Futbol üzrə 2010-cu il dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizənin əsas mərhələsinə təxminən bir ay əvvəl yekun vurulsa da, həyəcan davam edir. Bu gün Avropa zonası üzrə ilk pley-off oyunları keçirilir. Qruplarda ikinci yeri tutan 8 komanda gələn yay Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək mötəbər yarışa 4 vəsiqə üçün ölüm-dirim savaşına çıxacaqlar.
Azərbaycan yığmasının yer aldığı 4-cü qrupdan pley-of mərhələsinə çıxan Rusiya milli komandası Sloveniya yığması ilə ilk görüşünü öz meydanında keçirəcək. Şimal qonşularımız "Lujniki" stadionuna yeni formada çıxacaqlar. Qus Hiddinqin komandası Sloveniya ilə 4 gün sonra səfərdəki cavab görüşünə arxayın yollanması üçün münasib hesabla qələbə qazanmalıdır. Ancaq nəzərə alsaq ki, etibarlı müdafiəsi ilə seçilən sloveniyalılar son seçmə mərhələdə öz qapılarından cəmi 4 top buraxıblar, bu, rusiyalılar üçün elə də asan olmayacaq.
Bosniya və Herseqovina Portuqaliya ilə qarşılaşmada müəyyən üstünlüyə malik olacaq. Sözsüz ki, bu, portəgizlərin heyətində Kriştianu Ronaldunun yoxluğu ilə bağlıdır. Dünyanın ən bahalı futbolçusu yığmaya çağırılsa da, xeyli vaxtdır zədəli olduğundan pley-off matçlarında meydana çıxa bilmir.
Dünya və Avropa çempionu Fransa yığmasının da ciddi itkisi var. Milli komandanın 25 yaşlı lideri Frank Riberi zədəyə görə pley-off oyunlarını kənardan izləməyə məcburdur. Almaniyanın "Bavariya" klubunun hücumameyilli yarımmüdafiəçisi cari mövsümdə daha çox müalicəsi ilə məşğuldur. İrlandiyanın ikinci yeri tutan kollektivlər arasında uduzmayan yeganə komanda olması fransızların işini çətinləşdirir.
Yunanıstan və Ukrayna yığmalarının görüşünün gərgin mübarizə şəraitində keçəcəyi də şübhə doğurmur. Təsadüfi deyil ki, ən maraqlı cütün bunlar olduğunu desək, yanılmarıq. Hər halda, bu cütdə qüvvələr nisbəti bərabərdir və aşkar favorit yoxdur. Buna görə də hansı komandanın daha şanslı olduğunu indidən söyləmək çətindir.
Rusiya - Sloveniya. Baş hakim Klaus Vo Larsen (Danimarka);
Yunanıstan - Ukrayna. Baş hakim Laurent Duhamel (Fransa);
İrlandiya - Fransa. Baş hakim Feliks Brıx (Almaniya).
Bosniya və Herseqovina - Portuqaliya. Baş hakim Martin Atkinson (İngiltərə).
|