Milli Məclisinn payız sessiyasında mədəniyyət məsələləri üzrə komitədə "Mədəniyyət haqqında" qanun üzərində iş aparılacaq və qanun müasir tələblərə uyğunlaşdırılacaq. Parlamentin mədəniyyət məsələləri üzrə komitəsinin sədri Nizami Cəfərov görüləcək digər işlər barədə də danışıb. Millət vəkili 2010-cu ilin Dövlət Büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitə də toxunub və bu vəsaitin qaneedici olduğunu vurğulayıb:
"Dövlət Büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsait bizi qane edir. Ona görə ki, bu vəsait əsasən müəyyən layihələr üçün xərclənir. Bu layihələr də müəyyən mərhələlərdən keçib. Deyək ki, kino sənəti, teatrların inkişafı, kitabxanalar, kəndlərdəki muzeylərin işi ilə bağlı proseslər çoxdan başlamış layihələrdir və bu gün də davam edir. Həmişə o fikir səslənir ki, nə qədər vəsait xərclənə bilər və ya xərclənib. Müəyyən sayda həm gənc, həm də yaşlı nəsildən olan sənətkarlarımız, yazıçılar, bəstəkar və rəssamlar var ki, onlara dövlət təqaüd verir. Eləcə də bəzi layihələr var ki, onların həyata keçirilməsi vacibdir. Yəni bu mənada onlar tam ödənilir. Dünyada maliyyə böhranının olmasına baxmayaraq, bu böhran Azərbaycanda mədəniyyət sahəsinə təsir göstərmir. Ancaq digər ölkələrdə böhran ilk olaraq məhz mədəniyyət sahəsinə təsir edir. Çox cüzi, kiçik kəsirlər baş versə də, maliyyə vəsaiti lazımı qədərdir. Bəlkə də əsas məsələ odur ki, həmin vəsait normal, təyinatı üzrə xərclənsin. Biz teatrlarla bağlı xeyli işlər görürük. Bura teatrların təmiri, onların texnika ilə təmin olunması və s. aiddir. Ancaq həmin teatrda istedadlı rejissorların, aktyorların hazırlanması işi bir qədər ləng gedir. Təbii, ilk növbədə teatrın özü, binası, lazımi imkanları olmalıdır ki, kadr yetişsin. Hesab edirəm ki, müəyyən qədər vəsaitin o sahəyə sərf olunması da qaçılmazdır".