Parlament debatlarında sensasion mülahizələr
 |
Bu həftə MM son aylarda görünməmiş gərginliklə işlədi
Şənbə, 14.11.2009
Fərəh Sabirqizi |
mətn ölçüsü |
|
|
|
Bu həftə Milli Məclis son aylarda görünməmiş gərginliklə işlədi. Ayda bir neçə dəfə zorla iclas keçirən deputatlar bu dəfə beş günün dördünü parlamentə yığışmalı oldular. Bu müddət ərzində millət vəkilləri "Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələri yekunlaşdırdılar.
Dünənki iclasda büdcə paketinə daxil olan bəzi sənədlər müzakirə olundu. Gözlənildiyi kimi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı müzakirələr daha qızğın keçdi. Millət vəkillərinin bəziləri pensiyaların kifayət qədər yüksək olduğunu dedilər, bir qismi isə sosial müavinətlərin artırılması üçün maraqlı mənbələr tapdılar. Hətta sosial ehtiyacların ödənilməsi üçün parlament seçkisinin təxirə salınmasını təklif edənlər də oldu.
Doğulan uşağa görə müavinət artacaq
İclasın əvvəlində DSMF-nin sədri Səlim Müslümov rəhbərlik etdiyi qurumun büdcəsi haqqında məlumat verdi. Bildirdi ki, DSMF-nin büdcəsi gələn il üçün 1 milyard 757,2 milyon manat olacaq. Bu məbləğin 40 milyon manatı pensiyaların baza hissəsinin artırılmasına yönəldiləcək. Onun dediyinə görə, hazırda Azərbaycanda DSMF-dən pensiya alan 1 milyon 357 min pensiyaçı var. S.Müslümov bildirdi ki, gələn il uşaq doğumu üçün birdəfəlik müavinətin məbləği 50 manatdan 75 manata qədər qaldırılacaq. Dediyinə görə, Fond gələn il ölkədə 152 min uşaq doğulacağını proqnozlaşdırır.
Adəti üzrə deputatlardan bəziləri bu məsələ ilə bağlı müzakirə açmamağı, sənədi birdəfəlik qəbul etməyi təklif etdilər. Bəziləri isə müzakirələrin 10 dəqiqə yox, 5 dəqiqə olmasını istədilər. Amma müxalifətdən olan millət vəkillərinin təkidi ilə vaxtı dəyişmədən saxladılar.
Rayonlarda bankomat çatışmır
Müzakirələr zamanı Nazim Məmmədov və Elmira Axundova rayonlarda bankomat çatışmazlığından gileyləndilər. Xanım deputat dedi ki, pensiya və sosial müavinətləri poçtalyon çatdıranda mütləq "başqa məsələlər ortaya çıxır". İkram İsrafil də həmkarlarının təklifini dəstəkləyərək bəzən yaşlı insanların bankomatdan pul çıxarmaq üçün 30-40 km yol getdiyini dedi.
Stabillik varsa, niyə büdcə azalır?
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn DSMF büdcəsində bütün parametrlər üzrə göstəricilərin azalmasına diqqəti çəkdi: "Bunu heç bir halda stabillik və inkişafla izah etmək mümkün deyil.
Əmək pensiyalarının baza hissəsi, həm də pensiyaya çıxmağın yaş həddi yuxarı qaldırıldı. Bu da son 20 ildə ən antihumanist sənəd olan "Pensiyalar haqqında" qanuna dəyişikliklərin qəbulu ilə bağlıdır". Pənah Hüseyn dedi ki, gələn il inflyasiyanın 5-7 faiz həddində olacağı gözlənilir: "Deməli, gələn il də milyonlarla insanın həyat səviyyəsi minimum 7 dəfə pisləşəcək".
Pənah Hüseyn hesab edir ki, DSMF-nin büdcəsində pensiyaların artırılması üçün kifayət qədər mənbə tapmaq olar. Bunlardan biri də Fondun saxlanma xərcləridir. Deputat deyir ki, əlillərin sosial müdafiəsinə yönələn pulun yarısı elə həmin məsələ ilə məşğul olan məmurlara sərf olunur: "Sosial Müdafiə Fondunun saxlanmasına 19 milyon manat sərf olunur. Bu bahalıqda fond kimə lazımdır? Əgər bu pul pensiyaların əhaliyə çatdırılmasına sərf olunursa, onda milyonlar hara gedir? Belə çıxır, DSMF Əmək və Əhalinin Müdafiəsi Nazirliyi ilə paralel funksiyalar həyata keçirir. Azərbaycan miqyasında bir ölkədə eyni işlə məşğul olan iki iri bürokratik aparatı saxlamağa ehtiyac yoxdur. Əlillər, uşaqlı qadınların hesabına qənaət etməkdənsə, bu qurumlardan birini ixtisar edib iş başına peşəkar adamları qoymaq lazımdır".
İşsizlərin sayı daha çoxdur
Fazil Mustafa Azərbaycanda özəl sektorun kifayət qədər inkişaf etmədiyini, bunun da sosial müdafiə sisteminin təkmilləşməsinə mane olduğunu dedi: "Sosial müdafiənin məqsədi 60 yaşından sonra insanların rifah içində yaşamasını təmin etməkdir. Amma baxın ki, təqaüd yaşına çatan insanlar kifayət qədər gəlir əldə edə bilirmi?" Fazil Mustafa bu problemin DSMF-nin peşəkarlığı ilə əlaqədar olduğunu sanmır. Amma onu da düşünür ki, ümumilikdə iqtisadi sistemin yanlışlığı sosial müdafiə məsələsində ciddi problemləri ortaya qoyur: "İşləyən insanların qeydiyyatı ilə bağlı problemlər hələ də qalır. "Talkuçka"da mal satanlar, şadlıq evlərinin zirzəmilərində araq, saxta su bağlayan adamlar da işçidirlər. Amma onların qeydiyyatı getmir. Elə işsizlərin də qeydiyyatı düzgün aparılmır, onların sayı daha çoxdur".
