Bu ayın 22-də Azərbaycan Dövlət Opera və Balet Teatrında skripkaçı Ceyhunun solo konserti olacaq. Konsertin proqramından danışan musiqiçi bildirdi ki, həmin gün yeni skripka ifaçısını geniş tamaşaçı kütləsinə təqdim edəcək. "Hələlik adını çəkmək istəmədiyim və Azərbaycanda fəaliyyət göstərən əcnəbi skripkaçı mənimlə duet ifa edəcək. Mən bundan öncə öz yerli skripkaçılarımıza müraciət etdim, onlar mənim təklifimi qəbul etmədilər. Dolayı fikirlərlə müxtəlif bəhanələr gətirdilər. Onlar mənə məlum olmayan səbəblərdən konsertimdə skripka çalmaq istəmədilər. Lakin bu dəvəti mən onlardan alsaydım, tərəddüdsüz qəbul edərdim. Çünki həmkarlarıma dəstək olmağı özümə borc bilirəm".
Təklifinin yerə düşməsindən məyus olan musiqiçi əməyinə təəssüfləndiyini gizlətmədi: "Mən o insanlara ağız açmışam ki, nə vaxtsa onların mənə olan müraciətini yerdə qoymamışam. Amma bu gün çəkdiyim əməyə təəssüflənirəm. Amma kimin kim olduğu mənə əyan oldu. Artıq kimə yaxşılıq etməyi bilirəm".
|