Qərbdən dəstəklənən AKP iqtidarı çökməkdədir
 |
Cümhuriyyətçi güclərin geniş siyasi koalisiya yaradacağı gözlənir
Şənbə, 14.11.2009
Ənvər Börüsoy Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM), e |
mətn ölçüsü |
|
|
|
Keçmiş diktator Hafiz Əsəd Suriyanı gah keçmiş SSRİ-nin, gah da Qərb dövlətlərinin maliyyə dəstəyilə Türkiyəyə qarşı separatçı PKK və digər təşkilatların düşərgəsinə çevirmişdi. Buna görə də Türkiyə 1970-ci illərdən başlayaraq 2000-ci illərə qədər Suriyə ilə sərhədlərini məhdud səviyyədə açıq saxlamağa məcbur oldu. Ədalət və İnkişaf Partiyası (AKP) iqtidara gəldikdən sonra, "Suriya açılımı" (ərəb açılımı), "Demokratik açılım" (kürd açılımı) və "erməni açılımı" (Qərb Ermənistan mənasında) siyasətini gündəmə gətirməklə, mahiyyət etibarilə, o vaxtkı siyasətləri inkişaf etdirməyə çalışır. Çünki AKP liderləri və onları himayə edən beynəlxalq güclər bu partiyanın növbəti parlament və bələdiyyə seçkilərində heç bir uğur qazana bilməyəcəyini çox yaxşı anlayırlar. Süni şəkildə gündəmə gətirilmiş bu "açılım"lar siyasəti, eyni zamanda, Türkiyənin "Kürdüstan", "Qərbi Ermənistan" və "Suriya" regionları mənasında etnik bölücülük prosesinə təkan verəcəyi təhlükəsi isə hər gün artmaqdadır.
Orta Doğu siyasətində Türkiyənin qazancı və itirdikləri
Ötən yüzilin 90-cı illərində "Rifah Partiyası" adı altında iqtidara gələn və hətta baş nazir vəzifəsinə yiyələnən Nəcməddin Ərbakan hökuməti ölkənin strateji sahələrinin inkişaf perespektivlərini bir kənara qoyaraq, ilk addım kimi Türkiyəyə qarşı düşmən siyasəti yürüdən Liviya, Livan, Suriya, İran, İraq, Fələstin, Yəmən dövlətləri ilə uzlaşdırılmış siyasəti rəsmiləşdirmək üçün cəhdlər etdi. Bu dövlətlərin Türkiyəyə olan milyardlarla dollarlıq borcları məsələsinə heç toxunulmadı da. Halbuki həmin dövlətlərin ərazilərində uzun illərdir Türkiyəyə qarşı silahlı terror siyasəti aparan güclərə geniş meydan yaradılmışdı. Bu meydanların qapadılması tələbləri də irəli sürülmədi. O zaman "Rifah"ın xarizmatik liderlərindən biri olan Rəcəb Tayyib Ərdoğan İstanbulun bələdiyyə başçısı idi. "Rifah" Türkiyənin bir dövlət kimi təməl prinsiplərinin sarsıdılması yönündə dərin siyasəti rəsmiləşdirmək istədikdə, Ana Yasa Məhkəməsi onların fəaliyyətinin yasaq edilməsi barədə qərar çıxardı. 2003-cü ildə qısa bir zaman sürəcində yenidən Rifah, Səadət, Fəzilət və digər şəriətçi mərkəzlər, fondlar bir araya gələrək AKP-ni yaradaraq yenidən iqtidara gəlməyi bacardılar.
Mahiyyətcə şəriətçi siyasətin tərəfində duran AKP iqtidarı əslində son 7 ildə bütün gücünü İraq, Suriya, İran, Livan, Liviya və Fələstinin maraqlarına yönəltdi. Suriya ilə sərhədlərin açılmasını böyük təntənəyə çevirən AKP iqtidarı əslində Türkiyə üçün daha geniş miqyaslı problemlərə yol açdı. Suriyadakı ərəb milliyyətçiliyinə söykənən Sosialist partiyasının uzun illər apardığı siyasətin nəticəsi kimi Türkiyədə yaşayan ərəblərin və kürdlərin "milli muxtariyyət" hüquqlarının qabardılması geniş təbliğat mövzusuna çevrildi.
