![]() |
çap et |
|
|||
Namus üstündə qızını qətlə yetirməkdə təqsirli bilinən Siyəzən sakini Vaqif Mahmudov müttəhimlər kürsüsündə əyləşib. Bu işə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır.
İttihama görə, 2005-ci il dekabrın 28-də rayonun Qara Siyəzən kəndində 24 yaşlı Dilguşə Mahmudova əxlaqsızlıqla məşğul olduğu üçün atası Vaqif Mahmudov tərəfindən qətlə yetirilib. Belə ki, Dilguşə Mahmudova nişanlı ola-ola başqa bir kişi ilə bir yerdə yaşayıb. Nəticədə nişanı qaytarılan Dilguşədən ailə üzvləri üz döndəriblər. Dilguşə bir müddət Naftalanda bacısının evində yaşasa da, əməlindən qalmayıb. Bacısının davranışlarından narazı qalan böyük bacı onu Naxçıvanda yaşayan qardaşının yanına göndərib. Lakin qardaş da bacısının davranışlarına dözə bilməyib. Naxçıvandan qayıdarkən Dilguşəni Bakıda atası, 1945-ci il doğumlu Vaqif Mahmudov qarşılayıb. Ata qızını birbaşa Qara Siyəzəndəki atası Əlisoltana məxsus evə aparıb. Qızın əl-ayağını bağlayan ata onu boğaraq öldürüb. Meyiti isə həyətdəki ayaqyolu quyusuna atıb. Bu işin üstünü Siyəzən polisi açıb. Vaqif Mahmudovu məsuliyyətə cəlb ediblər. Lakin ata qızını öldürməsindən peşman deyil: "O mənim başımı yerə soxub. Mən də onun meyitini nəcisə atdım..." |