Avropa Şurası Nazirlər Komitəsinin "AQO" Monitorinq Qrupu noyabrın 23-26-da Azərbaycana səfər edəcək. Missiyasının əsas məqsədi Azərbaycanın Avropa Şurası qarşısında öz öhdəliklərini yerinə yetirməsini qiymətləndirməkdir.
AŞ-nin Bakı informasiya ofisindən "Turan"a verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Azərbaycan prezidenti, parlamentin spikeri, ədliyyə, xarici işlər və daxili işlər nazirləri, Ali Məhkəmənin və Mərkəzi Seçki Komissiyasının sədrləri, əsas müxalifət partiyalarının, aparıcı KİV və QHT-lərin nümayəndələri ilə görüşlər keçirəcək.
Bundan başqa, qrup üzvləri AŞ ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşlər keçirəcəklər.
"AQO" qrupu Cənubi Qafqaz ölkələrinin Avropa Şurasına qəbulundan sonra onların təşkilat qarşısında öhdəliklərini yerinə yetirməsinin monitorinqi məqsədilə yaradılıb. Qrupa onun ilk rəhbəri - İtaliyanın AŞ səfiri Pyetro Erkole Aqonun adı verilib.
Hökumət Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirildiyini qeyd etsə də, müxalifət partiyalaprı və QHT təmsilçiləri hələ də bir sıra çox vacib öhdəliklərin icra edilmədiyini vurğulayırlar. Tənqidçilərin fikrincə, hələ də Azərbaycanda siyasi motivlərlə həbs edilən məhbuslar var, Azərbaycanda kütləvi informasiya vasitələrinin azadlığı, sərbəst toplaşmaq, siyasi fəaliyyət və sairə azadlıqlarla bağlı problemlər qalmaqdadır.
|