çap et  
Daha bir tarixi bina sökülə bilər
Artıq binanın kommunal xidmətləri dayandırılıb
Şənbə, 14.11.2009

Səid

Bu gün Media Mərkəzində Neftçilər prospekti, 97 saylı binanın taleyilə bağlı mətbuat konfransı keçirilib ("Turan"). Tədbirin təşkilatçısı olan "İslam və Demokratiya" birliyinin rəhbəri Aytəkin İmranova bir neçə gün öncə özünü təqdim etməyən bir neçə şəxsin sakinlərdən bina söküləcəyi üçün təcili mənzilləri boşaltmalarını tələb etdiklərini söyləyib.

"Sakinlər bu tələbə riayət etmədiklərinə görə binaya qaz, su, işıq verilməsi kəsilib", - deyə A.İmranova bildirib. O, 2 il öncə də adıçəkilən binanın sökülməsilə bağlı ajiotaj yaşandığını, sonradan isə prosesin dayandırıldığını xatırladaraq, son bir həftə ərzində binanın sökülməsi məsələsinin yenidən gündəmə gəldiyini qeyd edib.

Binanın sakini Xanlar Bayramzadə 1885-ci ildə tikilən, tarixi-mədəniyyət abidəsi olan binanın söküləcəyinə görə mənzilləri təcili boşaltmağı tələb edən şəxslərin sənəd təqdim etmədikləri üçün kimliklərini bilmədiyini, amma həmin şəxslərin əmrin Bakı və Səbail icra hakimiyyətləri tərəfindən verildiyini söylədiklərini qeyd edib. "Biz onlardan binanın sökülməsinə dair rəsmi qərar istədikdə bu şəxslər bizə hər hansı sənəd təqdim edə bilmədilər", - deyə Xanlar Bayramzadə qeyd edib.

Xanlar Bayramzadə binanın 1988-ci ildən İçərişəhər qoruğunun ərazisi sayıldığı üçün Səbail rayon İcra Hakimiyyətinin bina ilə bağlı hər hansı qərar qəbul etməyə səlahiyyəti olmadığını nəzərə çatdırıb. O həm də İçərişəhər qoruq idarəsini bu məsələ ilə bağlı bu günə kimi mövqe bildirməməkdə ittiham edib. Binanın qaz, su və işığının kəsilməsini isə Xanlar Bayramzadə bezərək binanı boşaltmaları üçün sakinlərə edilən təzyiq adlandırıb. "Ondan da pisi budur ki, bizləri isti mənzillərimizdən çıxarmaq istəyənlər bizi hara göndərəcəklərini bilmirlər", - deyə Xanlar Bayramzadə bina boşaldıldığı halda 13 ailənin taleyinin naməlum qalmasına işarə edib.

Xanlar Bayramzadə baş verənləri mülkiyyət toxunulmazlığı hüququnun kobud şəkildə pozulması, 13 ailənin şərəf və ləyaqətinin alçaldılması sayıb. "Biz dövlət rəhbərliyinə müraciət edərək, 13 ailənin taleyinə biganə qalmamağa, məmur özbaşınalığının qarşısını almağa çağırırıq", - deyə Xanlar Bayramzadə bildirib.я