Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?
Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?
Tərəflərdən müdafiə xərclərinə ehtiyatlı yanaşma
Şənbə, 14.11.2009

Cəsur Sümərinli mətn ölçüsü  

Proseslərin hazırkı gedişi Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda yenidən alovlanacağını şərtləndirmir. 2010-cu ildə də problemin danışıqlar yolu ilə həllinə səylər göstəriləcək. Bu barədə "Ayna"ya eksklüziv olaraq Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) "Azərbaycan və Ermənistanın hərbi büdcələri: 2010-cu il nə vəd edir? Müharibə, yoxsa islahat?" adlı son təhlil-araşdırmasına istinadən məlumat verilib. Məhdud dairədə yayılması nəzərdə tutulmuş sənədin hazırlanmasına hərbi sahədə təcrübəli ekspertlər cəlb edilib.

"Regionda sürətlə silahlanmanın davam etdiyi barədə daim səslənmiş beynəlxalq bəyanatların fonunda Cənubi Qafqazın iki ölkəsi - Azərbaycan və Ermənistan 2010-cu il ərəfəsində müdafiə xərclərini formalaşdırmağa ehtiyatla yanaşmağa başlayıblar. Münaqişə vəziyyətində olan bu iki ölkənin 2010-cu il üçün müdafiə xərclərinin artırılmamasının dünyada özünü göstərən maliyyə və iqtisadi böhranla bağlı olduğu hiss edilir", - deyə sənəddə bildirilir.

Ermənistan ordusuna pul haradan gəlir?

HATM-ın direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov "Ayna"nın əməkdaşı ilə söhbətində bildirdi ki, araşdırmalara görə, Ermənistanın büdcə layihəsində 2010-cu il üçün nəzərdə tutulan müdafiə xərclərinin 2009-cu illə müqayisədə azaldılması nəzərdə tutulur. "Gələn il üçün 300 milyon ABŞ dolları Ermənistanın təhlükəsizliyinin təmin edilməsi və ordunun saxlanılmasına yönəldiləcək. 2009-cu ildə isə bu rəqəm 348 milyon ABŞ dolları idi", - deyə İ.Məmmədov bildirdi. Onun sözlərinə görə, Ermənistan ordusuna büdcədən ayrılan vəsaitlə yanaşı hər il xaricdəki erməni diasporundan da ianələr daxil olur. Eyni zamanda açıqlanmayan məxfi mənbələr də mövcuddur ki, onlar da Ermənistanın təhlükəsizliyinin təmin olunmasına sərf edilir.

İ.Məmmədov bildirdi ki, bu və digər mənbələrdən gələn vəsaitləri nəzərə aldıqda Ermənistanın real müdafiə xərclərinin miqdarı 2010-cu il üçün 600 milyon ABŞ dollarını keçəcək: "Bizim ilkin proqnozlarımız belədir. Büdcənin bu şəkildə formalaşdırılmasına Rusiyanın Gürcüstandan çıxartdığı silah-sursat, hərbi texnikaların bir hissəsinin Ermənistanda və erməni qoşunlarının işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi, Rusiyanın Ermənistana istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində, istərsə də ikitərəfli əməkdaşlıq üzrə güzəştli qiymətlərlə (bəzən təmənnasız) silah-sursat, hərbi texnika satması (bağışlaması), Rusiyanın Ermənistan Silahlı Qüvvələri üçün pulsuz kadr hazırlaması, Həştərxan və Aşuluq hərbi poliqonlarında erməni zabitlərin təliminin təşkil edilməsi, ordunun maddi-texniki təminatına hissediləcək dəstək verməsi və sair amillər də təsir göstərir".

İ.Məmmədov bildirdi ki, Qərb ölkələrinin, AVŞ, Fransa, ümumilikdə bir sıra hallarda NATO-nun Ermənistanın Milli Təhlükəsizlik Sisteminə, sərhədlərinin qorunmasına, təlim və kurslara göstərdiyi kömək diqqətdən kənarda qala bilməz.

Ermənistanın müdafiə xərcləri necə bölünür?

HATM-ın hazırladığı bu sənəddə Ermənistanın hərbi cəhətdən inkişafına təsir edən çoxsaylı aspektlər sadalanıb. Onlardan biri də Rusiyanın bu ölkənin ərazisindəki 102 saylı hərbi bazasında və sərhəd dəstələrində çoxlu sayda (şəxsi heyətin 70 faizinə qədər) erməni əsilli Rusiya vətəndaşının xidmət etməsidir. "Onlar Rusiya büdcəsindən məvacib alırlar və buna baxmayaraq Ermənistanda ordu quruculuğunda öz təsirlərini göstərirlər".

HATM-ın araşdırmalarına görə, Ermənistanın müdafiə xərcləri 1/2 nisbətdə paylaşdırılır: "2010-cu il üçün nəzərdə tutulan 300 milyon dollarlıq rəsmi müdafiə xərclərinin 200 milyonu Ermənistan ərazisindəki silahlı qüvvələrin saxlanmasına, 100 milyonu isə Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi birləşmələrə yönəldiləcək. Qeyri-rəsmi rəqəmləri də bu göstəriciyə əlavə etsək, onda Ermənistana 400 milyon, Qarabağ separatçılarına isə 200 milyon ABŞ dolları yönəldiləcək", - deyə HATM-ın sənədində bildirilir.

