Bankları sağlamlaşdırmağa zərurət var
 |
Mərkəzi Bank ilə kommersiya banklarının faiz dərəcələri arasında 10 qat fərq...
Şənbə, 21.11.2009
|
|
Bu gün bankların kredit imkanlarından yararlanmaq istəyənlər kifayət qədərdir. Amma kommersiya bankları çox ehtiyatlı davranaraq hamıya qapı açmır. Banklar sevdikləri və sevmədikləri müştərilərini kateqoriyalara bölərək istehlak krediti siyasətini həyata keçirir. Kommersiya banklarının fəaliyyət göstərdiyi bu illər ərzində artıq hamıya məlumdur ki, onların sevdikləri müştərilərin siyahısında ilk yerləri müəllimlər, həkimlər, büdcə təşkilatlarında, nazirlik və komitələrdə çalışanlar tutur. Təbii ki, neft şirkətlərində çalışanlar da sevimli müştərilər siyahısında yer alır.
Kreditlərdən işi və aylıq məvacibi olan hər kəsin faydalana bilmədiyi bir yana qalsın, əsas problem ondadır ki, banklar çox yüksək faizlə kredit verir. Naəlac qalanlar buna məcburdur. Çünki bütün banklar, demək olar, eyni şərtlərlə və faiz dərəcələri ilə kredit verir. Bəlli olur ki, Mərkəzi Bankın faiz dərəcəsi 2 faizdir. Buna baxmayaraq kommersiya banklarının təklif etdikləri istehlak və digər kreditlərin orta faiz dərəcəsi 20 faizdir. Bu isə kommersiya kreditlərinin faizi ilə Mərkəzi Bankın faiz dərəcəsi arasında 10 qat fərqdir... Bu niyə belədir? Maliyyə qurumları niyə susurlar?
İqtisadi və Sosial İnkişaf Mərkəzi idarə heyətinin sədri Vüqar Bayramovun fikrincə, kommersiya banklarının faiz dərəcələrinin aşağı salınmaması bank sistemində yeni böhrana yol aça bilməklə yanaşı real sektorun da inkişafını tormozlayır: "Hazırda problemli kreditlər məsələsi kommersiya banklarının əsas problemlərindəndir. İstehlak kreditlərinin qaytarılmasında müşahidə edilən problemlər və yubanmalar, sadəcə, bu kreditlərdən istifadə edən vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə deyil, eyni zamanda kommersiya banklarının uzun müddət kifayət qədər bahalı kredit siyasəti həyata keçirməsi ilə bağlıdır. Qlobal maliyyə böhranından öncə kommersiya banklarının təklif etdikləri kreditlər üzrə faiz dərəcələrinin səviyyəsi heç bir iqtisadi qanunla izah edilə bilməzdi".
Öyrəndik ki, Qərb ölkələrindən orta hesabla 8 faizlə kredit cəlb edən yerli kommersiya bankları həmin vəsaitləri 24 faizlə təklif edir. Üç qat bahasına. Hətta bu faiz dərəcələri böhran öncəsi 30 faizi arxada qoymuşdu.
"Piramida prinsipi"
İqtisadçının qənaətincə, kommersiya banklarının şişirdilmiş gəlir qazanmaq istəyi Azərbaycanda qlobal maliyyə böhranının təsirlərini bankların bütün qurumlardan daha tez hiss etməsinə səbəb oldu.
Əlbəttə, kommersiya banklarının kreditləri paylaşdırılan zaman onun qaytarılma mexanizmini və eləcə də mümkünlüyünü öncədən görməsi olduqca vacibdir. Aydındır ki, bahalı kredit siyasəti dayanıqlı ola bilməz və bu, sadəcə, qısamüddətli dövrdə səmərəlidir. Bu baxımdan, Azərbaycanın bank sektorundakı böhran və eləcə də kreditlərin qaytarılması problemi öncədən proqnozlaşdırılırdı: "Bu eyni zamanda ölkədə kommersiya banklarının "piramida prinsipinə" əsaslanması ilə bağlı idi. Qlobal maliyyə böhranı piramidanın bir hissəsinin uçmasına və ümimilikdə pramidanın dağılmasına səbəb oldu. Artıq böhranlı kreditlərin ümumi kredit portfelində payı qlobal standartları keçərək 4 faizdən artıqdır. Pramida prinsipi real sektoru da inkişafına ciddi maneə yaradır".
Vüqar Bayramov təəssüflə qeyd etdi ki, kommersiya bankları köhnə səhvləri təkrar edir. Aydındır ki, kommersiya banklarının likvidliyi aşağıdır və onların maliyyə resurslarına ciddi ehtiyacı var. Maliyyə resurslarının cəlb edilməsində də problemlər var. Xarici maliyyə mənbələri məhduddur, əmanətlərin həcmində ciddi artım yoxdur və istehlak kreditləri faizlərinin və ümumən kreditlərin özünün geri qaytarılmasında problemlər dərinləşir: "Bununla belə, bu heç də kommersiya banklarının "izafi gəlir" əldə etməyə istiqamətlənmiş olması deyil. Bankların yenidən sağlamlaşdırılması ölkədə real sektorun inkişafı və kreditorların ödəmə qabiliyyətinin yüksəlməsi ilə bilavasitə bağlıdır. Bahalı kredit siyasətinin davam etdirilməsi sahibkarlar üçün əlavə xərclər yaratmaqla yanaşı, kreditlərin qaytarılmasında da problemlər yaradır. Bahalı kredit siyasətindən imtina kommersiya banklarının likvidliyinin uzunmüddətli dövrdə yüksəlməsinə səbəb ola bilər".