Hazırda Suriyadan 400 min nəfər kürd əhalisinin Türkiyədə qurulması planlaşdırılan "Kürdüstan" separatizminə dəstək mənasında şimala köçürülmə planlarına başlanıb. İlk addım olaraq kürd əhalisi sənədsiz şəkildə Türkiyəyə müxtəlif yollarla daxil olmaqdadır. Onlar Qərb dövlətləri tərəfindən gizli maliyyə dəstəyilə Türkiyənin Şanlıurfa, Mardin, Diyarbəkir, Batman, Adana, Mərsin, İstanbul kimi sənaye şəhərlərində məskunlaşdırılır.
Hətta kürdlər üçün bəhanə də tapılıb: "Biz kürdlərin Suriyada heç bir insani hüququmuz yoxdur". Halbuki Suriyada kürdlərə məxsus iki iri siyasi partiya mövcuddur.
Suriya digər tərəfdən Fransanın hazırlamış olduğu plana əsasən Türkiyə sərhədləri çevrəsində "Ərəb kəməri" layihəsini rəsmiləşdirir. Bu plana görə hər iki dövlətin sərhədlərində yaşayan ərəb əhalisi Türkiyənin ərazi bütövlüyünə qarşı ideoloji tərəfdən xüsusi olaraq hazırlanır.
AKP iqtidarının səbatsızlığı ucbatından İraq siyasətində də xeyli problemlər yaranıb. Belə ki, uzun illər Türkiyəyə, eləcə də İraqda türkmanlara qarşı terror siyasəti yürüdən Məsud Bərzaniyə Abdullah Gül "sayın baş bakan Bərzani" (ABŞ tərəfindən yaradılmış qondarma Kürdüstan muxtariyyəti hökumətinin baş naziri) deyə müraciət də edib. İraqda Kürdüstan muxtariyyəti yaradıldıqdan sonra Türkiyəyə qarşı küdlərin təpkiləri daha da artıb. Çünki AKP iqtidarı PKK kimi terror təşkilatının Demokratik Toplum Partiyası (DTP) olaraq rəmiləşdirilməsinə nail olub. Türkiyənin bir dövlət olaraq Orta Asiya və Azərbaycanla maraqlarının inkişaf etdirilmədiyinin gerçək səbəblərini bu yanlış siyasətin fəsadlarında axtarmaq lazımdır.
"Kürd açılımı" və "erməni açılımı" - nə üçün paralel?
Ölkə daxilində getdikcə şiddətlənən "kürd separatizmi" eyni zamanda AB üzvü olan dövlətlər tərəfindən fəal şəkildə müdafiə olunur. AB "milli azlıqların hüquqlarının müdafiəsi" siyasətinin şərtləri daxilində apardığı bu layihəyə hər il milyonlarca vəsait də ayrılır. Türkiyədə çoxları yaxşı anlayır ki, strateji hədəfdə İraqda olduğu kimi, "Kürdüstan Muxtariyyəti" siyasətini rəsmiləşdirməklə, bu dövlətin süqutunu şərtləndirən faktorların əhatə dairəsi genişləndirilir. AB-nin fikrincə, gələcəkdə "Böyük Kürdüstan" layihəsini rəsmiləşdirməklə, Dəclə-Fərat çaylarının ətrafını və Aralıq dənizinə çıxan strateji yolu Türkiyənin nəzarətindən çıxarmaqla, bu dövlətin məhvinə nail olmaq mümkündür.
