Klip bazarını sıx-sıx təzələyən Nadir Qafarzadə yenidən çəkiliş meydançasındadır. Bu gündən onun iki mahnısının çəkilişləri başlayır. Onun mətbuat əlaqələndiricisi Aysel Məmmədovanın bildirdiyinə görə, ilk çəkiliş müğənninin yaxın bir ildə repertuarını bəzəyən "Ata, sənə ehtiyacım var" mahnısına çəkilir. Sözləri Baba Vəziroğluna, musiqisi Sədaqət Arifqızına məxsus mahnının ekran görüntüləri tezliklə hazır olacaq.
Bundan əlavə, müğənni "Demə gedirəm" adlı mahnıya da ekran həyatı verməyi düşünür. Çəkilişləri yaxın bir həftəyə təsadüf edən mahnının söz müəllifi Rasim, musiqisi isə Leyliyə məxsusdur. Mətbuat katibi ikinci klipin Fuad Əlişov tərəfindən çəkiləcəyini qeyd edib.
Repertuarını da təzələmək həvəsinə düşən Nadir Qafarzadə bir qədər klassikaya söykənmək istəyib. Öyrəndik ki, müğənni xalq artisti Elmira Rəhimovanın repertuarından oxumaq istəyir. Müğənni bu qənaətə gəlib ki, həmin mahnını Elmira xanımla birlikdə səsləndirsin. Lakin xanım müğənni təklifi qəbul etsə də, onun səhhəti buna imkan verməyib. Bu səbəbdən Nadir gözləmə mövqeyindədir.
|