çap et  
Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı
Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı
Bakının bu sənədə nə cavab verdiyi də bəlli oldu
Cümə, 27.11.2009

C.Məzahiroğlu

Avropa Şurasının İşgəncələrin və Qeyri-İnsani və ya Ləyaqəti Alçaldan Rəftarın və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsi (İQK) 2008-ci ilin dekabr ayında Azərbaycana etdiyi xüsusi səfərin nəticələrinə dair hesabatını Azərbaycan hökumətinin cavabı ilə birlikdə dərc edib. Bu barədə APA-ya AŞ Bakı ofisindən məlumat verilib. Bildirilir ki, bu sənədlər Azərbaycan hökumətinin xahişi əsasında dərc edilib.

Onların gördükləri və eşitdikləri

Səfər zamanı İQK heyəti Qobustan həbsxanasındakı vəziyyəti (komitə həbsxanaya 2005 və 2006-cı illərdəki səfərləri zamanı baş çəkib) təhlil edib. Ömürlük həbs cəzasına məhkum edilmiş məhkumlardan bir neçəsi bu heyətə həbsxana əməkdaşları tərəfindən məhkumlara qarşı qəsdən tətbiq edilən qeyri-insani davranış və həddən ziyadə güc haqqında əsaslı məlumat təqdim edib. Azərbaycan hakimiyyəti cavab olaraq bildirib ki, Qobustan həbsxanasının əməkdaşları fiziki güc və xüsusi vasitələrdən yalnız qanunla müəyyən edilmiş istisna hallarda istifadə etməyə dair təlimatlandırılıb.

Həbsxananın ömürlük cəza almış məhkumlar saxlanan hissəsində heyət saxlanma şəraitinin bir qədər yaxşılaşdığının şahidi olub. Lakin ömürlük cəza almış məhkum günün 23 saatını kamerada qapı bağlı vəziyyətdə saxlanır və onlar üçün hər hansı bir məşğuliyyət təşkil olunmur. Komitə Azərbaycan hakimiyyətini ömürlük cəza almış məhkumlar üçün kameradan kənarda məşğul ola biləcəkləri hərtərəfli rejim tərtib və tətbiq etməyə çağırır.

Bundan əlavə, komitə yenidən qeyd edib ki, ömürlük cəza almış məhbusların digər məhbuslardan ayrı saxlanmasına heç bir tutarlı səbəb görmür. Hökumət öz cavabında bildirib ki, Qobustan həbsxanasında məhkumların işləməsi üçün emalatxana və idmanla məşğul ola bilməsi üçün idman qurğularının yerləşdirilməsini planlayır, bundan əlavə, məhbusların təhsil alması üçün şərait yaradılacaq.

2008-ci il səfəri zamanı İQK heyəti Bakıda Mərkəzi Penitensiar Xəstəxanaya baş çəkiblər. Müəyyən edilib ki, tibb bacılarının sayı yetərincə deyil və gündüz saat 4-dən sonra palatalarda tibb işçiləri olmur. Bundan başqa, heyətdə belə təəssürat yaranıb ki, xəstəxananın daxili xəstəliklər, narkologiya və psixiatriya palatalarında aparılan müalicə arzu olunan səviyyədən çox aşağıdır.

İQK xəstəxananın tibb xidmətlərinin hərtərəfli qiymətləndirilməsini həyata keçirməyi tövsiyə edib. Hakimiyyət orqanlarının cavabında xəstəxananın tibb işçiləri üçün müxtəlif təlim kurslarının keçildiyi və məhbusların müalicəsinə Səhiyyə Nazirliyindən olan ekspertlərin cəlb olunduğu qeyd edilir.

Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında İQK heyəti pasiyentlərin bəzi hallarda onlarla qəddar rəftar edildiyi barədə məlumatlarını dinləyib. Belə rəftara burada əsasən xəstəxananın qeyri-tibb işçiləri, bəzi hallarda isə tibb bacıları yol verir. Artıq təmir olunmuş palatalarda yaşayış şəraiti məqbuldur, amma təmir olunmayan palatalarda şərait çox pisdir. Ən pis vəziyyət 12 saylı palatada müşahidə edilib, palatanın iki təcrid otağında vəziyyət xüsusilə pis olub. Hakimiyyət orqanlarının cavabına görə, 12 saylı palatanın təmirinə başlanıb və təcrid otaqları ləğv olunub.

Şəkidə yerləşən Regional Psixonevroloji Dispanserə gəldikdə (İQK 2006-cı ildə öncə buraya baş çəkmişdi), heyət bir sıra müsbət dəyişikliklər müşahidə edib.

Ümumiyyətlə, İQK tövsiyə edib ki, psixiatriya müəssisələrində məhdudlaşdırıcı vasitələrdən istifadəyə dair siyasətin qəbul edilməsi üçün addımlar atılsın və məhdudlaşdırıcı vasitələrdən istifadəyə dair məlumatların qeydiyyatı yaxşılaşdırılsın. Komitənin verdiyi digər tövsiyələr məcburi qaydada xəstəxanaya yerləşdirilmə kontekstində hüquqi təminatlarla, habelə pasiyentlərə qulluğun yoxlanılmasına görə cavabdeh olan müstəqil kənar qurumlar tərəfindən psixiatriya müəssisələrinə mütəmadi baş çəkilməsi sisteminin bərqərar edilməsi ilə əlaqədardır.

Bakının cavabı

AŞ Azərbaycan hökumətinin sorğusu əsasında bu gün rəsmi Bakının cavabını dərc edib. Bu, Azərbaycan hökumətinin AŞ İşgəncələrin və Qeyri-İnsani və ya Ləyaqəti Alçaldan Rəftarın və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQK) ölkəmizə ötən il gerçəkləşən səfəri əsasında hazırladığı hesabata cavabdır. Sənəddə komitənin tövsiyələri əsasında görülən tədbirlər öz əksini tapıb. Cavabda bildirilir ki, Azərbaycan prezidentinin 2006-cı il avqustun 17-də imzaladığı "Məhkəmə sisteminin inkişafı haqqında" sərəncama və "Azərbaycan Respublikasında insan haqlarının qorunmasına dair Milli Fəaliyyət Planı"na əsasən, penitensiar sistemin müasir infrastrukturunun yaradılması həyata keçirilir. Sənəddə bildirilir ki, komitənin bir sıra tövsiyələri, o cümlədən məhbusların şikayətləri əsasında bir sıra cəzaçəkmə müəssisələrində daxili təhqiqat aparılıb. Məhkumların saxlanma şəraitinə dair tövsiyələr həyata keçirilib, bir sıra cəzaçəkmə müəssisələrində aparılan yenidənqurma işləri nəticəsində məhkumların saxlanma şəraiti yaxşılaşdırılıb. Bundan başqa, məhkumlar üçün tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, müasir standartlara cavab verən tibbi-sanitar hissələrin yaradılması, məhbuslara tibbi xidmət göstərən həkimlərin sayının artırılması istiqamətində əməli addımlar atılıb.

Buna qədər Avropa Şurasına üzv ölkələrdən yalnız Azərbaycan və Rusiya ölkələrinə edilən səfərlərə dair hesabatların ictimaiyyətə açıqlanmasına qarşı çıxıblar. İQK nümayəndələri Azərbaycana beş dəfə səfər edib və ölkəmizlə bağlı beş hesabat hazırlayıb. Bu hesabatlardan yalnız 2002-ci ilin dekabrında edilən səfər əsasında hazırlanmış hesabat ictimaiyyətə açıqlanmışdı.