çap et  
Azərbaycan alimi casusluqda ittiham olunur
İran məhkəməsi Rəşid Əliyevlə bağlı vəsatəti qəbul etmədi
Şənbə, 14.11.2009

Cəsur

İran məhkəməsi yerli "Sazan Elektronics Industry Comrany" şirkətinin rəhbəri Abbas İftixari tərəfindən İranda həbsdə olan azərbaycanlı fizik Rəşid Əliyevin girov müqabilində zaminə buraxılması təklifi üzrə vəsatətini qəbul etməyib. Rəşid Əliyevin hüquqlarını müdafiə komitəsinin rəhbəri Soltan Məlikovun "Turan"a verdiyi məlumata görə, İran məhkəməsi rədd cavabını heç cür əsaslandırmayıb.

Məlikovun sözlərinə görə, Əliyev barəsində iş üzrə müstəntiq 100 min dollar məbləğində girov müqabilində Əliyevin zaminə buraxılma imkanının olduğunu bildirib. Bununla belə, İran tərəfi hələ də Əliyev barəsində hər hansı açıqlama vermir.

Hazırda Əliyevin həftədə bir dəfə ailəsi ilə telefon əlaqəsi saxlamasına icazə verilir.

Azərbaycanlı alimin həbsi ilə əlaqədar Azərbaycan XİN nota verib, lakin İran tərəfi bu notaya cavab vermir. Bu barədə "Turan"a XİN mətbuat katibi Elxan Poluxov bildirib.

İranın Azərbaycandakı səfirliyi də azərbaycanlı alimin işi üzrə şərh verməkdən yayınır.

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlərin fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın "Sazan Elektronics Industry Comrany" şirkətinin dəvəti və Bakı Dövlət Universitetinin razılığı əsasında bağlanmış müqavilə çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. O, müqavilə müddəti bitdikdən sonra şirkətin xahişlərinə baxmayaraq, Bakıya qayıdıb. 2008-ci il oktyabrın 5-də şirkətin rəhbəri Abbas İftixarinin xahişi ilə İrana qısamüddətli səfər edib və oktyabrın 6-da viza bəhanəsi ilə həbs edilib.

Əliyev Tehranda Evin həbsxanasının 5-ci korpusunda saxlanılır. A.İftixari bildirib ki, alim şirkətlə bağladığı müqaviləyə görə həbs edilməyib. O, casusluqda günahlandırılır.