Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
NATO və Qarabağ münaqişəsinin həlli...
NATO və Qarabağ münaqişəsinin həlli...
Pessimist mülahizələr daha çoxdur
Şənbə, 21.11.2009

Cəsur Sümərinli mətn ölçüsü  

Azərbaycanın xarici hərbi-siyasət prioritetləri tədricən NATO-ya yönələ bilər. Amma bunun üçün Bakı bir neçə şərt irəli sürür. Əgər alyans bu şərtlərə razılıq versə, onda Azərbaycanın yaxın illərdə NATO ilə sıx əməkdaşlığa başlaması mümkündür. Bu həftə bu xüsusda bəzi mülahizələr diqqəti çəkdi.

NATO Parlament Assambleyasının 55-ci sessiyası çərçivəsində qurumun Müdafiə və Təhlükəsizlik Komitəsinin növbəti iclasında (12-17 noyabr) Azərbaycan Milli Məclisinin üzvləri Qüdrət Həsənquliyev və Zahid Orucun NATO-nun yeni strateji konsepsiyası ətrafında gedən diskussiyalar zamanı səsləndirdikləri fikirlər maraqlı idi. Q.Həsənquliyev qurumu Qarabağla bağlı BMT-nin qəbul etdiyi qətnamələri həyata keçirməyə, Azərbaycanı müdafiə etməyə çağırıb. Z.Oruc isə NATO-nun Balkan münaqişələrinin tənzimlənməsində bir, Cənubi Qafqazda cərəyan edən işğal siyasətində, konkret olaraq Rusiya - Gürcüstan müharibəsində və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsində isə fərqli mövqe nümayiş etdirməsinə diqqət çəkib. Z.Oruc NATO-nun gələcək konsepsiyasında Cənubi Qafqazdakı konfliktlərin ədalətli həllinin mühüm yer tutmasının vacibliyini bəyan edib.

NATO Parlament Assambleyasının plenar iclasında deputatlar Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü məsələsini qaldırıblar. NATO baş katibi Aners Foqh Rasmussenin alyans qarşısındakı vəzifələr, Əfqanıstandakı qüvvələrin artırılması, orada təhlükəsizliyin daha önəmli olması, Rusiya ilə münasibətlər barədə çıxışından sonra Z.Oruc Cənubi Qafqazda hərbi-siyasi balansın pozulduğunu bildirib. O həm Gürcüstan, həm də Azərbaycan ərazilərinin işğal edildiyini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu bölgədə yeritdiyi siyasətin buna sübut olduğunu deyib. Bu addımları NATO-ya qarşı əməliyyat kimi xarakterizə edən millət vəkili Azərbaycanın Qərb üçün təhlükəsizlik məsələsində önəmli olduğunu, bu ölkənin İran və Rusiyanın təsir dairəsində olmadığını bildirib.

Baş katib cavab olaraq bildirib ki, bu regionda olan konfliktlər narahatlıq doğurur. Eyni zamanda qeyd edib ki, NATO özünün strateji planlarında mütləq olaraq ərazi bütövlüyü və suverenlik məsələsində xüsusi təkid edəcək. Bununla bərabər Rasmussen konsepsiyaya ayrı-ayrı ölkələri daxil etmədiklərini, prinsiplər üzərində hərəkət edəcəklərini vurğulayıb. Bildirib ki, hansısa ölkələrin təhlükəsizlik ittifaqının qurulmasına normal yanaşılır.

Azərbaycanın əsas şərti

Noyabrın 19-da Bakıda keçirilən "NATO-nun yeni strateji konsepsiyası: tərəfdaşların müzakirələrə töhfəsi" mövzusundakı konfransda isə xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanın NATO ilə gələcək münasibətlərindəki gözləntilərini konkret çərçivəyə saldı. A.Əzimov ölkəmizin NATO-nun ən aktiv tərəfdaşlarından biri olduğunu deyərək alyansın tərəfdaş ölkələrin təhlükəsizliyinə təminatlar təklif etməsinin zəruriliyini vurğuladı. Əks təqdirdə, bunun alyansın gələcək arxitekturasına neqativ təsir göstərəcəyini deyən Əzimov ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələri misal çəkib: "Mən NATO ilə tərəfdaş ölkələr arasında ikitərəfli sazişlər imzalanmasını təklif edirəm.

REKLAM

Bu sazişlərdə tərəflərin məsuliyyət və öhdəlikləri ilə yanaşı, tərəfdaş ölkələrin təhlükəsizlik qarantiyası da öz əksini tapmalıdır". A.Əzimov deyib ki, NATO ilə sıx əməkdaşlıq edən Gürcüstan məlum avqust hadisələrində ciddi müdafiə olunmadı. Nazir müavini deyib ki, NATO bu quruma üzv ölkələrin rəyini nəzərə almadan da bəzən qərarlar verir.

Ekspertlər nə deyir?

Beləliklə, rəsmi Bakını təmsil edən şəxslərin və millət vəkillərinin dediklərindən belə çıxır ki, Azərbaycan NATO ilə əməkdaşlığın yeni mərhələsinə başlamaq istəyir. Bu əməkdaşlıq isə alyansın yeni strateji konsepsiyasında bir sıra məsələlərin əksini tapmasından asılıdır. Xüsusilə aydın hiss edilir ki, Azərbaycan yaxın perspektivdə NATO-nu regional münaqişələrin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb etmək istəyir. Bakının əməkdaşlıq üzrə təklif etdiyi düstur belə görünür: NATO Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə qalxsa, onun təhlükəsizliyinə təminat versə, Bakı əməkdaşlığı maksimal şəkildə dərinləşdirə bilər.

