Dünən Koreyanın Qoyanq şəhərində ağır atletika üzrə kişi və qadınlar arasında dünya çempionatı başlanıb. Bu idman növündə peşəkar qadın atletimiz olmadığından yarışda Azərbaycanı yalnız kişi ağırlıqqaldıranlar təmsil edir.
Budəfəki dünya çempionatı komandamız üçün əlamətdardır. Ən azı ona görə ki, yığmamız yarışa adlı-sanlı bolqar mütəxəssis, 2010-cu il London Olimpiadasına qədər komandaya rəhbərlik edəcək Yanko Rusevun başçılığı altında çıxır. Yeri gəlmişkən, bu dünya çempionatı yığmanın baş məşqçisi postunda Yanko Rusevin ilk ciddi sınağıdır.
Hələ mötəbər yarış ərəfəsində mətbuata açıqlama verən Yanko Rusev komandamızın çempionata hazırlığından razı qaldığını bildirmişdi. Ştanqçılarımız dünya çempionatı ərəfəsində əvvəlcə Varnada (Bolqarıstan), daha sonra isə Milli Aviasiya Akademiyasının idman bazasında hazırlıq keçiblər. Yığmaya 7 atlet cəlb edilib: Zülfüqar Süleymanov (62 kq), Əfqan Bayramov, Sardar Həsənov (hər ikisi 69 kq), Namiq Cəmilov (77 kq), İntiqam Zairov (85 kq), ikiqat dünya çempionu Nizami Paşayev, Rövşən Fətullayev (hər ikisi 94 kq) və Əlibəy Səmədov (105 kq). Komandamızın ən titullu idmançısı Nizami Paşayev Pekin Olimpiadasından sonra ilk dəfədir irimiqyaslı yarışda çıxış edir.
Yarış dünən başlasa da, 56 kq-da təmsilçimiz olmadığından çıxışlar Azərbaycan üçün əhəmiyyətli deyildi. İdmançılarımız arasında körpücüyə ilk olaraq Zülfüqar Süleymanov (62 kq) çıxacaq. Bu çəki dərəcəsində çıxış edən ştanqçılar podiuma bu gün çıxacaqlar.
Dünya çempionatı yığmanın özəyini təşkil edən gənc atletlər üçün təcrübə baxımından faydalıdır. Odur ki, gənc idmançılarımızın, o cümlədən zədədən sonra optimal formasını yığa bilməyən Nizami Paşayevin də medallar uğrunda mübarizə aparacağı inandırıcı deyil. Onu da nəzərə almaq lazımdır ki, Yanko Rusev 3-4 ay əvvəl komandamıza baş məşqçi təyin olunub və qısa zaman kəsiyində atletlərin hazırlığını yüksək səviyyəyə çatdırmaq asan iş deyil.
Bəlli olub ki, dünya çempionatı ərəfəsində Azərbaycana daha bir bolqar mütəxəssis gəlib. İvan Stefanov yığmanı yarışlara hazırlamaqda baş məşqçiyə kömək edəcək. İvan Stefanov son səkkiz ildə Əlcəzair yığma komandasında çalışıb.
Qoyanqda keçirilən dünya çempionatı ilə bağlı bir vacib faktı da qeyd edək. Bu yarış lisenziya xarakterlidir. Belə ki, əvvəllər Olimpiya oyunlarına lisenziya qazanmaq istəyən atletlərin son iki dünya çempionatında göstərdikləri nəticələr nəzərə alınırdı. İndi isə üç dünya çempionatının ümumi nəticəsi əsas götürüləcək. Ona görə də atletlərimizin Qoyanqdakı dünya çempionatında qazanacaqları uğurlu nəticə onların Londona aparan yoluna işıq sala bilər.
|