çap et  
QKDK: cəza tədbirləri sərtləşdirilsin
QKDK: cəza tədbirləri sərtləşdirilsin
Komitə cərimələrin həcmini 10-15 dəfə artırmağı məsləhət bilir
Şənbə, 14.11.2009


Eldəniz

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlayaraq hökumətə təqdim edib. Sənəd qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulmasına görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutur. Səhmdar cəmiyyətləri və qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən investorların hüquqlarının pozulmasına görə mövcud cəza tədbirləri preventiv xarakter daşımır. "Bir sıra hallarda inzibati xətaya yol verilməsi onların aradan qaldırılmasından "faydalıdır". Ona görə bu məsələyə yanaşmada əsas prinsip kimi cəza tədbirinin səviyyəsinin pozuntuya uyğunluğunu götürdük".

Müxtəlif hüquq pozuntuları növlərinə görə cərimə həcmini 10-15 dəfə artırmaq planlaşdırılır", - deyə QKDK sədri Rüfət Aslanlı bildirib.

Aslanlı qeyd edib ki, investorların hüquqlarının qorunmasının klassik yolu korporativ idarəçiliyin qabaqcıl standartlarının tətbiqidir. Mülki Məcəllənin səhmdar cəmiyyətlərinin fəaliyyətini tənzimləyən 4-cü bölməsinə hazırlanan dəyişiklik və əlavələr bu məqsədə xidmət edəcək.

Söhbət təkcə minoritar yox, həm də majoritar investorların hüquq və maraqlarının balanslaşdırılmış şəkildə müdafiəsindən gedir. Məcəlləyə dəyişikliklər həmçinin səhmdarların ümumi yığıncaqlarının keçirilməsinin daha detallı tənzimlənməsini, dividendlərin bölünməsinin və ödənməsinin reqlamentləşdirilməsini, səhmdarların ümumi yığıncaqlarında qərar qəbulunun daha dəqiq mexanizmini, qanunvericilikdə nəzərdə tutulan informasiyaların səhmdar cəmiyyətləri tərəfindən yayılmasını və s. nəzərdə tutur.

Hazırda QKB-də investorların hüquqlarının pozulmasına görə cərimə 300 manatdan çox deyil. Bu ilin 9 ayında 100-ə qədər səhmdar cəmiyyətinə qarşı cərimə sanksiyaları tətbiq edilib.