Ötən həftə futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların 1/8 final mərhələsinin cavab oyunları keçirildi. Premyer Liqa komandaları ilə yanaşı aşağı divizion klublarının da iştirak etdiyi bu mərhələdə sensasiya baş vermədi. İlk oyunlarda qalib gələn komandaların hamısı növbəti mərhələyə yüksəldi. 1/4 finala çıxmaq vəzifəsini hələ "ev oyunları"nda həll edən "İnter", "Qarabağ", "Bakı", "Neftçi" və "Simurğ" klubları səfər matçlarında da büdrəmədilər. Cavab oyunlarında istədikləri nəticəyə nail olan daha üç komanda - "Olimpik-Şüvəlan", "Xəzər-Lənkəran" və "Standard" da növbəti mərhələdə mübarizəni davam etdirəcəklər.
"Muğan" "Xəzər-Lənkəran"la cari mövsümdə keçirdiyi üçüncü görüşdə də meydanı məğlub tərk etdi. Ən maraqlı mübarizə "Qəbələ" və "Olimpik-Şüvəlan" oyununda baş verdi. Meydan sahibləri cavab görüşündə son dəqiqədə vurduğu qolla qalib gəlsə də, bu, təsəllidən başqa bir şey olmayıb. "Turan" Premyer Liqadan fərqli olaraq ölkə kubokunda "Standard"ı Tovuzda məğlub edə bilməyib. Azərbaycan kuboku, 1/8 final mərhələsinin cavab oyunlarının nəticələri:
"Gəncə" - "Simurğ" - 0:1 (İlk oyun - 0:2), "Qəbələ" - "Olimpik-Şüvəlan" - 1:0 (0:2), "Şahdağ" - "Qarabağ" - 0:0 (0:4), "Muğan" - "Xəzər-Lənkəran" - 0:1 (1:3), "Bakılı" - "Bakı" 0:0 (0:6), "Turan" - "Standard" - 0:0 (1:3), "Neftçi İSM" - "Neftçi" - 0:2 (0:5), "Karvan" - "İnter" - 2:3 (0:4).
1/4 finalçılar arasında kubok yarışlarında ən uğurlu çıxış edən komanda "Neftçi"dir. Paytaxt klubu indiyədək 4 dəfə Azərbaycan kubokuna sahib çıxıb. "Bakı" isə 2004-cü ilin yayında bu kuboka sahib çıxandan sonra daim 1/4 finalın həyəcanı ilə yaşayır. Bu komanda yalnız debüt mövsümündə (2004/05) kuboka sahib çıxıb. "Qarabağ" və "Xəzər-Lənkəran" isə Azərbaycan kubokunun son üç ildə qalibi olublar.
Kuboku son qazanan "Qarabağ" tarixində 12-ci dəfə 1/4 finala yüksəlir. 2007 və 2008-ci illərdə ardıcıl iki dəfə ölkə kubokuna sahib çıxan Lənkəran təmsilçisi yenidən Ağasəlim Mircavadovun rəhbərliyi altında buna nail olub.
1/4 finalda qarşılaşmalardan ikisini erkən final kimi dəyərləndirmək olar. Hər halda, "Qarabağ"la "Xəzər-Lənkəran" və "Neftçi" ilə "İnter" turnirin əsas favoritləridir və onlardan ikisi mübarizəni dayandırmalı olacaq.
1/4 finalda oynanılacaq "Simurğ" - "Olimpik-Şüvəlan", "Qarabağ" - "Xəzər-Lənkəran", "Bakı" - "Stadard" və "Neftçi" - "İnter" görüşləri gələn ilin martında keçiriləcək.
|