Son aylar klip bazarında əcnəbi rejissorların adı daha çox hallandırılır. Bu siyahıya Sevda Ələkbərzadə, İradə İbrahimova, "Dəyirman" qrupu və nəhayət Ruhinin çəkdirdiyi kliplər daxildir. Bir müddət əvvəl şou-biznesə "əlvida" edəcəyini deyən sonuncu müğənninin təqdimata çıxardığı işlərini izlədikdən sonra bunu bir dönüş adlandırmaq olar.
Ramiz Rövşənin sözlərinə Xanım İsmayılqızının bəstələdiyi "Mən sənsiz ölmədim" klipinin Türkiyədə ekranlaşdırılan görüntüləri Ruhini yeni bir ampluada göstərə bildi. Bu proses Ruhinin və onun komandasının xeyli vaxtını aparıb. Əvvəlcə gedib oradakı məkan və mühitlə tanış olan sənətçinin növbəti səfəri çəkiliş prosesi ilə davam edib.
Ruhi iddia edir ki, həmin klip elə bir kamera ilə çəkilib ki, bu texniki vasitə Türkiyədə bir ədəddir... Bu səbəbdən də onu əldə etmək asan olmayıb. Hazırda Türkiyədə çalışan teleaparıcı Kamilə Babayeva bu müşkülü asan edib. Bu teleaparıcının vasitəsi ilə həmin texnikanı birtəhər kirayələmək mümkün olub. Türkiyəli rejissor Pelin Karamehmetoğlu tərəfindən 35 mm-lik kinolentə çəkilən klipdə Ruhinin tərəf-müqabili Seyhan Doğrutürk adlı modeldir.
İşi barəsində danışan Ruhi daha sonra klipi ilə eyni adı daşıyan albomunun tanıtımını etdi. Bildirdi ki, ilk dəfə işıq üzü görən alboma seçmə mahnılar daxil edilib. Həmin mahnıların müəllifləri arasında Nüsrət Kəsəmənli, Məhəbbət xanım, Rəşad Bağırov, Sədaqət Arifqızı, Aybəniz Güllər, Tunar və başqalarının adları var. Nəfis tərtibatlı topluya sənətçinin Bakıda və İstanbulda aparılan fotosessiyası, yeni klipi də daxil edilib.
|