çap et  
Cənub narkotrafikində hərəkətlilik
Cənub narkotrafikində hərəkətlilik
Üç qrupa cəza kəsildi
Şənbə, 14.11.2009

Hacı Zeynalov

İran-Azərbaycan narkotrafikində bir hərəkətlilik müşahidə olunur. Tutulan qrupların çoxluğu bunu göstərir. Bu hal bir də onu göstərir ki, İran hakimiyyəti narkotik alverinə qarşı mübarizəni pis qurub.

Faktlara keçək. Bizim ölkəyə İrandan uyuşdurucu gətirməkdə ittiham olunan Vasif Yusifzadə, İntiqam Qasımov, İlham Gözəlov, Rasim Atakişiyev, Hümbət Talışov, Nəvai Həmidov, Cahangir Quliyev, Şahmar İmranov, Nəsib Həsənov, Zülfüqar Əsədov və Vasif Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Onlardan ilk olaraq 20 yaşlı Vasif Yusifzadə və 23 yaşlı İntiqam Qasımov saxlanıblar. Onlar Şüvəlan qəbiristanlığında 806 qram heroini satarkən yaxalanıblar. İstintaq yolu ilə narkotikin İlham Gözəlov adlı şəxsə məxsus olduğu sübuta yetirilib. Bundan sonra Bakı şəhər sakini, 33 yaşlı İlham Gözəlov Əhmədlidəki evində həbs olunub. Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis Füzuli rayon sakinləri, 41 yaşlı Rasim Atakişiyev və 26 yaşlı Vasif Həsənovu da yaxalayıb. Vasif Həsənovun evindən 10 kiloqram, Rasim Atakişiyevin evindən isə 1 kiloqram həşiş tapılıb.

İstintaqla müəyyən olunub ki, narkotik maddələr Azərbaycana İrandan qaçaqmalçılıq yolu ilə Hümbət adlı şəxs tərəfindən gətirilir. Keçirilmiş tədbirlər nəticəsində Beyləqan sakini, 51 yaşlı Hümbət Talışov da həbs edilib. Onun mənzilindən sonuncu dəfə İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi 20 kiloqram həşiş və 1 kiloqram heroin aşkarlanıb. İstintaqa ifadəsində Hümbət Talışov uyuşdurucunu Rasim Atakişiyevin sifarişi ilə gətirdiyini bildirib.

Saxlanılan şəxs İran vətəndaşı Nadir adlı şəxslə tanış olduqdan sonra ondan xeyli miqdarda narkotik alaraq 5 dəfə sərhədi qanunsuz keçdiyini etiraf edib. Hümbət Talışov İrana qanuni yolla gedərkən sənədlərinin düzəldilməsi və yol xərcinin Rasim tərəfindən ödənildiyini bildirib.

İrandan alınacaq narkotikə görə pulu da Rasim Atakişiyev ödəyib. Rasim dəfələrlə Nadir adlı şəxslə telefon əlaqəsi saxladığını da etiraf edib.

Rasim Atakişiyev və Vasif Həsənov əldə etdikləri uyuşdurucunun 4 kiloqramını satmaq üçün tanışları Şahmar İmranova veriblər. 46 yaşlı Şahmar İmranov istintaqa ifadəsində narkotiki qohumu Cahangir Quliyev vasitəsi ilə Əfrayıl Xankişiyevə satdığını təsdiqləyib və bundan sonra hər iki şəxs həbs olunub. İstintaq sübuta yetirib ki, dəstənin fəalı Rasim Atakişiyev 5 kiloqram həşişi tanışları Nəsib Həsənov vasitəsi ilə Rusiyanın Sverdlovsk şəhərinə göndərib. Lakin Nəsibə inanmayan Vasif Həsənov hər ehtimala qarşı Nəvai Həmidovu da ona nəzarət üçün eyni vaqonda Rusiyaya göndərib. Həmin narkotiki isə Beyləqandan Bakıya Vasif Həsənov gətirib.

Bu transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olduqca konspirativ şəraitində fəaliyyət göstərirmiş. Təsadüfi deyil ki, onların bir çoxu hətta bir-birlərini tanımayıb. Dəstə üzvləri iranlı narkobaron Nadir və Rasim Atakişiyev tərəfindən təlimatlandırılaraq fəaliyyət göstəriblər. Bu cinayət işi üzrə məhkəmə prosesi noyabrın 16-da davam etdiriləcək.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə uyuşdurucu alveri ilə məşğul olan İran vətəndaşına hökm oxunub. CM 206.2-ci (qaçaqmalçılıq), 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə ittiham olunan Fərhəng Rahimipur 9 il iş aldı. Bu narkoalverçi bu ilin iyulunda Biləsuvar gömrüyünün əməkdaşları tərəfindən yaxalanıb.

İrandan Azərbaycana narkotiklərin daşınması ilə məşğul olan Astara sakinləri - Alim Həsənov, Ağagül Abbasquliyev və Şərur sakini Kamal Əliyevin də məhkəməsi başa çatıb.

İttihama görə, MTN-in bu il mayın 4-də keçirdiyi əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Astara sakinləri - Ağagül Abbasquliyev, Alim Abbasov və Sumqayıt sakini Kamal Əliyev saxlanıblar. Onlardan 4 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, bu adları çəkilənlər, eləcə də hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və digər şəxslər satış məqsədilə narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən, gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.

Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ağagül Abbasquliyevin tapşırığı ilə Alim Həsənov İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri həmin uyuşdurucunu Astaranın Pəlikeş kəndinin ərazisində onlardan qəbul edib və meşədə gizlədib. Sonra Ağagül Abbasquliyev Alim Həsənova narkotik vasitəni Sumqayıta aparmağı tapşırıb, bunun müqabilində ona 8 min ABŞ dolları veriləcəyini vəd edib. Alim Həsənov narkotiki öz idman çantasında Bakı şəhərinə gətirib və Kamal Əliyevlə Sumqayıtın girəcəyində görüşmək barədə razılaşıblar.

Alim Həsənov Kamal Əliyevin təlimatına əsasən taksi maşınında Sumqayıta gəlib və onlar burada görüşən zaman MTN əməkdaşları tərəfindən saxlanıblar. Baxış zamanı onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan heroin, Kamal Əliyevdən isə Alim Həsənova vəd olunan 8 min ABŞ dolları məbləğində pul aşkarlanaraq götürülüb. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən məhkəmədə bu şəxslərin hər birinə 13 il cəza təyin edildi.

İrandan Azərbaycana uyuşdurucu gətirməkdə təqsirli bilinən daha iki şəxsə isə məhkəmənin hakimi Elmar Quliyev cəza kəsib. Məhkəmənin hökmü ilə İran vətəndaşı Rəfayyət Mikayili 9 il, Azərbaycan vətəndaşı Nazim Fətiyev 12 il iş aldılar. Bu şəxslər fevralın 4-də MTN əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində yaxalanmışdılar.