On bir ay öncə İran prezidenti Mahmud Əhmədinejad ölkənin Qum şəhərində ruhanilər qarşısında çıxış edərkən demişdi ki, son üç ildə ona və başçılıq etdiyi hökumətə qarşı hakimiyyətiçi müxalifət 40 min yalan danışıb.
Bir türk məsəlində "Yalançı yaddaşsız olar" deyilir. Ötən ilin dekabrında, Azərbaycan Milli Hökumətinin yaranmasının 63-cü ildönümündə Mahmud Əhmədinejad Təbrizə səfər etmişdi. O, türkcə danışaraq, təbrizlilərə Azərbaycanı vəsf edən şeiri əzbər deyərək, bildirib ki, İslam Respublikasının əsas siyasətini milli (İran milləti nəzərdə tutulur - S.S.) və islami birliyi qorumaq, xalq arasında qardaşlığı, vəhdəti, sevgini möhkəmləndirməkdir.
İranın hökumət başçısı "Azərbaycanlılar və türklər bizim qardaşlarımız, dindaşlarımızdır. Bizim aramızı heç bir qüvvə vura bilməz" demişdi. Azərbaycan türklərinin İran tarixindəki rolundan danışan Əhmədinejad bunları söyləmişdi: "Bu yurdun qeyrətli və hər sahədə qabaqcıl insanları ölkəmizin baş ucalığı uğrunda çox dəyərli xidmətlər göstərib. Qəhrəmanlıq dolu bu xidmət, xatirələr heç vaxt unudulmayacaq. İran Azərbaycan xalqı ilə fəxr edir".
Hökumət başçısı azərbaycanlıların İran-İraq savaşında qəhrəmanlığını, ölkə həyatının çeşidli sahələrində, eləcə də elm, mədəniyyət, sənaye və başqa sahələrdəki öncüllüyünü alqışlamışdı.
İran prezidenti Mahmud Əhmədinejad prezident seçkisindən sonra ötən həftə yenə də Təbrizə gəlmişdi. Əvvəlki kimi yenə də Azərbaycan türklərini "bəy tərifi" yağışına tutmuşdu: "İran öz müstəqilliyinə, birliyinə, izzət və böyüklüyünə görə Azərbaycan xalqına, o cümlədən Təbriz əhalisinə borcludur... Azərbaycan fədarkarlıq, qeyrət və vətənpərvərlik (irançılığı nəzərdə tutur - S.S.) yurdudur...".
Tehran rəsmiləri tərəfindən bu sayaq fikirlər o dərəcədə bayağı deyilir ki, istər-istəməz belə bir sual doğur: "İslam Respublikası rəhbərliyinin Azərbaycana yenə nə işi düşüb?"
Tehran hakimiyyətinin təmisilçiləri zora düşdükdə Güney Azərbaycan şəhərlərinə səfər edir, yerli əhaliyə çeşidli vədlər verərək, özlərini Azərbaycan türklərinə doğma göstərməyə çalışırlar.
İş o yerə çatıb ki, hakimiyyət təmsilçiləri imazalanmış müqavilələrin yerinə yetirilmədiyinin səbəblərini aradan qaldırmaqdansa, yenə boş vədlər verib. İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi Təbrizdə minik avtomobilləri istehsalına başlanacağını deyib. İran İslam Respublikasına bağlı bir sıra informasiya agentlikləri isə bu xəbəri "İranda "Azərbaycan" adlı avtomobil buraxılacaq" kimi yaymaqla, Əhmədinejad kimi Tehran rəsmilərinin yalanlarının ayaq tutmasına yardım etdi.
Şərqi Azərbaycan əyaləti turizm, tarixi abidələr və mədəni irsin qorunması idarəsinin rəisi Turab Məhəmmədi Əhmədinejadın bu səfəri öncəsi isə bildirmişdi ki, Təbriz "müsəlman şiələrin mənəvi paytaxtı elan edilib". Onun sözlərinə görə, Şərqi Azərbaycan əyalətinin sakinləri və Təbriz şəhəri Əhli-beytə (Məhəmməd peyğəmbərin ailəsinə) sevgi bəslədiyinə və bu kimi səbəblərə görə şəhər bu ada layiq görülüb.
Düzdür, Təbriz bu ölkənin tarixində oynadığı önəmli rola görə bundan da artığına layiqdir. Ancaq yazının əvvəlindəki fikrə qayıtmaq istərdik. Əhmədinejad 11 aydan sonra Təbrizə səfər etdi və yenə özü-özünü Azərbaycana münasibətdə təkrarladı. Odur ki, Təbrizin "müsəlman şiələrin mənəvi paytaxtı elan edilməsi", "Təbrizdə "Azərbaycan" adına minik avtomobilinin buraxılacağı" kimi vədlər, bəyanatlar Əhmədinejadın və təmsil etdiyi hakimiyyətin Azərbaycan türklərinə söylədiyi şirnikləndirici sözlərdəndir. Əhmədinejad ildə ilk dəfə prezident kimi Təbrizə səfər edərkən, 4 il ərzində 169 layihənin və 32 müqavilənin gerçəkləşəcəyinə söz vermişdi. Ötən bu müddətdə isə ikisi bir yerdə (201) imzalanan müqavilə və layihələrin 96-sı alayarımçıq həyata keçirilib.
Təbriz əhalisinə təriflər yağdırıb, vədlər verən Əhmədinejad bu ilin iyununda seçkiöncəsi kampaniya zamanı Azərbaycan türklərinə milli-mədəni haqlarla bağlı verdiyi vədləri xatırlamağı belə lazım bilmədi. Odur ki, öz müxaliflərinin yalanlarını sayıb-hesablayan Əhmədinejadın görəsən Güney Azərbaycan türklərinə söylədiyi yalanların sayından xəbəri varmı? Bir yazıda 201 rəsmi yalanı biz aşkarlaşmışıq. Hələ nələr var...
|