"Peşəkar jurnalistikanın gələcəyi varmı və o, informasiya texnologiyalarının, internetdə "sosial jurnalistika"nın inkişafı ilə bağlı yeni çağırışlara cavab verməyə hazırdırmı?" ATƏT-in təşkilatçılığı ilə Tbilisidə keçirilən 6-cı Cənubi Qafqaz KİV konfransının iştirakçıları bu suallara cavab verməyə çalışıblar ("Turan").
"Jurnalistika sahəsində təhsil - təhsilin səviyyəsinin yüksəldilməsi və yeni texnologiyalar" mövzusunda konfransda üç Cənubi Qafqaz ölkəsindən müəllim və jurnalistlər, habelə ABŞ, Rusiya və Litvadan ekspertlər iştirak edib.
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti məsələni jurnalistika sahəsindəki təhsillə əlaqələndirib: "Təhsil və söz azadlığı problemləri bir-birindən ayrı deyil, məhz təhsil cəmiyyət üçün peşəkar və məsuliyyətli jurnalist yetişdirir".
Dövlətin və azad mətbuatın qarşılıqlı münasibətləri məsələsinə toxunan Haraşti Azərbaycanda mətbuat azadlığı məsələlərini xatırladıb. "Cənubi Qafqazda Azərbaycan KİV haqqında qanunvericilikdə cinayət məsuliyyətinin qaldığı yeganə ölkədir, bu da jurnalistlər üçün hər zaman təqib olunma təhlükəsi yaradır", - deyə o bildirib.
O, parlamentin diffamasiya haqqında qanunu tezliklə qəbul edəcəyinə ümid edir. Bu, Cənubi Qafqaz bölgəsinin Avropa diffamasiya məkanına daxil olması üçün imkan yaradacaq: "Bizə Azərbaycandan diffamasiya haqqında qanunun qəbulunun mümkünlüyü barədə müəyyən müsbət xəbərlər daxil olur".
Jurnalist kimi azad bir peşədə təhsilə ehtiyac varmı? MDU-nun professoru Andrey Rixter bu suala cavab verməyə çalışıb. Onun sözlərinə görə, Rusiyada 150 min jurnalistdən yalnız 50 faizinin jurnalist təhsili var. Redaksiyaların 71 faizi peşəkar təhsil almış kadr çatışmazlığı ilə üz-üzədir.
"Məsuliyyətli, keyfiyyətli jurnalistikanın səviyyəsinin aşağı düşməsinə daha çox hakimiyyətin əyləncəvi jurnalistikanın inkişafını təşviq edən siyasəti səbəb olub". Professor bu sözlərinə onu da əlavə edib ki, "belə bir jurnalistika artıq cəmiyyəti qıcıqlandırır".
Nə qədər ki, jurnalistika təbliğatın deyil, demokratiyanın bünövrəsi kimi başa düşülməyəcək, yaxşıya doğru heç bir dəyişiklik olmayacaq.
Ohayo Universitetinin (ABŞ) media incəsənəti və araşdırmaları üzrə professoru David H.Mould isə bildirib ki, jurnalistika təhsili sistemində tədris planlarını beynəlxalq səviyyədə unifikasiya etmək üçün bir neçə dəfə cəhd olub. Məsələn, YUNESKO-nun tədris planının ayrı-ayrı hissələri 38 ölkədə 48 universiteti əhatə edib. Jurnalistika fakültəsi tələbələrinə humanitar və dəqiq elmlərin tədrisinə böyük əhəmiyyət verilir. ABŞ-da gələcək jurnalistlərin tədris planında fənlərin 75 faizi qeyri-peşə sahəsinə aiddir. O həmçinin sosial informasiya şəbəkələrinin inkişafı fonunda jurnalistika sahəsində təhsilə marağın artdığını deyir.
Litva Jurnalistlər İttifaqının rəhbəri Daynyus Radzyaviçyus bu kimi media məhsulları istehsalçılarını problemlərə və itkilərə baxmayaraq, məqsədə doğru irəliləyən, ictimai əhəmiyyətli məlumatları əldə edərək auditoriyaya çatdıran "terminator"lar adlandırıb. "Təhsilin vəzifəsi bu kimi jurnalistləri vaxtında yeni biliklərlə təmin etməkdən ibarətdir".
|