çap et  
Azərbaycan-Amerika Şurası bloggerlər barəsində hökmü pisləyir
Şənbə, 21.11.2009


İki ölkə vətəndaşlarını birləşdirən Azərbaycan - Amerika Şurası Bakı məhkəməsinin bloggerlər Adnan Hacızadə və Emin Milli barəsində hökmünü pisləyib ("Turan").

ABŞ ərazisində fəaliyyət göstərən bu təşkilatın bəyanatında deyilir ki, hər iki gənc fəal Azərbaycan hökumətini korrupsiyaya və vətəndaş hüquqlarının pozulmasına görə tənqid edirdilər.

ATƏT, Avropa Şurası, Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi və s. də daxil olmaqla, bir çox beynəlxalq təşkilatlar bloggerlər barəsində hökmü kəskin tənqid edib və pisləyib. ABŞ dövlət departamenti bu iş üzrə istintaqın şəffaf aparılmaması və uyğunsuz hökm çıxarılması ilə bağlı təəssüfünü ifadə edib.

Bu hökm demokratiya sahəsində geriyə doğru addım oldu və onsuz da söz azadlığını və vətəndaş hüquqlarını pozan bir ölkə kimi mənfi imici olan Azərbaycanın nüfuzuna daha çox xələl gətirir.

"Bununla əlaqədar olaraq, AAŞ bir daha bloggerlərin işinə təkrarən Azərbaycan Konstitusiyasına və ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq ədalətli və şəffaf şəraitdə baxmağa çağırır", - deyə bəyanatda bildirilir.