Qadınlar daha sağlamdır, niyə kişilərdən tez pensiyaya çıxırlar?
İxtisasca həkim olan Hikmət Atayev isə sensasion təklif irəli sürdü. Onun fikrincə, pensiyaya çıxmaq üçün yaş həddi məsələsində qadınlara güzəştə getməyinə dəyməz: "Çünki bioloji baxımdan qadın orqanizmi kişiyə nisbətən daha möhkəmdir. Onda niyə qadınlar daha tez pensiyaya çıxmalıdır? Hansı qadın istəyər ki, evdə həyat yoldaşının yanında ona pensiyaçı kimi baxsınlar". Həkim kimi çıxış edən H.Atayev onu da xatırlatdı ki, çox uşaq dünyaya gətirən qadın daha sağlam olur. Ona görə də onlara xüsusi güzəşt etməyin mənası yoxdur. "Kişilər işdən çıxan kimi yaşamaq stimulunu itirmiş olurlar. Amma qadınlar pensiyaya çıxanda ev yığışdırır, xörək bişirir, uşağa baxır". Bir sözlə, Hikmət Atayev qadınlarla kişilərin eyni yaşda pensiyaya çıxmasını təklif etdi.
Birinci vitse-spiker Ziyafət Əsgərov bu təklifi bir neçə gün əvvəl - Əmək pensiyaları haqqında qanun müzakirə ediləndə qaldırmağın daha düzgün olduğunu dedi: "Deyirsiniz, qadınların da pensiyaya çıxma yaşını 63-ə qaldıraq? Amma onda bunun məsuliyyəti sizin üzərinizdə olacaq".
"Azərbaycanda hər 3 pensiyaçıdan 2-si yoxsulluq səviyyəsində yaşayır" deyən iqtisadçı deputat Əli Məsimli Pensiya Fondu ilə Dövlət Neft Fondunun birləşdirilməsini təklif etdi. Onun fikrincə, pensiya hesablanmasında dəyişiklik etmək lazımdır: "Əgər balıq yetişdirən insan da 150 manat, insan yetişdirən müəllim də 150 manat alacaqsa, onlar arasında fərq olmayacaqsa, bu düstur işləməyəcək".
Bankomatı yox, təfəkkürü dəyişmək lazımdır
YAP icra katibinin müavini Səyavuş Novruzov adəti üzrə çıxışının bir hissəsini Pənah Hüseynin fikirlərinə münasibət bildirməyə həsr etdi. Dedi ki, 19 milyon manat DSMF-nin ümumi büdcəsinin heç 1 faizini təşkil etmir. Hansı ki, bu aparat işçiləri çox əziyyətlə büdcəyə vəsait toplamaqla məşğuldurlar". Bankomat çatışmazlığına gəlincə, S.Novruzov bu cihazların sayında yox, insanların təfəkküründə dəyişiklik etməyə ehtiyac olduğunu dedi: "Bankomat ona görə deyil ki, ayın 1-də dərhal kartı əlinə alıb pulu çıxarasan. Biz sandıq psixologiyasından çıxmalıyıq. Lap 20 bankomat qoysaq, hər dəqiqə gətirib pulu bankomata yerləşdirmək olmaz axı. İndi bankomat poçtalyon funksiyasını yerinə yetirir. Poçtalyona 1 manat verirdilər, indi onu da vermirlər."
Ya əməkhaqqı, ya da pensiya!
YAP icra katibi Əli Əhmədov uşaq doğuşu üçün birdəfəlik müavinətlərin 75 manata qədər artırılmasını dəstəklədiyini dedi. Amma onun fikrincə, bu yardımı da ünvanlı etmək lazımdır: "Elə ailələr var ki, bu pula ehtiyacı var. Ehtiyacı olmayanlar isə onsuz da gəlib həmin pulu almırlar. Bəlkə bu müavinəti də ünvanlı etmək daha yaxşı olardı". Əli Əhmədov pensiya sistemindəki daha bir məsələni - həm pensiya almaq, həm də işləyib əməkhaqqı almağı sosial ədalətsizlik adlandırdı: "İnsan ya işləyib əməkhaqqı almalı, ya da pensiyaya çıxmalıdır".
İkram İsrafil çıxışında bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işləri, bu prosesə icra orqanlarının, polis işçilərinin mane olduğu ilə bağlı faktlar səsləndirmək istəyirdi. Amma spiker Oqtay Əsədov onun sözünü kəsib danışmasına imkan vermədi: "Büdcədən danış. Heç bura polisin yeridir? Siz qərəzli çıxışlar edirsiniz. Tənqid olsun, amma qərəzli yox. Axı 4 ildir burda oturmuşuq..."
|
|
|
Oxşar xəbərlər:
Büdcəyə vergi daxilolmaları arta bilər
Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Neftin qiyməti yenə də qalxarsa...
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
Gələn ilin büdcə layihəsi hazırdır
|
|
|