Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə daha bir neçə maraqlı layihə üzərində çalışır. Daha dəqiq desək, Gövhər xanımın türk şou-biznesindəki mövqeyi bir az da möhkəmlənib. Bəstəkarın mətbuat əlaqələndiricisi Ceyran Nərimanın bildirdiyinə görə, türkiyəli sənətçi Fateh Erkoç bizim bəstəkar xanıma maraqlı təkliflə müraciət edib: "Sözügedən sənətçi yeni çıxarılacaq albomuna daxil etmək üçün Gövhər Həsənzadədən bir mahnı istəyib. Hazırda Gövhər xanım bu təklif üzərində çalışır. Bəstəkar tanınmış türk şairəsi Ayişə Yılmaz Birgülün sözlərinə bəstələdiyi bir neçə mahnını Fatehə təqdim etmək fikrindədir. Seçim etməyi isə Fateh Erkoçun özünə həvalə edib. Bəstəkar xanım hesab edir ki, müğənninin seçimi bir yox, bir neçə mahnı üzərində ola bilər. Amma real variant odur ki, sənətçi yeni albomunda mütləq Gövhər xanımdan mahnı oxumaq istəyir. Fateh Erkoçun mahnı seçimində çox sadə insan olmadığı türkiyəlilərə bəllidir. Lakin Gövhər xanım onun musiqi məhsulunun bəyəniləcəyindən əmin olduğunu bildirib".
Türk şou-biznesində adı hallandırılan Gövhər Həsənzadənin yenilikləri bununla bitmir. Mətbuat katibi deyir ki, əslən azərbaycanlı olan, Almaniyada fəaliyyət göstərən türk sənətçi Əzizcan, Gövhər Həsənzadədən götürdüyü 26 mahnıdan dördünü artıq aranjiman etdirib. Mətbuat sözçüsü deyir ki, bütün mahnılar Londonda aranjiman edilib. Hazırda bu mahnıların natamam variantı müəllifə göndərilib ki, dinləyib fikrini bildirsin.
Gövhər Həsənzadənin razılığından sonra Əzizcan bu mahnıları tanınmış musiqi şirkəti DMC tərəfindən buraxılışı nəzərdə tutulan öz yeni albomuna yerləşdirəcək.
|