İran - jurnalistlər həbsxanası
 |
Şirin xanımın Nobel laureatı medalı müsadirə edilib
Cümə, 27.11.2009
|
|
Tehran hakimiyyəti beynəlxalq ictimaiyyətə sayğısızlıq nümayiş etdirməkdədir. Beynəlxalq Əfv Təşkilatı tərəfindən "vicdan məhbusu" elan edilən, məhbus jurnalist, hüquq müdafiəçisi Səid Mətinpura qarşı təzyiqlər davam etməkdədir.
Yayılan xəbərlərə görə, hazırda onu Tehranın bədnam "Evin" zindanında yeni bir bölməyə köçürüblər. 8 il azadlıqdan məhrum edilən Səid Mətinpur indiyədək maliyyə məsələlərində ittiham olunanlarla bir bölmədə saxlanırdı. Hazırda isə 350-ci bölməyə, siyasilər saxlanan yerə köçürülüb.
Təbii ki, təzyiqlər onun yerinin dəyişdirilməsi ilə yekunlaşmır. Ailə üzvləri məhkəmənin qərarı ilə məhbus hüquq müdafiəçisi ilə görüşmək istəsə də, zindan məsulları icazə verməyib. Yeni bölməyə köçürüldükdən sonra Səid Mətinpurun ailəsi ilə telefon bağlantıları məhdudlaşdırılıb.
"Ayna"nın ötən saylarından birində onun sağlamlığı ilə bağlı bir sıra problemlər haqda məlumat vermişdik. Səid Mətinpurun bu halı ailə üzvlərində təbii narahatlığa səbəb olub. Əziyyət çəkdiyi bir neçə xəstəlikdən indiyədək ancaq zindandakı tibb məntəqəsində ötəri müalicə alıb. Yaxınları isə onun ciddi müalicəyə ehtiyacı olduğunu dəfələrlə hakimiyyət orqanlarına bildiriblər.
Güney Azərbaycanda milli-mədəni haqlarla bağlı mübarizə aparanlardan sayılan Əlirza Fərşinin xanımı, "Yaşmaq" jurnalının redaktoru Sima Didar "Amerikanın səsi" radiosuna həyat yoldaşına qarşı irəli sürülən ittihamlardan danışıb. O, əri ilə birlikdə "İslam inqilabına qarşı fəaliyyət"də ittiham edilərək, azadlıqdan məhrum olunmuşdu.
Müxbirin "Sizə və həyat yoldaşınız Əlirza Fərşiyə qarşı irəli sürülən ittihamlar eynidir. Ancaq siz bununla bağlı məhkəməyə nədən etiraz etmirsiniz" - sualını cavablandıran Sima Didar deyib: "Məni də yoldaşıma qarşı irəli sürülən ittihamlarla suçlayırlar. Çıxarılan hökm də eynidir. Bizi iki deyil, bir nəfər nəzərdə tuturlar. Mənə dair hökmdə yazılıb ki, guya mən plakat tutmuşam. Ancaq bunu etməmişəm.
Sadəcə, mən "Türk dilində mədrəsə!" şüarını demişəm".
Sima Didara mövcud rejimə müxalif Xalq Mücahidləri Təşkilatı ilə işbirliyində olmaq ittihamı da irəli sürülüb. Məsələyə dair açıqlama verən Sima Didar bunları deyib: "Bununla bağlı məktubda da yazmışam. Bir xanımla tanışlığıma görə mənə qarşı bu ittiham irəli sürülmüşdü. Çünki o xanım özü mücahid olsa idi, o halda 20 milyon tümən (min tümən bir dollardır - S.S.) vəsiqə qarşılığında zaminə buraxılmazdı. Məni isə 50 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxıblar. Onda başqa bir məntiqsizlik ortaya çıxır - necə olur Xalq Mücahidləri Təşkilatının bir qadın üzvünü onunla tanış olan və tanışlıqda ittiham edilən bir qadından daha az pula zaminə buraxırlar? Onu 6 ay müddətinə azadlıqdan məhrum etmişdilər. Onunla tanış olduğuma görə barəmdə bir il azadlıqdan məhrumetmə qərarı çıxarılıb.
Bu səbəbdən də hesab edirəm ki, həbsimin əsas nədəni həyat yoldaşım Əlirza Fərşiyə təzyiq etməkdir. Onlar bu yolla Əlirza bəyə ona qarşı irəli sürülən ittihamları qəbul etdirmək, bununla da onun fəaliyyətini məhdudulaşdırmaq istəyirlər".
O, həyat yoldaşı ilə özünün məhkəmə prosesindən də danışıb: "Məhkəməmiz qapalı keçib. Məhkəmədə ikimiz və vəkilimiz iştirak edib. Prosesi tələsik başa çatdırdılar. Vəkilimizin bizi müdafiə etməsinə, ittihamlara cavab verməyimizə fürsəti olmadı. Hakimin çıxardığı hökmdən şoka düşdük. Vəkilimiz də bu qərarı gözləmirdi. Məhkəmə prosesində iştirak etsə də, sorğu-sual zamanı ounu hüquqlarımızı müdafiə etməsinə imkan verilmədi...".
