çap et  
İqtisadçı Rövşən Ağayev: "Təhsil sistemindəki ödəniş siyasəti oğurluğa bənzəyir"
İqtisadçı Rövşən Ağayev: "Təhsil sistemindəki ödəniş siyasəti oğurluğa bənzəyir"
Ona görə ki, hər il təhsil haqqı artırılır və insanlar bundan son anda xəbər tutur
Şənbə, 14.11.2009

A.Akif

Dövlət ali təhsil məktəblərinin sərbəst tarif siyasətinin qarşısına çıxan yoxdur. 2003-2009-cu illərdə təhsil haqlarının orta hesabla üç dəfəyədək artması da məhz elə hüquqi xaosun nəticəsidir. İqtisadçı Rövşən Ağayev ölkənin bir neçə nüfuzlu dövlət ali məktəbinin timsalında apardığı araşdırmasının nəticəsini oxucularımızla bölüşür.

Beləliklə, 2003-cü ildə Bakı Dövlət Universitetinin (BDU) I ixtisas qrupu üzrə təhsil haqlarının minimum həddi 260, maksimum səviyyəsi 300 manat olub, 2008-ci ildə rəqəmlər uyğun olaraq 400-800 manat təşkil edib. 2009-cu ildə həmin tariflər yenidən artırılıb və 500-900 səviyyəsinə çatdırılıb. Eyni vəziyyət BDU-nun bütün ixtisas qruplarında müşahidə olunub. II qrup üzrə tariflər 2003-cü ildə 360-1000 manat, 2009-cu ildə 600-1300 manat (ötən il 500-1200 manat), III qrup üzrə tariflər 2003-cu ildə 260-1100 manat, 2009-cu ildə 500-1700 manat (ötən il 400-1500 manat), IV qrup üzrə tariflər 2003-cü ildə 300-460 manat, 2009-cu ildə 700-900 manat (ötən il 500-800 manat) səviyyəsindədir.

Rövşən Ağayevin söylədiklərinə görə, eyni intervallarda artım dövlət iqtisad, pedaqoji, memarlıq və inşaat və başqa universitetlərdə də mövcuddur. Məsələn, əgər 2003-cü ildə ADİU-da ödənişli ixtisaslara qəbul olunmuş bir tələbəyə düşən orta təhsil haqqı 520 manat idisə, bu il həmin göstərici 1300 manat təşkil edəcək. Ötən il 1200 manat olub.

Tarif Şurası hara baxır?

İqtisadçı qanunvericilikdə bu məsələ ilə bağlı qeyd olunanları açıqlayır. Məlum olur ki, dövlət ödənişli təhsil sistemində təhsil haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. "Tənzimlənən qiymətlər haqqında" qanunun 5-ci maddəsi qiymətlərin tənzimlənməsi sahəsində dövlətin vəzifələrini müəyyənləşdirir. Həmin maddənin 3-cü bəndində qeyd olunur ki, tənzimlənən qiymətlərin təsdiqi, tətbiqi və dəyişdirilməsi bilavasitə dövlətin vəzifəsidir. Tarif Şurası haqda əsasnaməsinə görə, tənzimlənən qiymətlər üzrə tənzimləməni bu şura həyata keçirməlidir. Nəhayət, Nazirlər Kabinetinin "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı haqqında" qərarında 39 növ məhsul (xidmət) müəyyən olunub. Həmin siyahının 15-ci sırasında da bu məsələ əksini tapır.

Beləliklə, qüvvədə olan normativ-hüquqi aktlar aşkarca deyir ki, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. Amma şuranın 2004-cu ildən 2009-cu ilədək qəbul etdiyi 55 qərar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur. Belə çıxır ki, təhsil haqları dövlət ali təhsil müəssisələrinin rektorlarının əmrilə təsdiqlənir. Bəs onda dövlət başçısının, baş nazirin imzaladığı fərman və sərəncamlar, millət vəkillərinin səs verdiyi qanunlar kim və nə üçündür?

