Azərbaycan rəsmiləri Qərbi kəskin tənqid etdilər
 |
Novruz Məmmədov: "Qərb uzun illər ərzində bütün səylərini Ermənistanı hərtərəfli dəstəkləməyə yönəldib"
Şənbə, 21.11.2009
Elçin Eldəniz |
mətn ölçüsü |
|
|
|
Ziyafət Əsgərov: "ABŞ-ın siyasəti erməni diasporasından asılıdırsa, bu, çox gülüncdür"
Dünən Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun birgə layihəsi çərçivəsində "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" adlı beynəlxalq konfrans keçirildi. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycanın dünyanın ən qaynar nöqtələrindən biri olan Cənubi Qafqazda yerləşdiyini xatırladaraq bildirib ki, təhlükəsizlik olmayan yerdə inkişaf və sabitlikdən söhbət gedə bilməz: "Azərbaycan regionda nadir ölkədir ki, belə bir şəraitdə müstəqil xarici siyasət yürüdür və regionun lider dövlətinə çevrilib". E.Aslanov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biri olduğunu da xatırladıb. Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığına diqqət çəkən dövlət məmuru bu bölgəni Avropada "boz zona" adlandırıb. Onun fikrincə, bu məsələ hamını narahat etməlidir, çünki orada mütəşəkkil cinayətkarlıq üçün əlverişli şərait yaranıb. O, dünya birliyinin BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin yerinə yetirilməsini təmin etmək əvəzinə, işğalı tənqid etməklə kifayətləndiyini vurğulayıb: "İşğalçı ilə işğala məruz qalana münasibət fərqli olmalıdır".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Azərbaycanın balanslaşdırılmış xarici siyasət apardığını və bunun ən optimal siyasət olduğunu bildirib. Azərbaycanın Qərblə bir neçə enerji layihəsində tərəfdaşlıq etdiyini xatırladan Ziyafət Əsgərov bəyan edib ki, Azərbaycan bu əməkdaşlıqdan özünün ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində heç bir fayda götürməyib: "Minsk Qrupu 18 ildə heç nə edə bilməyib. Dünya birliyi gözləyir ki, Dağlıq Qarabağ da Fələstinin vəziyyətinə düşsün? Beynəlxalq hüquq Ermənistanın əlində girinc qalıb". Aparıcı dövlətlərdə erməni diasporasının güclü olduğuna dair fikirlərə toxunan Ziyafət Əsgərov "ABŞ-ın siyasəti erməni diasporasından asılıdırsa, bu, çox gülüncdür, mən buna inanmaq istəmirəm" deyib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində heç bir dövlətin maraqlı olmadığını söyləyən Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan müharibə edəcəksə, heç kimdən soruşmayacaq, çünki dünya birliyi bu problemin həllində heç bir addım atmayıb. Cənubi Qafqazda inkişafa mane olan tərəfin Ermənistan olduğunu, orada terrorun dövlət səviyyəsində himayə edildiyini vurğulayan birinci müavin hesab edir ki, Dağlıq Qarabağ probleminə bənzər problem dünyanın hər yerində, o cümlədən ABŞ, Rusiya və Fransada da yarana bilər: "Dünyada 450 belə nöqtə var. Beynəlxalq hüquq ona görədir ki, dünyanı idarə etsin. Beynəlxalq hüququn bu vəziyyətə düşməsinə təəssüflənirik".
Beynəlxalq qüvvələrin Azərbaycanı problemin sülh yolu ilə həllinə dəvət etdiyini xatırladan Ziyafət Əsgərov daha sonra bunları deyib: "NATO P arlament Assambleyasının rəsmisi mənə demişdi ki, heç kim xristian Ermənistanı qoyub, müsəlman Azərbaycana kömək etmək istəmir". Ziyafət Əsgərov konfransda iştirak edən beynəlxalq ekspertlərə müraciət edərək deyib ki, beynəlxalq hüquq prinsiplərinə əməl olunmursa, bunu elan etsinlər, Azərbaycan da öz işini bilsin.
"Son illər maliyyə sahəsində baş verən kəskin böhran beynəlxalq diplomatiyada, siyasətdə və beynəlxalq münasibətlərdə də yaşanmaqdadır. Sadəcə, insanlar bu sahədəki böhranı maliyyə böhranından az hiss etdiklərindən buna o qədər fikir verilmir".
Bu sözləri isə Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tədbirdəki çıxışında deyib.