Mərkəzi Bank işə qarışsın
Mərkəz rəhbəri təklif edir ki, kommersiya banklarının uzunmüddətli inkişafı və eləcə də yeni böhranın yaranmasının qarşısının alınması üçün 2010-cu ildə Mərkəzi Bankın bir sıra tədbirlər həyata keçirməsinə ehtiyac var.
"Əvvəla, gələn ildən başlayaraq kommersiya banklarının təklif etdiyi kredit faizləri ilə Mərkəzi Bankın faiz dərəcəsi arasında müəyyən müddət üçün əlaqənin yaradılması vacibdir. Artıq bəzi Avropa ölkələrində belə asılılıq tətbiq edilir. Hətta Bosniya və Hersoqovina, Serbiya və Macarıstanda kredit faizlərini qeyri-leqal olaraq yüksəldən banklara qarşı cərimələr tətbiq edilir. Rusiyada da oxşar sistem tətbiq edilməkdədir. Təbii ki, liberal iqtisadiyyat kommersiya banklarının kredit faizlərinə inzibati müdaxiləni məqbul hesab etmir. Bununla belə, nəzərə almaq lazımdır ki, qlobal maliyyə böhranı hətta Avropanın liberal ölkələrinin də iqtisadi siyasətinə düzəlişlər etməsinə səbəb olub. Bu baxımdan Mərkəzi Bankın faiz dərəcəsi ilə kredit faizlərinin səviyyəsi arasında əlaqə heç də bazar iqtisadiyyatının fundamental dəyərlərinə zidd hesab edilməməlidir", - deyə V.Bayramov bildirdi.
Bununla yanaşı, belə bir əlaqənin tətbiqi qısamüddətli olmalıdır. Ekspert vurğulayır ki, kredit faizlərinin tənzimi həyata keçirilərsə, kommersiya banklarında "qara kredit bazarı"nın yaradılmasının qarşısının alınması üçün Mərkəzi Bank banklara nəzarəti gücləndirməlidir. Əks halda, belə inzibati müdaxilələr kommersiya banklarının kreditləri "qara bazar" metodu ilə, yəni "stol altdan" təklif etməsinə səbəb ola bilər.
Əgər İİN süni qiymət artımlarına qarşı mübarizə aparırsa, niyə Mərkəzi Bank faiz dərəcələrinin süni artımlarına qarşı mübarizə aparmamalıdır? Etiraf etmək lazımdır ki, İİN-in süni qiymət artımlarına qarşı mübarizəsi 2009-cu ildə səmərəli olub. Bu baxımdan Mərkəzi Bankın da oxşar fəaliyyəti olduqca vacibdir.
Bu yalnız böhran dövründə olsun
İqtisadçı-alimin fikrincə, kommersiya banklarının kredit faiz dərəcələrinin Mərkəzi Bankın faiz dərəcəsi ilə əlaqələndirilməsi böhran dövründə əl atılan metodlardan biridir. Təbii ki, böhrandan sonrakı dövrdə kredit faizlərini bazarın müəyyənləşdirməsi yenidən bərpa edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, burada söhbət, sadəcə, "kredit tavanı"nın müəyyənləşdirilməsindən gedir və bu heç də kredit faizlərinin inzibati yolla konkretləşdirilməsi deyil. Həmin tavan daxilində kommersiya bankları kredit faizlərini sərbəst şəkildə müəyyənləşdirə bilirlər.
Vüqar Bayramov bəzi kommersiya banklarında kreditlər təklif edilən zaman "qeyri-leqal ödəniş"lərə qarşı mübarizənin gücləndirilməsini təklif edir: "Kreditlərin bölgüsü şəffaf deyil, institusional monitorinq imkanları zəifdir. Bu isə kreditlərin real sektoru "bahalaşdırmasına" səbəb olur və eyni zamanda heç də kredit almaq istəyən bütün vətəndaşların kreditlərə çıxış imkanları olmur. Bank sektoru həssas olduğundan Mərkəzi Bankın bu problemə qarşı mübarizəni gücləndirməsi olduqca vacibdir. Əks halda bu sektordakı problemlərin dərinləşməsi ehtimalları yüksəlir".
Mərkəz rəhbəri əlavə etdi ki, kommersiya banklarının fəaliyyətinə nəzarətin gücləndirilməsi və onların bahalı kredit siyasətindən dayanıqlı kredit siyasətinə istiqamətləndirilməsi olduqca vacibdir. Əks halda, banklar yeni böhran təhlükəsi ilə üz-üzə qala bilər.
|
|
|
Oxşar xəbərlər:
Banklar müştərilərin etibarlılığını gözdən keçirir
Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir
Kredit alanların məsuliyyəti artacaq
Dünya Bankı və BVF təcavüzkara kredit verir
"Texnikabank"da pul mənimsəyənlər hakim qarşısında
|
|
|