Azərbaycanlı müəllif, riyaziyyatçı alim və uşaq yazıçısı Reyhan Şıxlinskayanın uşaqlar üçün yazdığı "Yaşıl gözlü qız" povesti Ankarada ədəbi yarışmada üçüncü yerə layiq görülmüşdür. Türkiyə Mühəndis və Memar Odaları Birliyi Ankara Şöbəsi nəzdindəki Çocuq və Memarlıq Çalışmaları Mərkəzi "Kentimi Okuyorum" Uşaq kitabları yarışması bu günlərdə öz işinə yekun vurub. Yarışmada III mükafatı almış "Yaşıl gözlü qız" povesti 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Ədiblərdən təşkil olunmuş münsiflər heyəti üçün povesti azərbaycancadan türkcəyə Yasemin Bayer uyğunlaşdırmışdır. Xatırladaq ki, Yasemin xanımı Azərbaycan ədəbiyyatından dəyərli örnəklərin Türkiyə oxucu auditoriyasına təqdimatında fəal olaraq çalışan yazar kimi tanıyırıq.
Yarışmada müəlliflərin kimliyi şifrlənmiş olduğundan onların adları lap sonda açıqlanmışdır. Reyhan Şıxlinskayanın əsəri barədə münsiflər heyətinin qiyməti belə olmuşdur: "Hadisələrin sxemi olduqca güclü qurulmuşdur, elm təmayüllü povestdir, əsər boyunca həyəcan ünsürü canlı saxlanır, ətraf mühiti qoruma məsələsinə toxunulur".
Povest uşaqlara kainat haqqında bilgiverici səciyyəyə malikdir. Təsadüfi deyil ki, "Yaşıl gözlü qız" Türkiyədə uşaq ədəbiyyatı ilə bağlı qurumları maraqlandırmış və onun bu yaxınlarda orada nəşri nəzərdə tutulmuşdur.
Reyhan xanımın izah etdiyinə görə, bu əsər kosmik qəza nəticəsində Yer kürəsinə düşmüş yadplanetli qızın - Leminin Yerdə macəralarından bəhs edir. Süjet xətti boyunca Kainat, Qalaktikalar, planetlər, ulduzlar haqqında oxuculara elmi qaynaqlara əsaslanan maraqlı məlumatlar verilir. Uşaqlar bizim Günəş sisteminin planetləri haqqında: mavi Neptun, yaşılımtıl Uran, sarı zolaqlı Saturn, ağ-qırmızı nəhəng dağ planet - Yupiter, narıncı-qırmızı səhralı gözəl Venera, dəmir-oksidlə zəngin kiçik qırmızı planet - Mars və nəhayət, nəhəng qaynar planet - Günəş haqqında bilgilər alırlar.
Əsərdə planetimizin ekologiyası ilə bağlı problemlərə geniş yer verilir. Bizim təbiətə münasibətimiz, ekologiyaya vurduğumuz ziyan, su hövzələrinin, atmosferin tullantılarla çirkləndirilməsi yadplanetli qızın gözü ilə müşahidə olunur. Lemi bütün bunların nəticəsinin necə ola biləcəyi haqqında uşaqları xəbərdar edir.
Leminin dili ilə Kainatın yaranması, qurulması və qanunauyğunluqları haqqında yeniyetmə oxuculara elmi məlumatlar verilir. Başqa planetlərdə həyat və onun formaları müzakirə olunur. Məlum olur ki, Leminin yaşadığı planetdə insanlar həm şüur, həm də fiziki cəhətdən daha mükəmməldirlər. Onlar telepatiya, telekinezdən istifadə etməyi bacarırlar. Onların planetində sərhədlər yoxdur, insanlar torpaq və maddi nemətlər uğrunda müharibələr etmirlər. Orada insanlar yalan danışmır. Cəmiyyətin, ailənin quruluşu başqadır. Orada insanlar daha uzunömürlüdür, maşınlar daha sürətlə hərəkət edir. Lemi Yer planetindəki uşaqlardan xeyli fərqli olsa da, uşaqlar onu tez bir zamanda sevir, öz sıralarına qəbul edir, ona kömək edirlər. Onu istəməyənlər, "ekspertiza üçün laboratoriyalara vermək" istəyənlər də tapılır. Amma sonda o, dostlarının köməyilə öz planetinə qayıdır.
Təbii ki, bu və digər çoxlu maraqlı təfsilatlar məktəbyaşlı uşaqlar üçün cazibəlidir. Müəllif burada elmə məlum olan faktları bədii bir əsərin materialına çevirməyi bacarmışdır.
|