![]() |
çap et |
|
|||
Söhbət xalq artisti Nazpəri Dostəliyevanın ötən gün satışa çıxarılan "Sehr" adlı albomundan gedir. Bundan əvvəl mətbuatla görüşən müğənni piratlarla mübarizədə onların dəstəyini almaq istədi: "Bu gün mən xalq mahnısı "Getdi yar" mahnısına "Next" qrupu ilə birlikdə çəkdirdiyim klipimin və eyni zamanda "Sehr" adlı albomumu sizlərin ixtiyarına verirəm. Albom haqqında danışarkən öncə deyim ki, bu, iki illik zəhmətin bəhrəsidir. STS şirkətində işıq üzü görən albomun tərtibatı onun surətini çıxarmağa imkan vermir. Buna baxmayaraq, piratların təsir gücünün yetərli olduğunu nəzərə alıb, biz mübarizə vasitələrimizi daha da genişləndirməyi düşünürük. Belə ki, albom satışa çıxarılan gündən mənim ətrafımda olan insanlar satış mərkəzlərində reydlər aparacaqlar. Əgər albomun saxta nüsxəsi aşkarlanarsa, bu cəhd müxtəlif üsullarla zərərsizləşdiriləcək. Yəni albom satışdan çıxarılacaq və pirat tərəf isə qanuni yollarla cəzasını alacaq. Bu işlə artıq vəkilim də məşğuldur".
Klipi yayımlanan müğənni burada qrupla ifasına aydınlıq gətirdi. Dedi ki, "Next" qrupu ilə birlikdə oxuması özünün təşəbbüsüdür. Hazırda, Mədəniyyət və İncəsənət Universitetində pedaqoji işlə məşğul olan sənətçi xanım, nədənsə, seçim apararkən tələbələrinin üzərində dayanmayıb: "Mənim tələblərimə məhz sözügedən qrupun ifa imkanları uyğun gəlirdi. Lakin biz dueti səsləndirməzdən öncə onlara lazımi dərslər keçdim. Mahnının milliliyini itirməmək şərti ilə ona müasir elementlər daxil etdik. Mənim ifamda bu, özünü qabarıq şəkildə göstərmir. Qrup iştiraçıları ifanı əsasən müasir improvizələr üzərində qurmuşdu. İzlədiyiniz kimi, orada mən muğam parçası da səsləndirmişəm". Qeyd edək ki, mahnıda müasir elementləri kənara qoysaq, "Next" qrupunun ifasında "Qaya" qrupunun klassikası hiss olunurdu. Nazpəri xanım bu işdə özünün əməyinin az olmadığını bildirdi. Söhbəti yeni albomu üzərinə qaytaran müğənni qeyd etdi ki, bura bir neçə köhnə və yeni mahnıları daxil edilib. 5 manata satışa çıxarılan albomda mahnı müəlliflərinin sırasında müğənninin də adı hallandırılıb. Nazpəri xanım albomun adını daşıyan "Sehr" mahnısının söz müəllifidir. Tədbirin irəliləyən dəqiqələrində N.Dostəliyevanın yenilənmiş nazperi.az saytı da mətbuat işçilərinə təqdim edildi. |