çap et  
Türk dövlətləri təhlükəsizlik alyansı yaratsınlar
Bunu amerikalı professor Klaudia Çanq (ABŞ) təklif edir
Şənbə, 14.11.2009


Türk dünyası üzrə tanınmış ekspert, Pensilvaniyada yerləşən Sweet Briar kollecinin antropologiya professoru Klaudia Çanq hesab edir ki, türk dövlətləri arasında təhlükəsizlik alyansının yaranması faydalı ola bilər (APA). Klaudia Çanq Türk dövlətləri liderlərinin birgə təşəbbüs və ideyaları, əməkdaşlıq yollarını və dünyanın qalan hissəsi ilə münasibətlərini müzakirə etmək üçün bu yaxınlarda Naxçıvanda toplaşdıqlarını xatırladıb.

Professor bildirib ki, bu ölkələr dillərini, tarixlərini və mədəniyyətlərini öyrənmək üçün daha çox institutlar yaratmalı, Türk irsini daha da ucaltmalıdırlar: "Mən Qazaxıstanda hər yay arxeoloji tədqiqatlar aparıram. Bu ölkə öz Türk irsini qoruyub saxlayır və digər Türk dövlətləri ilə də möhkəm əlaqələri var. Onlar Astanadakı Qumilyov Universitetində Türkşünaslıq şöbəsi yaradıblar, bu şöbə dil, arxeologiya, tarix və müasir dövrün Türk dünyasına aid məsələləri öyrənir".

Klaudia Çanqın fikrincə, Türk ölkələr, o cümlədən Azərbaycan, özlərini dünyaya tanıtmaq üçün daha çox iş görməlidir: "Qərbdə bizim çoxumuz Türk dünyası haqqında biliklər əldə etməkdən məmnun olarıq. Əlbəttə, Çingiz xan kimi fiqurların tarixə təsiri barədə mediada müəyyən materiallar var. Dünyada Osmanlı tarixinə də böyük maraq var. Türk dünyasının abidələri, görməli yerləri və sənət əsərləri çox gözəldir və bütün dünyada maraq doğurar. Cənubi Qafqazda, Mərkəzi Asiyada, Monqolustanda və Anadoluda Türk dünyasının ümumi dəyərlərini media, sərgilər və turizm vasitəsilə dünyaya tanıtmaq lazımdır".