çap et  
Nəbi Şensoy: "Ankara Bakıya dönük çıxmaz"
Nəbi Şensoy: "Ankara Bakıya dönük çıxmaz"
Türkiyənin Vaşinqton səfiri də bunu vəd edir
Şənbə, 14.11.2009

S.Abbas

"Türkiyə həmişə Azərbaycanın maraqlarını prioritet saymaqda davam edəcək. Bakıda bacı və qardaşlarımız buna əmin ola bilərlər". Bu fikirləri APA-nın Vaşinqton müxbirinə müsahibəsində Türkiyənin ABŞ-dakı səfiri Nəbi Şensoy söyləyib. Səfir bildirib ki, Ankara Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ilə bağlı danışıqlarda daha da irəliləyiş əldə olunacağına ümid bəsləyir.

"Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün səylərini davam etdirəcək".

Ermənistan-Türkiyə münasibətləri barədə sualı cavablandıran səfir deyib ki, Ankara imzalanan protokollarla münasibətlərin yeni məcraya yönələcəyinə inanır, bununla da diplomatik münasibətlərin başlanmasının ardınca sərhədlər açılmalı və mübadilə başlamalıdır.

"Fikrimizcə, bu, təkcə Türkiyə və Ermənistan arasında ikitərəfli münasibətlər üçün deyil, həm də Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik üçün, xüsusilə də regionda "dondurulmuş münaqişələr"in həlli üçün faydalı olacaq".

Nəbi Şensoyun sözlərinə görə, Türkiyə hesab edir ki, bu amil "bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycanın ikitərəfli münasibətlərinə neqativ təsir etməyəcək.