Rövşən Ağayev hesab edir ki, təhsil sahəsində dövlət nəzarətini həyata keçirməyə məsul olan Təhsil Nazirliyi buna göz yumursa, deməli, bu işdə onun da maraqları var. Məsələ burasındadır ki, "Tənzimlənən qiymətlər haqqında" qanunun 9-cu maddəsinə görə, qiymətlərini dövlətin tənzimlədiyi məhsullara (xidmətlərə) sərbəst qiymət təyin olunması hüquqi məsuliyyət doğurur və həmin qiymətləri Tarif Şurası ləğv etməlidir.

Avropa yanaşması

Azərbaycan bir çox sahələrdə olduğu kimi, pullu təhsilin tətbiqində də Rusiya modelini seçib. Bu ölkədə təhsil alan bütün tələbələrin 57 faizi, o cümlədən dövlət ali təhsilində oxuyanların 52 faizi ödənişli ixtisasların payına düşür. Təhsil haqları da kifayət qədər yüksəkdir. Məsələn, bu ölkədə Harvardın tarifləri ilə tələbə qəbul edən təhsil ocaqları var. Əhalisinin yaşayış səviyyəsinə (əməkhaqqının, adambaşına düşən milli gəlirin) görə Rusiya və Azərbaycanı azı 15-20 dəfə geridə qoyan inkişaf etmiş Avropa ölkələrinin bir çoxunda dövlət təhsili ya öz vətəndaşları üçün tam pulsuzdur, ya da təhsil haqları olduqca azdır. Məsələn, indi Azərbaycanda əhalinin ödədiyi haqlara yaxın bir məbləğdən söz gedə bilər.

Fransa, Çexiya, Norveç, Finlandiya, İsveçrə kimi ölkələrdə dövlət universitetləri tam pulsuzdur. Çexiyada hökumət 2011-ci ildən sonra bu məsələni nəzərdən keçirməyi planlaşdırır. Almaniyada 2006-cı ildən dövlət təhsil müəssisələrində ödəniş tətbiq olunur. Amma ödənişlərin məbləği elə də yüksək deyil - hər semestr üçün 200-300 avrodan 500 avroyadək. İllik orta hesabla 500-1000 avro. Avropanın çox nüfuzlu təhsil ocaqlarından olan Berlin Texniki Universitetində bir semestr üçün təhsil haqqı cəmi 250 avrodur. Hazırda bu ölkədə dövlət universitetlərində təhsil alanların təxminən 15-20 faizi ödənişli əsaslarla oxuyur.

Azərbaycandan fərqli olaraq bu ölkələrin hərəsinin bir neçə universiteti dünya reytinq cədvəlinə düşüb. Onların məzunlarının böyük hissəsi - azı 70-75 faizi təhsilini başa vuran kimi öz ixtisasları üzrə işə cəlb olunur və onların illik qazancları bir illik təhsil haqlarını azı bir neçə dəfə üstələyir. İnkişaf etmiş ölkələrdə dövlət öz təhsil sistemində təhsil haqlarının səviyyəsini və ödənişli təhsilin payını müəyyən edərkən ilk növbədə özünün strateji maraqlarını, sonra isə əmək bazarının yuxarıda sadaladığım tələblərini nəzərə alır.

Bəs bizdə?

Bəs bizdə hansə meyarlar əsas götürülür? R.Ağayev tədqiqatında bu məsələyə də aydınlıq gətirir: "Diplomları Biləcəridən o tərəfə tanınmayan təhsil ocaqlarında ödənişli yerlərin sayı təhsil haqlarına mütənasib olaraq artır. Dövlət universitetləri plan yerlərini büdcənin yox, ödənişli ixtisasların hesabına həyata keçirir. Son 5 ildə ali məktəblərə qəbul planı 1200 nəfərədək artıb. Bu artım yalnız dövlət ödənişli təhsili sayəsində təmin olunub. Belə ki, 2004-2009-cu illərdə dövlət ali təhsil müəssisələrinin ödənişli ixtisasları üzrə plan yerləri 12.800 nəfərdən 14.391 nəfərə yüksəlib. Bununla da dövlət sektorunda ali təhsil alanlar içərisində pulla oxuyanların xüsusi çəkisi 54 faizdən 58 faizə, öz növbəsində özəl sektor da nəzərə alınmaqla, ödənişli təhsil alanların payı isə 61 faizdən 63 faizə çatıb. Göründüyü kimi, ölkədə ali təhsil alan hər üç nəfərdən ikisi öz cibinin pulu ilə oxumalıdır. Pulun yoxdursa, oxuma - hazırkı ali təhsil sistemi məhz bu prinsip üzərində qurulub".

AB "Lissabon strategiyası"nın tələblərinə görə, 10 il ərzində üzv dövlətlərin hamısında ali təhsil sistemi elə qurulmalıdır ki, hər vətəndaşın ali təhsilə və peşəkar hazırlığa bərabər çıxışı təmin olunsun. Bu baxımdan Avropa ölkələri üçün əsas öhdəliklərdən biri dövlətin təhsilin, o cümlədən ali təhsilin yükünü öz çiynində daşımasıdır.

İqtisadçı deyir ki, hazırda bu ölkələrdə ali təhsilə dövlətin çəkdiyi xərclərin ÜDM-də payı 1-1,5 faiz təşkil edir. Azərbaycanda isə bənzər göstərici 0,5 faizdən də azdır. Avropa ölkələrində ictimai universitetlərin xərclərinin azı 90 faizi dövlətin üzərindədir və qeyd olunduğu kimi, onların xeyli hissəsi öz vətəndaşlarından təhsil haqqı almır:

"Amma məsələn, 2008-ci ildə BDU-nun büdcəsi prezident fondundan ayrılan 4,6 milyon, investisiya xərcləri çərçivəsində ayrılan 3 milyon manatla birgə təxminən 25 milyon manat təşkil edib. Onun ümumi büdcəsinin azı beşdə biri, tələbə bazasının isə 55 faizi ödənişli təhsil hesabına formalaşıb. Bu il dövlət ali məktəblərinin ödənişli mənbədən gəlirləri indiki yüksək tariflərlə belə 70 milyon manatı ötməyəcək. Əgər hökumət ali təhsilə dövlət xərclərinin ÜDM-də payını 1 faizə çatdırsa, o zaman büdcədən təxminən əlavə 150 milyon manat xərcləmək lazım gələcək. Bu, əhalinin hazırda ödədiyi məbləğdən 2 dəfə çox olmaqla, dövlətin cari imkanları müqabilində böyük vəsait də deyil. Hələ onu demirəm ki, dövlət Qərb ölkələrindəki kimi özəl universitetlərin də inkişafına öz maliyyəsini əsirgəməməlidir. Ötən il dövlət ali məktəblərinin ödənişli ixtisaslarına qəbul edilən 13,5 mindən artıq tələbənin 16 faizi və ya 2,2 min nəfəri 500-dən artıq bal toplayan abituriyentlər olub. Təsəvvür edin, öz hesabına yaşayan özəl ali məktəblərin bir çoxu 500-dən artıq bal toplayan tələbələri qismən və ya tamamilə təhsil haqqından azad edir, amma dövlət onlara bir manatını da keçmir".

İqtisadçı bu qənaətdədir ki, dövlət özünün ali məktəblərində ödənişli təhsillə bağlı dəqiq standartlar müəyyən etməlidir. Əvvəla, maksimum balın (700) azı 65 faizdən (450) çoxunu toplayan bütün abituryentlərin pulsuz təhsil almasına dövlət zəmanət verməlidir. Başqa tərəfdən, həmin səviyyədən aşağı bal toplayanlar üçün ödənişli təhsil saxlanacağı təqdirdə ödəniş məbləğlərinin müəyyən olunması sahəsində hazırkı özbaşınalıqlar aradan qalxmalıdır.

R.Ağayevin fikrincə, təhsil haqlarının maksimum məbləği, aşağı və yuxarı məbləğlər arasında nisbət, təhsil haqlarına yenidən baxılması zərurəti və bu barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması qaydaları hüquqi əsaslara söykənməlidir. İndiki ödəniş siyasəti isə oğurluğa bənzəyir. Hər il təhsil haqları dəyişir, amma insanlar bundan son anda xəbər tuturlar.