Nobel mükafatçısı Şirin İbadiyə qarşı edilən basqılar da mədəni dünyanın heyrətinə səbəb olub. Bu hal Tehran hakimiyyətinin mədəni dünyaya etinasızlığının və özündənrazılığın əlaməti kimi sayıla bilər. "Azadlıq" radiosunun farsca redaksiyasına müsahibəsində Şirin xanım deyib ki, ETTELAAT-ın kəşfiyyat işləri üzrə məmurları onu ölümlə hədələyir: "Dəfələrlə həyat yoldaşıma və ailəmin başqa üzvlərinə deyiblər ki, dünyanın harasında olsam da, təhlükəsiz deyiləm və istədikləri vaxt məni aradan götürəcəklər".
"Mediaforum"un məlumatına əsasən, Şirin İbadi Tehranda yaşayan həyat yoldaşının ciddi və ardıcıl təzyiqlərə məruz qaldığını, mənzildə tez-tez yoxlamalar aparıldığını bildirir: "Təhlükəsizlik əməkdaşları hətta həyat yoldaşımın seyfində saxlanan "Nobel" medalını, söz azadlığı üzüyünü, qazandığım başqa mükafatları da müsadirə edərək, özləri ilə aparıblar. İranda insan haqlarının acınacaqlı durumu ilə əlaqədar beynəlxalq qurumlara verdiyim hesabatlarımdan narahatdırlar. Elə buna görə də bu sayaq hərəkətlərlə mənə təzyiqlər edirlər".
Şirin İbadi bir müddət öncə Bi-Bi-Si-yə müsahibəsində bildirmişdi ki, İran Vergilər Nazirliyi Nobel mükafatına görə ondan 420 min dollar vergi ödəməsini tələb edir.
Şirin xanım BMT-nin baş katibi Pan Ge Munla görüşərək, İslam Respublikasında insan haqlarının tapdanmasına dair ona məlumat verib. Şirin İbadinin başçılıq etdiyi İnsan Haqları Dərnəyinin hüquqçuları Əbdülfəttah Sultani, Məhəmmədəli Dadxah və Əbdülrza Tacik həbs olunub. Nəsrin Studə, Nərgiz Məhəmmədi və Hadi İsmayılzadəyə isə ölkədən çıxmamaq cəzası verilib.
Şirin İbadinin sözlərinə görə, barəsində həbs və ya ölkədən çıxmamaq barədə qərarlar çıxarılmasa da, bütün bank hesabları dondurulub. Aldığı mükafatdan tutulacaq vergiyə gəldikdə, laureat deyib ki, İran qanunlarına əsasən, mükafatlar birbaşa vergidən azaddır: "Beş ildir ki, məndən kimsə vergi istəməyib. Ancaq seçkidən sonra insan haqlarının pozulmasına etiraz etdiyim üçün bu sayaq təzyiqlərlə üzləşirəm".
Beynəlxalq ictimaiyyətin rəyinə Tehran hakimiyyətinin sayğı göstərmədiyinə bariz örnəklərdən biri də 10 gündə 16 nəfər barəsində edam hökmünün çıxarılmasıdır. Edamlar Kirman, İsfahan, Həmədan, Qaimşəhr, Bucnurd, Əhvaz və Sənəndəc şəhərlərində icra olunub. Onlardan biri mövcud "hakimiyyətə müxalif siyasi təşkilatlarla əməkdaşlıq"da, 3-ü "Allaha qarşı müharibə"də (?), 4-ü zorakılıqda, qalanları isə uyuşdurucu qaçaqmalçılığında müqəssir bilinir.
"Sərhədsiz Reportyorlar" Təşkilatı cari ay yenə də İran hakimiyyətini söz və mətbuat azadlığına təzyiqdə qınayıb. Qurumun yaydığı bəyanatda deyilib ki, sonuncu prezident seçkisindən sonra baş vermiş olaylarla bağlı jurnalistlər hələ də həbsdədir: "Onlar tutulmaqla yanaşı, izlənir, lüzümsuz sorğu-suala çəkilir. Hazırda 32 jurnalist və vebloqqçu həbsxanada saxlanır. Məhbusların və insan haqları müdafiəçilərinin ailəsinə olan təzyiqləri dayandırmağı tələb edirik".
Qurum bildirib ki, hazırda ölkə KİV-in qarşısında iki seçim var - ya olanları sükutla qarşılamaq, ya da baş verənlərə münasibət bildirib, onu obyektiv işıqlandırmaq. İkincisi baş verdiyi halda, nəticə ya həbs, ya da ölkəni tərk etməkdir. "Sərhədsiz Reportyorlar" xatırladıb ki, Orta Doğuda İran "jurnalistlər həbsxanası" olaraq qalmaqdadır. Bu baxımdan ölkə mətbuat azadılığı üzrə 175 dövlət arasında 172-cidir.
İnsan haqları və vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan 109 beynəlxalq təşkilat BMT-yə üzv ölkələrin xarici işlər nazirləri və bu qurumdakı nümayəndə heyətlərinə məktub yazaraq, İranda insan hüquqlarının pozulmasını pisləməyə çağırıb: "Bu ölkədəki acınacaqlı duruma münasibət bildirmək beynəlxalq ictimaiyətin mənəvi borcudur. İran hakimiyyətindən insan haqları ilə bağlı ortaq dəyərlərə əməl olunması tələb edilməlidir".
|
|
|
Oxşar xəbərlər:
Nobellərin Bakı günləri London auditoriyasında
|
|
|