Bunlar azmış kimi "erməni açılımı"nın arxasında Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və Dağlıq Qarabağın qanunla rəsmi Bakıya tabe etdirilməsi kimi problemlər deyil, əslində Türkiyənin ərazisinə qarşı yeni iddialara yolun açılması rəsmiləşdirilməkdədir. Ermənistan və eləcə də dünya erməni lobbi təşkilatları, strateji mərkəzləri 1920-ci ildə imzalanmış və sonra hüquqi qüvvəsini itirmiş "Sevr Anlaşması"na dayanıqlı şəkildə Türkiyəyə qarşı iddialarını artırıblar. Guya bu anlaşmanın şərtlərinə görə, Osmanlı imperiyası 1914-1915-ci illərdə Bitlis, Van, Qars, Ərdəhan, Ərzurum, Sivas və digər vilayətlərdən erməni əhalisini zor gücünə sürgün edib və onları soyqırıma mərzu qoyub. Yeni qurulan Türkiyə dövləti erməni əhalisinin tarixi torpaqlarına qaytarılmasını təmin etməlidir.
Sürixdə Türkiyə-Ermənistan protokol anlaşmasının mürəkkəbi qurumamış ermənilər uydurma "Qərbi Ermənistan"a iddialarını daha da artırıblar. Bu sırada çox təəssüflər olsun ki, AV, ATƏT, ABŞ və digər beynəlxalq qurumlar ermənilərin yanında durublar. Diqqətdən qaçmaya bilməz ki, protokol anlaşmasının ardından Dünya Bankı, Avropa İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə institutlarının İrəvan nümayəndəlikləri dərhal hərəkətə keçiblər. Bu maliyyə mərkəzləri İrəvanda öncələrdən fərqli olaraq çox iri məbləğdə yatırımların yapılması üçün artıq bir sıra təklifləri gündəmə gətiriblər. Türkiyəyə qarşı "kürd açılımı" adı altında isə Qərb dövlətləri tərəfindən gündəmə gətirilən "kürdlərə ya muxtariyyət, ya da müstəqil dövlət" planı siyasəti inkişaf etdirilməkdədir. Buna görə də uzun illər Qərb çevrələri tərəfindən bəslənən Suriya, İran, İraq və Türkiyədəki kürd siyasi partiyaları, insan hüquqları təşkilatları, müxtəlif fondlar və təbliğat mərkəzləri də fəallaşıblar.
Türkiyə siyasi gücləri bölücülüyə və məkrli regional proseslərə qarşı
Gizli deyil ki, Suriya, Türkiyə, İran və İraqa qarşı "kürd separatizmi" siyasəti uzun illərdən bəridir mərkəzləşdirilmiş qaydada Belçikanın paytaxtı Brüsseldən (həm də AB-nin paytaxtı) idarə olunub. "Kürdüstan Xalqlarının Azadlıq Ordusu", "Kürdüstan Demokrat Partiyası", "PKK" və digər siyasəti partiyalar Qərbin planına uyğun şəkildə kürdlər üçün Türkiyədən 200 min kv. km, İrandan 160 min kv. km, İraqdan 75 min kv. m və Suriyadan 15 min kv. m tutumunda müstəqilliyə bərabər muxtariyyət statuslu regional özünüidarə planlarını mümkün qədər qısa zamanda gerçəkləşdirməyə çalışırlar. Bütün bunları diqqət mərkəzində saxlayan Türkiyənin dərin siyasət çevrələri bu gün yenidən fəallaşmağa başlayıblar.
Hesab edilir ki, AKP iqtidarının siyasəti ölkəni əvvəlcə federallaşma, bunun ardınca isə bir neçə dövlətə bölünmə təhlükəsilə üz-üzə qoyub. Müasir dünyanın etnik mənzərəsində "monoetnik dövlət" modeli, demək olar, yoxdur..
|
|
|
Oxşar xəbərlər:
Türklər Azərbaycanı ən yaxın dost sayırlar
Nizami Cəfərov: "Atatürkçülük istinad edə biləcəyimiz ən möhkəm ideya təməllərindəndir"
Türkiyə Ermənistanla bu gün protokol imzalayacaq
Prezidentlərin Kişinyov görüşünün konstruktiv keçdiyi bildirilir
Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyə hazırdırmı?
|
|
|