2010-cu ildə Ermənistan hansı islahatları həyata keçirəcək?

HATM-ın sənədində 2010-cu ildə Ermənistan Silahlı Qüvvələrində gözlənən islahatlar barədə də proqnozlar əks olunub. İ.Məmmədov bildirir ki, gələn il üçün hərbi büdcənin azaldılması qərarından sonra Ermənistan hərbi-hava və hava hücumundan müdafiə (HHM) qüvvələrini gücləndirməklə balansı saxlamağa çalışır.

"2010-cu ildə Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığının davam edəcəyini proqnozlaşdırmaq olar. Xüsusilə də Ermənistan prioritet elan etdiyi HHM qüvvələrini gücləndirmək üçün Rusiya ilə bir neçə texniki müqavilə imzalaya bilər" deyən İ.Məmmədov rəsmi Yerevanın NATO-ya meyil etməyə çalışdığını xüsusi vurğuladı.

REKLAM

Onun sözlərinə görə, 2010-cu ildə Ermənistanın NATO ilə təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirəcəyini proqnozlaşdırmaq olar. Artıq Ermənistan rəhbərliyi dövlət sərhədlərinin mühafizəsində texniki yardım göstərmək xahişi ilə NATO-ya müraciət edib. NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons noyabrın 6-da Yerevanda deyib ki, NATO Ermənistana dövlət sərhədlərini qorumaq üçün texniki yardım edəcək. Onun sözlərinə görə, bu, Ermənistan - Gürcüstan sərhədinə aiddir. Hazırda alyans bu məsələdə Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edir.

HATM gələn il Ermənistan Silahlı Qüvvələrində sosial təminatın gücləndirilməyəcəyini proqnozlaşdırır. Mərkəzin məlumatına görə, bu, hərbi büdcənin azaldılması şəraitində mümkün deyil. "Ümumiyyətlə, Ermənistanın hazırkı iqtisadi, maliyyə çətinlikləri dövründə erməni ordusunda köklü hərbi islahatlar aparılacağını düşünmürəm", - deyə İ.Məmmədov bildirib. Eyni zamanda İ.Məmmədovun fikrincə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin gələn il Azərbaycanla təmas xətlərində mühəndis-istehkam işlərini sürətləndirəcəyini proqnozlaşdırmaq olar. Necə ki, bu proses illərdir davam edir.

Bəs Azərbaycan nə planlaşdırır?

HATM-ın hazırladığı sənəddə Azərbaycanın müdafiə xərclərinin vəziyyətinə və 2010-cu il üçün planlaşdırılan tədbirlərə də toxunulub. Qeyd edilib ki, 2010-cu il üçün ölkənin hərbi xərclərini cəmi 0,7 faiz artırmaq nəzərdə tutulub. Gələn ilin büdcə layihəsində cəmi müdafiə xərcləri 1 205 827 744 manat təşkil edir. Beləliklə, 2010-cu il üçün "Dövlət büdcəsi haqqında" qanun layihəsində Azərbaycan Respublikasının müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 10,7 faizi həcmində vəsait nəzərdə tutulub. Bu göstərici 2009-cu ilə nisbətən 0,9 faiz çoxdur. Xatırladaq ki, Ermənistanda bu nisbət 13 faiz təşkil edir.

İ.Məmmədov bildirdi ki, gələn il Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində nisbətən durğunluq dövrünün olacağı proqnozlaşdırılır. Amma buna baxmayaraq espertin fikrincə, 2010-cu ildə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, müdafiənin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılacaq. Bundan başqa, Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda çalışan işçilərin əməkhaqqı və pensiya sisteminin təkmilləşdirilməsi, digər sosial tədbirlərin həyata keçirilməsi gözlənilir.

İ.Məmmədov düşünür ki, 2010-cu ildə Silahlı Qüvvələri idarəetmə sahəsində təkmilləşdirmələr aparılacaq. Bu, Azərbaycanın NATO ilə 2005-ci ildə imzaladığı və 2008-ci ilin mart ayında yeniləşən Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planından (IPAP) irəli gələn məqsədlərin həyata keçirilməsinin davamıdır. Eyni zamanda Azərbaycanın müdafiə sənayesi kompleksinin inkişafı ilə bağlı xüsusi addımlar atılacaq. Bir neçə yeni silah və hərbi texnika növünün istehsalı gözlənir. Bu çərçivədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mümkündür.

NATO islahatları davam etdiriləcəkmi?

HATM-ın proqnozlarına görə, Azərbaycan bir sıra istiqamətlər üzrə, xüsusilə də kadr ehtiyacları baxımından xarici ölkələrdən asılılığını azaltmaq üçün tədbirlər görə bilər. Eyni zamanda Silahlı Qüvvələrin NATO standartlarına keçidi çərçivəsində büdcə vəsaitlərinin səmərəli istifadə və idarəetmənin təkmilləşdirilməsi üçün ixtisarlar prosesinin davamı mümkündür.