Ekspertlərin fikrincə, alyansın növbəti sammitində müzakirə edilərək qəbul olunması gözlənən strateji konsepsiyasında müəyyən dəyişikliklər ola bilər. Amma bu zaman hər hansı kəskin dönüş olmayacaq, çünki NATO Rusiya ilə münasibətləri gərginləşdirmək niyyətində deyil. Beləliklə, hazırkı halda Azərbaycan NATO-ya necə güvənə bilər?

Azərbaycan - Atlantika Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbərin fikrincə, indiki halda Azərbaycan NATO-nun üzvü olmadığına görə, alyansdan hərbi müdafiə tələb edə bilməz. Vaşinqton müqaviləsinin 5-ci maddəsinə əsasən hərbi dəstək yalnız ittifaqa üzv olan ölkələrə verilir.

"Digər tərəfdən, BMT qətnamələrində (822, 853, 874, 884 saylı) Azərbaycan ərazisinin işğal altında olduğu təsbit olunsa da, Ermənistan bu günə kimi işğalçı dövlət kimi tanınmamışdır. Buna görə də Azərbaycan ilk növbədə Ermənistanın işğalçı kimi tanınmasına nail olmalı, yalnız bundan sonra beynəlxalq hüquq normalarına əsasən ona qarşı sanksiyalar, o cümlədən hərbi sanksiyalar tətbiq edilməsinə çalışmalıdır" - S.Əkbərin fikrincə, NATO-nun Balkanlarda və Qafqazda baş verən münaqişələrə fərqli yanaşması barədə deyilənlər doğrudur. O deyir: "Bunun bir çox səbəbləri vardır. Bu səbəblərdən biri də, heç şübhəsiz, Rusiya amilidir. Rusiyanın Gürcüstana təcavüzü bunu açıq şəkildə göstərdi. Bir daha aydın oldu ki, NATO postsovet məkanında Rusiya ilə hərbi qarşıdurmaya hələlik hazır deyil".

S.Əkbər eyni zamanda bildirdi ki, NATO bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə bu günə kimi siyasi-diplomatik dəstək verib: "Əgər Azərbaycan düzgün siyasət apararsa, Ermənistandan fərqli olaraq alyansla tərəfdaşlıq münasibətlərini əməli olaraq genişləndirib dərinləşdirərsə, xüsusən də perspektivdə alyansa üzv olmaq niyyətini rəsmən bəyan edərsə, bu dəstək davam edəcək və genişlənəcək. Yox, əgər rəsmi Bakının bugünkü ikibaşlı siyasəti davam edərsə, xüsusən də NATO-nun missiyaları ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, bu dəstəyi də itirə bilər".

BSU dosenti Alpay Əhmədin fikrincə, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana olan təcavüzü göstərdi ki, NATO-nun regionda passivliyi sonucda Azərbaycanın da Rusiyanın təsir dairəsinə düşmə ehtimallarını artırır. A.Əhməd indiki vəziyyətdə NATO-nun Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə hər hansı şəkildə dəstək verə biləcəyi barədə nikbin fikrə malik deyil. "Təəssüf ki, hazırda NATO konfliktlə bağlı yalnız strateji sammit və xarici işlər nazirlərinin sessiyaları səviyyəsində qəbul edilən qərarlardan başqa heç nə etmək istəyində və iradəsində deyil", - deyə o bildirdi.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, NATO-nun Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləməsinin reallığa çevriləcəyini gözləmək əbəsdir: "Deyirlər ki, NATO Balkanlarda bir, Cənubi Qafqazda ayrı siyasət yürüdür. Yəni bir növ NATO Cənubi Qafqaz problemlərinə az maraq göstərir. Məsələ burasındadır ki, Balkanlar Avropanın içindədir və orada baş qaldıran hər münaqişə köhnə qitənin digər bölgələrinə də sıçraya bilər. Cənubi Qafqazdakı münaqişələr isə Avropanın təhlükəsizlik məkanından ayrı tutulur, digər tərəfdən Rusiya amili də nəzərə alınır. Odur ki, NATO-dan əməli dəstək gözləməyə dəyməz. Bir də ki, NATO-ya üzv olan Qərb ölkələrinin Kosovonun müstəqilliyini tanımaq kimi örnəyi var ki, bu bizim işimizə yaramaz".

E.Şahinoğlunun fikrincə, NATO sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyə bilər, ancaq əməldə heç bir addım atmayacaq. "Birincsi, münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğuldur ki, heç bir təşkilat bu qurumun işinə qarışmağa lüzum bilmir. İkincisi, Azərbaycan kimi Ermənistan da NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında təmsil olunub. Şimali Atlantika Bloku isə birinin xeyrinə, o birisinin zərərinə addım atmaz", - deyə E.Şahinoğlu bildirdi.

Onun sözlərinə görə, digər tərəfdən NATO-nun Azərbaycanı dəstəkləməsi üçün gərəkli stimulu da yoxdur: "Azərbaycan NATO-ya üzv olmaq istədiyini bəyan etməyib. Ancaq bu olsaydı belə NATO bizim əvəzimizə problemi həll edən deyil. Gürcüstan NATO-ya üzv olmaq istədiyini çoxdan bəyan edib. Ancaq Rusiya Gürcüstanda savaş açdıqda, separatçılara dəstək verdikdə NATO Tiflisə yardım etmədi. Bu günün reallığı belədir"...

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər