İran bankları sanksiyaların hədəfində
 |
Maliyyə cəbhəsində hücumlar güclənir
Şənbə, 21.11.2009
|
|
Bu günlərdə prezident Barak Obama bəyan etdi ki, üçüncü dövlətin ərazisində uranın zənginləşdirilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin tələbini İran yerinə yetirməlidir. ABŞ prezidenti İranda siyasi vəziyyətin sabit olmamasına işarə edərək, ölkə rəhbərliyi ilə danışıqlar aparılmasında çətinlik olduğunu da bildirib.
Vaşinqtondan giley
Mahmud Əhmədinejad isə Türkiyədə səfərdə olarkən məsuliyyətdən qaçmaq üçün belə bir söz işlətdi ki, ABŞ İran ilə İsrail arasında seçim etməlidir. Onun sözlərinə görə, rəsmi Vaşinqton eyni zamanda həm İsraili, həm də İranı dəstəkləyə bilməz, bu səbəbdən də Barak Obama bu istiqamətdə ciddi addımlar atmalı, seçim etməlidir, əks halda dəyişiklik gözləmək əbəsdir. Bunun ardınca deyib: "ABŞ İsraili dəstəkləyənə qədər, ona dostluq əllərimizi uzatmayacağıq".
Parlamentin sədri Əli Laricani də məclisin toplantısında çıxış edərək, Ağ Evin indiki yiyəsinin xarici siyasət kursunu kəskin tənqid edir. O deyir: "İrana qarşı siyasəti baxımından Obama Buşdan heç nə ilə fərqlənmir. Onun bəyanatları xoş təəssüratlar yaratmağa hesablanıb, gerçəklikdə isə ondan dostluq üçün addımlar atılacağını gözləməyə dəyməz".
Laricani Obamanın İrana qarşı iqtisadi sanksiyanı daha bir il uzatmasını ABŞ-ın "başqa düşmən addımları" adlandıraraq, bu davranışı "iç işlərinə qarışmaq" kimi dəyərləndirir. Onun sözlərinə görə, İranda prezident seçkisindən sonra KİV-in antiiran təbliğatı aparması və dəstəklənməsi üçün Ağ Ev "milyardlarla dollar" xərcləyib. "Atom-nüvə proqramı ilə bağlı ABŞ bizə gerçəklikdən uzaq və bərbad təkliflər təqdim edib", - deyə Laricani söyləyib.
Xatırladaq ki, ötən həftə Barak Obama İrana qarşı "fövqəladə vəziyyət" adlı fəaliyyətin daha bir il uzadılmasına qərar verib. Bu "vəziyyət" 30 il öncə o vaxtkı prezident Cimmi Karter tərəfindən imzalanmışdı.
Təsdiq üçün Konqresə təqdim olunmuş bu sənəddə bildirilir: "1979-cu il noyabrın 14-də 12170 saylı fərmana əsasən İrandakı mövcud şərait ABŞ-ın xarici siyasətinə, iqtisadiyyatına, milli təhlükəsizliyinə ciddi təhdid olduğundan bu ölkəyə qarşı fövqəladə vəziyyət saxlanılsın". O, bu addımını "İranla münasibətlərimiz hələlik normallaşmayıb" deyərək əsaslandırıb.
Cimmi Karter 1980-ci il aprelin 7-də İranla diplomatik əlaqaləri kəsdi, eləcə də ABŞ-dan İrana hər növ məhsulların, o cümlədən ərzaq malları və dava-dərman ixracını yasaqladı. Ondan sonra hakimiyyətə gəlmiş prezidentlər Karterin bu qərarının müddətini uzatmışdı.
İrandan verdiyi vədlərə əməl etməsinin tələb olunduğu bir vaxtda ölkə müxalifəti də "macəraçı" siyasəti tənqid edir. Müxalifət liderlərindən Musəvi və Kərrubi də bir araya gələrək hakimiyyətin nüvə siyasətini müzakrə ediblər. Musəvinin münasibəti: "Dərdimiz böyük və müştərəkdir. Hökumətin Cenevrədə apardığı nüvə danışıqlarının nəticələri adamı heyərətləndirməyə bilmir. Bunlar nüvə fəaliyyəti ilə bağlı Cenevrədə Qərbə verdikləri vədlərə əməl etsə, bu günədək ölkəmizin minlərlə aliminin zəhməti və bu yolda sərf olunan külli miqdarda vəsait (70 milyard dollar) hədər gedəcək.
