Bəlli olduğu kimi, bu il iyunun 1-dən ölkədə ipoteka kreditləşməsi bərpa olunub. Kreditlərin kiçik bir hissəsi büdcədən ayrılan vəsait hesabınadır. Qalan böyük hissə isə maliyyə bazarlarından götürülən vəsaitlə təmin edilir. Bu günədək ölkə bankları tərəfindən 61 milyon manatlıq ipoteka krediti verilib. İndiyədək 1400 vətəndaş ipoteka krediti alıb. Verilən kreditlərin 150-si güzəştli təbəqəyə ünvanlanıb.
MB rəsmiləri düşünürlər ki, ipoteka kreditləşməsini bərpa etməklə daşınmaz əmlak bazarında qiymətlərin kəskin ucuzlaşmasının qarşısı alınıb. Belə ki, ilin birinci yarısında Azərbaycanda mənzillərin qiyməti təxminən 15 faizə qədər ucuzlaşıb. İpoteka kreditləri verilməyə başlayandan qiymətlərin ucuzlaşması dayanıb.
Mərkəzi Bank rəhbərliyinin fikrincə, daşınmaz əmlakın ucuzlaşma prosesinin dayanması Azərbaycan üçün çox əhəmiyyətli göstəricidir. Çünki ölkədə fond bazarı əhəmiyyətli inkişaf etmədiyindən əhalinin, investorların böyük bir hissəsinin vəsaitləri məhz tikinti və mənzil bazarındadır. Hökumət daşınmaz əmlakın ucuzlaşmasının qarşısını almaqla, bir növ əhalinin və investorların vəsaitlərinin itirilməsinin qarşısını alıb.
|