını bildirib".
Müstəntiq təqsirləndirilənlərin yalan danışdığını dedi
Elşən Məmmədov qeyd edib ki, Səbuhi Rəhimov məhkəmədə yalan ifadə verir və belə fikirlər səsləndirməklə özünü müdafiə etməyə çalışır. Səbuhi Rəhimov söylədi ki, Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun xidməti otağında dəhşətli işgəncələrə məruz qalıb: "Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin 5 əməkdaşı, rəisi və müstəntiq Elşən Məmmədov prokurorluqda mənə dəhşətli işgəncələr veriblər. Mirələkbər Seyidovun xidməti otağında polislər ayağımın altına döyə-döyə mənə işgəncə veriblər. Elşən Məmmədov da mənə baxırdı. Polislər amansızcasına məni döyürdülər. Məni polislər elə hala saldı ki, Elşən Məmmədov "bu öldü" deyə bildirdi".
Elşən Məmmədov isə təqsirləndirilən şəxsin yalan danışdığını bildirib. Müstəntiqin ifadəsinə etiraz edən Səbuhi Rəhimov onu təhqir edib: "Sən məni ailəmlə hədələmədin? Sən demədin ki, ittiham aktına imza atmasan həyat yoldaşını prokurorluğa gətirəcəm ... edəcəm?. Siz əclafsız". Münaqişənin qarşısını almaq məqsədilə hakim Səbuhi Rəhimovun zaldan çıxarılmasına göstəriş verib. Hakimin göstərişi yerinə yetiriləndən sonra proses Səbuhi Rəhimovun iştirakı olmadan keçirilib.
"İşgəncə verilən izlər sağalana kimi polis idarəsində saxlanmışam"
Digər təqsirləndirilən Solmaz Rəhimova da Binəqədi rayon Prokurorluğunda işgəncələrə məruz qaldığını qeyd etdi: "Etmədiyim cinayəti boynuma qoyublar. Bu cinayəti törətmədiyimi bildirsəm də, əhəmiyyət verən olmayıb. Elşən Məmmədov dedi ki, bu cinayəti sən törətmisən, vəssalam. Məni öz yazdıqları izahat və ifadələrə məcbur imza etdiriblər. Məni elə döymüşdülər ki, dedilər bunu bu vəziyyətdə Şüvəlan istintaq təcridxanası qəbul etməyəcək. Buna görə də işgəncə ilə bağlı bədənimdə olan yaralar sağalana kimi məni Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxladılar".
Elşən Məmmədov bildirib ki, prokurorluqda təqsirləndirilən şəxslərlə üzləşdirmə həyata keçirilib, onlara heç bir işgəncə, psixoloji təsir olmayıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər cinayəti törətdiklərini etiraf ediblər.
Məhkəmə bütün tərəfləri dinləyəndən sonra hökm elan etdi. Məhkəmənin hökmü ilə Səbuhi Rəhimov 15 il, Solmaz Rəhimova isə 13 il müddətinə azadlıqdan məhrum edildi...
|
|
|
Oxşar xəbərlər:
İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş
"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir
"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı
Ərini qətlə yetirən qadın məhkum edildi
"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
|
|
|