Yox, götürdükləri öhdəlikdən imtina etsələr, o zaman İrana qarşı geniş sanksiyaların tətbiqi üçün beynəlxalq birliyin formalaşmasına zəmin yaranacaq. Bütün bunlar bizim mənafeyimizə zidd olan və macəraçılığa söykənən xarici siyasətin nəticəsidir. Maraqlıdır ki, dünənə qədər bu ölkənin həqiqi övladlarını Qərbə və Şərqə meyillənməkdə, xarici ölkələrlə əlaqədə günahlandıranlar bu gün özləri açıq-aşkar ABŞ-a boyun əyir, ona yarınırlar. Xalqa bəyan olunası çox məsələ var. Qoy xalq ölkəmizdə baş verənlərdən xəbərdar olsun. Kimlərsə ya bilərəkdən, ya da bilməyərəkdən ölkəmizi məhvə doğru sürükləyir. Əks halda, xarici siyasətdə bu qədər riskə getmək heç bir məntiqə sığmır və qəbuledilməzdir".
Sanksiyalar sərtləşir
Bu günlərdə ABŞ Maliyyə Nazirliyi İran "Millət bankı"nın Malayziyadakı filialına sanksiya tətbiq edib. Nazirliyin bəyanatında bildirilib ki, bu qurum İranın atom-nüvə proqamını maliyyə vəsaiti ilə təmin etməkdə aparıcı rol oynayıb, bu istiqamətdə milyonlarla dolların köçürülməsini asanlaşdırıb. "Mediaforum"un məlumatına görə, həmin yasaq bankın bu istiqamətdə fəal rol oynamış olan direktoru Əli Divandəriyə də şamil ediləcək.
ABŞ Maliyyə Nazirliyinin terrorçuluq və maliyyə təhlükəsizliyi işləri şöbəsinin müdir müavini Stüart Levi məsələyə dair jurnalistlərə açıqlamasında deyib: "BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, "Millət bankı" İranın atom-nüvə proqramını dəstəkləyib".
Farscanı təbliğ edən "Ələvi"lər məhkəmədə
"Azadlıq" radiosunun şərhində bildirilir ki, ABŞ hökuməti İrana məxsus 500 milyon dollarlıq əmlakı və pulu müsadirə etmək istəyir. Müsadirə olunacaq əmlaka "Assa" şirkətinin və "Ələvi" Fondunun Nyu-Yorkdakı 36 mərtəbəlik göydələni, eləcə də məscidi daxildir. Fond xeyriyyə cəmiyyəti sayılsa da, amerikalı prokuror onu "İran hakimiyyətinin görüntüsü" adlandırıb. Müstəntiqlərin şübhələrinə görə, şirkətin arxasında İranın dövlət bankı "Milli bank" durur.
"Milli bank" ABŞ-ın İrana qarşı tətbiq etdiyi siyahıya düşən maliyyə qurumlarından biridir. Rəsmi Vaşinqton bankı İslam Respublikasının atom-nüvə proqramına yardım edənlərdən sayır. Ona görə ABŞ vətəndaşlarına, hakimiyyətinə bu qurumlar ilə əməkdaşlıq yasaqlanıb. Məlumata əsasən, müsadirə Nyu-Yorkla məhdudlaşmaya bilər. Çünki fondun Texas, Merilend aə Kaliforniyada da məscidləri fəaliyyət göstərir. Xeyriyyə cəmiyyəti, öz növbəsində, barəsindəki məhkəmə prosesini "anlaşılmazlıq" adlandırır, bildirir ki, onun fəaliyyəti Amerikada islam mədəniyyətini, fars dili və ədəbiyyatını yaymaq, dinlərarası harmoniyaya xidmət etməkdir. Fondun lazım olan maliyyə vəsaitini ianə və daşınmaz əmlakı icarəyə verməkdən qazandığı iddia olunur.
ABŞ hökumətinin qənaətincə, "Ələvi"lərin ölkədə milyonlarla dollarlıq əmlak alması, icarəyə verməsi də "İranla ticarəti qadağan edən federal qanunların pozulmasıdır". Prokuror bildirib ki, Nyu-Yorkdakı "göydələn"in vergi sənədlərinə görə, 2007-ci ildə bina "Assa" və "Ələvi" Fonduna 4,5 milyon dollar mənfəət gətirib. Sənədlərə əsasən, sonradan bu yolla əldə edilmiş milyonlarla dollar pul İranın "Banki-Milli"sinə ötürülür.
Nyu-Yorkun Cənub bölgəsinin prokuroru Preet Bhararanın sözlərinə görə, fondun işini İran hakimiyyətinin müxtəlif səviyyəli rəsmiləri, o cümlədən ölkənin BMT-dəki səfirləri yönəldib.
|
|
|
Oxşar xəbərlər:
Taxıl fonduna ehtiyat məhsul yığılacaq
Bazara yeni istiqrazlar buraxılacaq
KİV-ə Dəstək Fonduna müraciətlərin qəbulu bitdi
Payızda Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq
Hərbyönlü QHT Müdafiə Nazirliyindən şübhələnir
|
|
|