Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatı laureatı, "Azərbaycan" jurnalı poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadənin 50 illik yubileyi qeyd edilib. Yaradıcılığında fərqli olduğu kimi, öz yubileyini də şair özü açıq elan edib. Xalq şairi Gülhüseyn Hüseynoğlu, İlyas Tapdıq, Fikrət Sadıq, Abbas Abdulla, Oqtay Rza, xalq artistləri Flora Kərimova, Niyaməddin Musayev, bəstəkar-şair Xanım İsmayılqızı, şairlərdən Səlim Babullaoğlu, Ədalət Əsgəroğlu, Xuraman Vəfa, Məlahət Yusifqızı, Fərqanə Mehdiyeva və başqaları çıxış edərək Qəşəmzadənin yaradıcılıq yolundan, əsərlərinin bədii xüsusiyyətlərindən və onların oxucular tərəfindən maraqla oxunmasından söz açıblar. O da qeyd edilib ki, şairin şeirləri indiyə kimi 20 dilə tərcümə edilib, 21 şeir kitabı çap olunub. Şeir toplularının 7-si xarici ölkə xalqlarının dilində (5-i xaricdə, 2-si Bakıda) işıq üzü görüb.
Sonda şair öz yeni şeirlərini oxudu və bu günlərdə çapdan çıxmış "Oğlum, qapını aç, qapıda bir külək ölür" kitabını məclis iştirakçılarına hədiyyə edib.
|