İ.Məmmədovun fikrincə, gələn il NATO-nun, o cümlədən ABŞ-ın Azərbaycan Silahlı Qüvvələrinə, o cümlədən təhlükəsizlik imkanlarının genişləndirilməsinə dəstəyinin artacağını proqnozlaşdırmaq mümkündür. Bu dəstək Silahlı Qüvvələrə olduğu kimi, Dövlət Sərhəd Xidmətinə, Daxili Qoşunlara, Milli Təhlükəsizlik Nazirliyinə göstərilə bilər.

HATM-ın proqnozlarına görə, gələn il Azərbaycanda büdcə vəsaitlərindən qənaətlə istifadə dövrü olacağına baxmayaraq, Silahlı Qüvvələrin ehtiyacları üçün Rusiya, Ukrayna, Türkiyə şirkətlərindən müəyyən sayda silah, hərbi texnika və avadanlığın alınması mümkündür.

Gələn ilin büdcə layihəsində ilk dəfə olaraq NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı və Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (IPAP) çərçivəsində planlaşdırılan tədbirlərə ayrılan vəsaitlər ixtisar edilib. Xatırladaq ki, 2009-cu ildə bu məqsədlə büdcədə 1 378 490 manat vəsait nəzərdə tutulmuşdu. İ.Məmmədovun fikrincə, bunun 2 səbəblə əlaqədar həyata keçirilməsini ehtimal etmək olar. Birincisi, Azərbaycanın 2010-cu il üçün hazırlanmış müdafiə xərcləri layihəsində NATO proqramları çərçivəsində tədbirlərə ayrılan xərclər beynəlxalq hərbi əməkdaşlıq tədbirləri çərçivəsinə daxil edilib. İkincisi, müəyyən məsələləri nəzərə alaraq Azərbaycan Silahlı Qüvvələrinin NATO proqramlarında iştirakı bir qədər məhdudlaşdırılıb. "Amma əgər IPAP sənədinin ikinci mərhələsinin gerçəkləşmə müddətinin 2010-cu ilin sonunda başa çatacağı planlaşdırılıbsa, onda birinci ehtimalın daha real olması qənaətinə gəlinə bilər", - deyə İ.Məmmədov bildirdi.

Hərbi əməliyyatlar bərpa olunacaqmı?

2010-cu ildə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində hər hansı canlanma, hərbi əməliyyatların bərpa olunması gözlənirmi? İ.Məmmədovun sözlərinə görə, HATM-ın ekspertlərinin araşdırmalarına görə, gələn il münaqişənin yenidən alovlanması ehtimalı çox aşağıdır. Bu, bir neçə səbəblə şərtlənir.

- birincisi, Azərbaycan və Ermənistan rəhbərliyi arasında kəskin şəkildə sülh danışıqları aparılır və tərəflər imkanların hələ də tükənmədiyini bəyan etməkdə davam edirlər. Tərəflərin müdafiə xərclərini artırmaması müharibə hədəflərinin olmadığından xəbər verir,

- ikincisi, regionda hərbi əməliyyatların yenidən alovlanmasının qarşısını almaq üçün ABŞ, Türkiyə, Rusiya, Fransa səylər göstərirlər,

- Cənubi Qafqazda hazırda mövcud olan qüvvələr balansı hərbi əməliyyatların tezliklə alovlanacağı barədə ehtimalları rədd edir.

İ.Məmmədovun sözlərinə görə, İranla bağlı vəziyyət hələ də tam olaraq aydınlaşmadığından regional güclərin bölgədə münaqişənin yenidən alovlanmasına imkan yaradacaqlarını düşünmək sadəlövhlük olardı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

Bölmənin digər xəbərləri
 
Parlament debatlarında sensasion mülahizələr
Bu həftə MM son aylarda görünməmiş gərginliklə işlədi

"Parlament seçkisi olmasın, artıq xərcdir"
Aydın Həsənovun "ciddi" təklifi sonradan "zarafat" adlandırıldı

"Azərbaycan Avropa Birliyinin enerji tərəfdaşına çevrilir"
İlham Əliyevin fikrincə, Bolqarıstanda imzalanmış sənədlər münasibətlərin sonrakı inkişafına əsas yaradacaq

"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"
R.Cəfərovun sözlərinə görə, Cenevrədə keçirilən dinləmələrdə rəsmi Bakıya ünvanlanan sualların bir çoxu cavabsız qalıb

Avropa Şurasından Azərbaycana hədə
"Avropa Şurasına ancaq bu qurumun standartlarına və dəyərlərinə uyğun dövlətlər üzv ola bilər"

Pənah Hüseynlə Valeh Ələsgərovun Nobel söhbəti
Oqtay Əsədov: "Pənah bəy, bilmirdim ki, ingilis dilini bilirsən"

QKDK: cəza tədbirləri sərtləşdirilsin
Komitə cərimələrin həcmini 10-15 dəfə artırmağı məsləhət bilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər