![]() |
çap et |
|
|||
Milli Büdcə Qrupu (MBQ) 2010-cu ilin büdcə zərfini gözdən keçirərək bu qənaətə gəlib ki, son illərin büdcəsi ilə müqayisədə növbəti ilin büdcəsi kəskin azalma və böyük kəsirlə müşayiət olunur.
Qrupun açıqlamasında deyilir: "Hökumətin nisbətən orta və uzun müddətə hesablanmış effektiv büdcə siyasəti mövcud deyil. Obrazlı şəkildə desək, hökumət əlverişli konyunktura şəratində izafi xərcləməyə meyllidir, vəsait çatışmazlığı dövründə isə işini yalnız bu izafi iştahını "cilovlamaqda" görür. Dünyanın əksər ölkələrində hökumət böhran dövründə makroiqtisadi siyasətdə ciddi dəyişiklik etməklə, daxili iqtisadiyyata əlavə nəfəs verməklə, onu canlandırmağa can atdığı bir dövrdə Azərbaycanda hökumət hüquq-mühafizə orqanları istisna olmaqla, bütün digər sahələrin maliyyələşməsini kəskin azaltmaq yolunu panaseya kimi qəbul edir və çıxış yolunu yalnız bunda görür". MBQ-nın gəldiyi sərt tənqidi rəylə oxucularımızı qrupun idarə heyətinin üzvü, iqtisadçı Zöhrab İsmayılov daha ətraflı tanış edir. Onun sözlərinə görə, cari büdcə ilə müqayisədə növbəti ilin büdcə gəlirlərinin 18,9% azalması ölkənin sosial-iqtisadi həyatında ilk ən ciddi sınaq oldu. O, söhbətə növbəti ilin dövlət büdcəsinin gəlirlərinin kəskin azalmasının səbəblərinə aydınlıq gətirməklə başladı: - Bu kəskin azalma əsasən iki səbəblə bağlıdır. Birincisi, neft şirkətlərinin gəlirlərinin azalması, qeyri-neft sektorunda ziyanla işləyən müəssisələrin çoxalması, iş yerlərinin bağlanma tempinin yüksəlməsi və növbəti ilin dövlət büdcəsində neftin 45 dollar səviyyəsində hesablanması ilə izah oluna bilər. İlk baxışdan elə təəssürat yaranır ki, hökumət sanki bu il üçün qeyri-adi səviyyədə yüksək neft qiyməti (1 barrel üçün 70 dollar) bazasında hesabladığı büdcəni növbəti il üçün aşağı qiymət bazasında hesablayaraq nəinki özünü sığortalamaq, hətta təkrar sığortalamaq niyyəti güdür. Böhran ilinin büdcəsi həm də onu nümayiş etdirdi ki, hökumətin dünya iqtisadi konyunkturasına reaksiyası çevik deyil və əksər halda gecikmiş xarakter daşıyır. 2009-cu ilin büdcəsində neftin qiymətinin 70 dollar səviyyəsində olması nə qədər reallıqdan uzaq və heç bir proqnoza söykənməyən görünürdüsə, 2010-cu ilin büdcəsində bu qiymətin 45 dollar səviyyəsində hesablanması bir o qədər anlaşılmaz təsir bağışlayır. 2010-cu ilin büdcəsində neftin qiymətində 45 dollar real proqnozlara söykənmir və böyük ehtimalla hökuməti növbəti ilin ortalarında büdcəni yenidən hesablamağa vadar edəcək. MBQ hesab edir ki, hökumətin fəaliyyətində proqnozlaşma işi gözlənilən səviyyədə deyil və bu istiqamətdə tədqiqat bazasını gücləndirməyə ciddi ehtiyac var. - Bu həm də o demək deyilmi ki, büdcənin neftdən asılılığı artır, müstəqilliyi isə azalır? - Hökumət son zamanlar neftdən asılılığın azaldığını deyir. Lakin reallıqda bu, müşahidə edilmir, əksinə, bu asılılıq bir qədər də güclənib. Hətta iqtisadi məntiqin əksinə olaraq, böhran dövründə dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi də bu asılılığı səngitmədi. Böhran ilinin büdcəsi göstərdi ki, karbohidrogen resurslara bağlanan Azərbaycan iqtisadiyyatı hələ uzun müddət bu asılılıqdan qurtula bilməyəcək, əksinə, bu asılılıq ildən-ilə güclənəcək. Bütövlükdə sosial-iqtisadi vəziyyəti nisbətən yüngülləşdirən isə Dövlət Neft Fondunda yığılan vəsaitin mövcudluğu, onun, demək olar ki, məhdudiyyətsiz istifadəsi, beynəlxalq neft və qaz sazişləri çərçivəsində hasilatın pik nöqtəsinə yaxınlaşması və eyni zamanda Azərbaycanın AÇG sazişində pay bölgüsünün ən əlverişli mərhələsində olmasıdır. Büdcə gəlirlərinin hesablanmasında neftin qiymətinin aşağı götürülməsinə baxmayaraq, büdcə daxilolmalarında neft gəlirlərinin payı artır. Layihəyə görə, 2010-cu il büdcəsinin formalaşmasında başlıca rol Azərbaycan Dövlət Neft Fondunun transfertlərinə məxsus olacaq. Bu mənbədən dövlət büdcəsinə 4,915 milyard manat yönəldiləcək. Növbəti ilin büdcəsi Neft Fondunun transfertlərindən daha çox asılı vəziyyətə düşəcək. Oktyabrın 1-nə olan məlumata görə, Neft Fondunun aktivlərinin 10,7 milyard manat təşkil etdiyini nəzərə alsaq, bu bir tərəfdən büdcənin formalaşmasında başlıca donorun öz öhdəliklərini şübhəsiz yerinə yetirəcəyinə əminlik yaratsa da, digər tərəfdən də büdcənin müstəqilliyinə və eyni zamanda onun formalaşması prosesində ictimai iştirakçılara mənfi təsir göstərən amil kimi qiymətləndirilməlidir. Böhran dövründə büdcənin formalaşmasında əsas yük Dövlət Neft Fondunun üzərinə düşdüyündən növbəti ildə fondun gözlənilən gəlirlərinin, demək olar, əksər hissəsi (88,8%) xərclənəcəkdir. Bu tendensiyanın qarşısını almaq üçün fondun vəsaitlərinin xərclənməsi qanunvericlik səviyyəsində məhdudlaşdırılmalıdır. - Büdcə daxilolmalarında vergi yükünün ilbəil azalması hansı proseslərdən xəbər verir? - Gələn ildən qeyri-vergi gəlirləri də azalır. 2010-cu ilin dövlət büdcəsində 2009-cu illə müqayisədə azalan yalnız Vergilər Nazirliyinin və Gömrük Komitəsinin xətti ilə nəzərdə tutulan yığımlar deyil, həm də qeyri-vergi gəlirləridir. Belə ki, gələn il bu mənbədən daxilolmalar bu ilin proqnoz göstəricilərinə nisbətən 55 milyon manat və ya 72,1 faiz azalacaq. Bunun başlıca səbəbi səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlərdən daxilolmaların bu illə müqayisədə 46,1 milyon manat və ya 99,8 faiz azalmasıdır. Bu mənfi tendensiya qlobal maliyyə böhranının bank sektoruna, xüsusilə də səhmlərində dövlətin payı olan Beynəlxalq Banka ciddi təsirinin təkzibolunmaz göstəricisidir. - Büdcə layihəsindən artıq məlumdur ki, 2010-cu ilin dövlət büdcəsi xərcləri də azalacaq. Özü də bu azalma daha çox sosial sahədə əksini tapacaq. Sizcə, bu hal sadə vətəndaşların həyatında nə kimi iz buraxacaq? - Bu azalma 2009-cu illə müqayisədə 8,8 faiz təşkil edəcək və özünü əsasən sosial sahədə, kənd təsərrüfatında, dövlət əsaslı vəsait qoyuluşunda, nəqliyyat və rabitədə göstərəcək. 2010-cu il əməkhaqlarının və pensiyaların artırılması baxımından "sakit il" kimi yadda qalacaq. Əgər gələn ilin büdcəsinin iqtisadi təsnifat üzrə strukturuna göz yetirsək, aydın olar ki, əməkhaqqına yönələcək vəsaitlər 2009-cu ilin proqnozları ilə müqayisədə az olacaq. 2009-cu ilin büdcəsinin kəsirlə icra olunacağını nəzərə aldıqda, gələn il büdcədən əməkhaqlarına təxminən builki qədər vəsaitin sərf olunacağı aydınlaşar. Bu isə o deməkdir ki, 2010-cu ildə büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarında elə bir artım olmayacaq. Artımlar yalnız minimal əməkhaqların artırılması hesabına ola bilər ki, bu da minimal əməkhaqqı səviyyəsində maaş alan vətəndaşlara aid olacaqdır. Kənd təsərrüfati xərclərinin artım tempi dayanacaq. Dövlət büdcəsindən kənd təsərrüfatının subsidiyalaşdırılmasına ayrılan vəsaitlərin 2008-ci ildən başlayan yüksək artım tempi gələn il dayanacaq. 2010-cu ildə proqnozlaşdırılan subsidiya ödənişləri 2009-cu ilin proqnozuna nisbətən 18,2 faiz azdır. Azalmanın səbəblərindən biri 2009-cu ildə subsidiyaların tam xərclənmədiyidirsə, digəri ölkənin kənd təsərrüfatına subsidiyaların həcminin artması ilə bağlı Dünya Ticarət Təşkilatına üzvlük məsələsində yaranmış çətinliklə izah oluna bilər. Elm xərcləri də azalır. Gələn il dövlət büdcəsindən elmə 98 mln. manat vəsait ayrılacaq ki, bu da 2009-cu illə müqayisədə 7,5% azdır. Maraqlıdır ki, bir tərəfdən ölkədə Elmin İnkişafı Fondu yaradıldığı halda, o biri tərəfdən elmə ayrılan vəsait ixtisar olunur. Bununla belə, gələn il büdcənin bir sıra xərc maddələri - məsələn, ümumdövlət xidməti xərcləri, hüquq-mühafizə orqanlarının saxlanması xərcləri, Dövlət Sosial Müdafiə Fonduna transfertlər, iqtisadi fəaliyyətlə bağlı xərclər, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu və Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitləri artacaq. Çoxsayli vacib sahələrin, məsələn, təhsilin, səhiyyənin maliyyələşməsində qeydə alınan enmə böhran dövründə bir tərəfdən başa düşüləndirsə, bu fonda hüquq-mühafizə orqanlarının saxlanılmasına xərcləmələrin 4,9 % artımı heç bir məntiqə sığmır. Bu sahədə son illər baş verən əməkhaqqı artımı gözlənildiyinin əksinə olaraq korrupsiyanı nəinki azaltmadı, əksinə, daha da artırdı. - Növbəti ilin büdcəsi güc nazirliklərinə "xüsusi diqqət" vəd edir... - Ümumi azalmanın fonunda 2010-cu ildə artırılması planlaşdırılan xərclərdən biri də məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləridir. Bölmə üzrə artım 2009-cu ilin proqnozlarına nisbətən 4, gözlənilən icraya nisbətən isə 27,4 faiz nəzərdə tutulur. Artımın əsas kütləsi hüquq-mühafizə orqanlarının payına düşür. Gələn il hüquq-mühafizə orqanları üçün nəzərdə tutulan vəsait 2009-cu ilin proqnozlarına nisbətən 4,9, gözlənilən icradan isə 31,9 faiz artıq olacaq. Burada isə artım əsasən daxili işlər və ədliyyə nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin payına düşəcək. Maraqlıdır ki, DİN-ə ayrılan vəsaitin artırılması fonunda Daxili Qoşunlar Baş İdarəsinin xərcləri 2009-cu ilin gözlənilən icrasına nisbətən 16,8 faiz kəsiləcək. Ədliyyə Nazirliyinin hüquq-mühafizə alt bölməsi üzrə xərclərin 2009-cu ilin gözlənilən icrasına nisbətən 88 faiz artımının nəzərdə tutulması müqabilində, gələn il üçün penitensiar sistemdə islahatların aparılması üçün xərclər tamamilə kəsilib. Qeyd etmək lazımdır ki, 2010-ci il üzrə hüquq-mühafizə xərclərinin kəskin artırılması gələn ilki parlament seçkilərinin fonunda diqqəti çəkir. |