O, siyasətin içərisində olanların, ekspertlərin, mütəxəssislərin, diplomatların bunu yaxşı gördüklərini və anladıqlarını vurğulayıb: "Şəxsən mən hesab edirəm ki, bu gün diplomatiyada, siyasətdə böhran hökm sürür. Mənim üçün bu gün diplomatiyanın, siyasətin, beynəlxalq hüququn mövcudluğu bir məsələdə özünü göstərməlidir - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində... 1992-ci ildə bu münaqişənin nəticəsi olaraq ABŞ Konqresi Azərbaycana qarşı "907-ci düzəliş"i qəbul etdi. Bu gün hamı düşünür ki, bu, çox əsassız, düzgün olmayan qərardır. Amma bu qərar nəticəsində bu illər ərzində işğalçı dövlət olan Ermənistan ABŞ-dan 2,5 milyard dollar yardım alıb. İşğala məruz qalmış Azərbaycan isə ABŞ-dan heç bir hökumət yardımı ala bilməyib. İkinci nümunə, 2008-ci ilin avqust ayında regionda baş verən hadisələrdən sonra dünya birliyi, Qərb belə qərara gəldi ki, Ermənistan bu prosesdən təxminən 500-600 milyon dollar zərər çəkib, buna görə ona yardım etmək lazımdır. Qərara alındı ki, bəzi hökumətlər və beynəlxalq qurumlar Ermənistana kömək etsin. Halbuki hamı, o cümlədən Qərb də çox yaxşı bilirdi ki, bu məsələdə əsas zərər Azərbaycana dəyib, ölkəmiz münaqişə nəticəsində 1 milyard dollardan artıq ziyan çəkib. Lakin bunun üzərindən tam sükutla keçdilər. Məndə belə bir təəssürat yaranır ki, Qərb uzun illər ərzində bütün səylərini Ermənistanı hərtərəfli dəstəkləməyə yönəldib. Özü də bunun səbəbini izah etmir, səthi bəyanatlarla bundan yan keçirlər".
Novruz Məmmədov bunun səbəbini anlamadığını bildirib: "Azərbaycan əslində postsovet məkanında Qərblə həqiqi mənada faydalı əməkdaşlıq edən yeganə dövlətdir. Azərbaycanın həyata keçirdiyi yalnız bir boru kəməri layihəsi kifayətdir ki, mənim haqlı olduğumu sübut etsin. Təkcə Sürix şəhərində protokolların imzalanması mərasimində isə altı aparıcı dövlətin xarici işlər nazirləri 3-5 saat ərzində Ermənistana minnətçi düşdülər. Niyə, bunun səbəbi nə idi? Halbuki Dağlıq Qarabağ münaqişə ilə bağlı Minsk Qrupuna daxil olan, eləcə də həmsədr dövlətlərin xarici işlər nazirləri bir dəfə belə konkret mövqe ortaya qoymayıblar".
Şöbə müdiri Qərb nümayəndələrinin, münaqişə haqqında danışanların işlərin yaxşı getdiyini, danışıqların konstruktiv olduğunu, münaqişənin həllinə lap az qaldığını söylədiklərini xatırladıb: "Beynəlxalq ictimaiyyəti bu qədər sakitləşdirməyə nə ehtiyac var? Hətta bəzən belə olur ki, Azərbaycan prezidentinin özü görüşün faydasız olduğunu bildirir, 1-2 gün sonra Avropadan gələn nümayəndə isə danışıqların yaxşı getdiyini, problemin yaxınlarda həllinin mümkünlüyünü deyir. Sanki beynəlxalq ictimaiyyətin başının altına yastıq qoymaq istəyi var. Mərdi qova-qova namərd etməzlər. Azərbaycan müstəqillik qazandığı gündən öz fundamental seçimini edib. Azərbaycan demokratik, hüquqi, sivil cəmiyyət qurmaq istəyir. Düzdür, problemlərimiz var, mən bunu etiraf edirəm. Hansı dövlətdə problem yoxdur? Bu gün ən inkişaf etmiş cəmiyyət göstərin ki, orada nöqsan olmasın. Ola bilsin ki, bizdə nöqsan bir qədər artıqdır. Amma bizim üçün və dünya ictimaiyyəti üçün ən vacibi odur ki, öz seçimimiz var və bu istiqamətdə irəliləmək üçün əlimizdən gələni edirik. Həm ölkə daxilində, həm də xaricdə kimlərsə yazır ki, Azərbaycan tam ədalətli olsaydı, demokratiya prinsiplərinə tam riayət etsəydi, onda Qərb onu dəstəkləyərdi. Lakin mən bu arqumentləri əsaslandırılmış hesab etmirəm. Ona görə ki, gözümüzün qarşısında onlarla başqa nümunə var. Götürək Əfqanıstanı... Necə ola bilir ki, bu ölkə ilə bağlı dünya birliyi 27 prezidenti bir yerə yığıb, oradakı prosesləri müzakirə edir, hər gün bununla bağlı bəyanatlar verir, amma burada Azərbaycanın əraziləri işğal olunub, səslərini çıxarmırlar. Tutaq ki, kimsə Dağlıq Qarabağla bağlı mübahisəli vəziyyətin olduğunu hesab edir. Bəs 7 rayonla bağlı hansı ölkənin rəhbərliyi konkret mövqe ortaya qoyub? Kim deyib ki, bu 7 rayondan yüz minlərlə insan məcburi köçkünə çevrilib? Niyə onlar haqqında düşünmürlər?"
Tədbirdə Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun baş elmi işçisi Oksana Antonenko, Amerikanın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş elmi işçisi Arçil Qeqeşidze və digər şəxslər də çıxış edib.
|
|
|
Oxşar xəbərlər:
Püşkatma kimə nə vəd edir?
Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?
|
|
|