Qərbi Azərbaycan əyaləti titan mədəni üzrə kəşfiyyat və emalı layihəsinin icraçı direktoru Hüseyn Daşbalaği deyib ki, bu bölgədəki "Kərəağac" mədənində 56 milyon ton titan ehtiyatı var.
İranın "Mehr" xəbər agentliyinə müsahibəsində icraçı direktor hazırda bu əlvan metal yatağının işlənilməsi üçün icazə alınmasını gözlədiklərini deyir.
"Kərəağac"da geoloji - kəşfiyyat işləri ötən ilin yazında başa çatıb. Bu ilin yanvarında isə yatağın aşkarlanmasına dair şəhadətnamə verilib.
Layihənin gerçəkləşdirilmə perspektivindən danışan Daşbalaği qeyd edib ki, yataqdakı əlvan metal ferrortitan istehsalı baxımından çox nadir özəlliyə malikdir. Bundan başqa, "Kərəağac"ın Türkiyə ilə sərhədə yaxın məsafədə yerləşməsi onun bu ölkədəki ferrotitan bazarına çıxarılması üçün əlavə imkan yaradır. Direktorun sözlərinə görə, bu üstünlükləri ilə yataq iqtisadi baxımdan çox sərfəlidir.
Daşbalaği onu da vurğulayıb ki, "Kərəağac"dan titan hasilatı üçün böyük məbləğdə sərmayə və yüksək texnologiya lazımdır. Direktorun dediyinə görə, belə yataqlara xüsusi sektorun diqqət vermədiyini təcrübə sübut edib.
Bu yatağın istismarı indiki halda Tehrana sərf etmir. Əks halda, Güney Azərbaycanın başqa yeraltı sərvətləri kimi o da talan edilərdi.
Ümumiyyətlə, ölkə rəhbərliyinin Güney Azərbaycana ögey münasibəti az qala bütün sahələrdə özünü göstərməkdədir.
"Baybak"ın məlumatına görə, Təbriz yaxınlığındakı Quru göl məhv olmaq təhlükəsi ilə üz-üzədir. Oranın zəngin flora və faunası var. Bu yaxınlarda "Mehr" xəbər agentliyi Qərbi Azərbaycan ətraf mühitin qorunması idarəsinin rəisi ilə müsahibəsində o, Quru gölün hazırkı ekoloji durumu barədə məlumat verərək, yaxın illərdə bu su hövzəsinin quruyub, sıradan çıxacağı haqda xəbərdarlıq edib. Onun sözlərinə görə, gölə axan suların qarşısı alınıb. Ora axan süni su kanalları isə çoxdan dağılaraq sıradan çıxıb. Bu il yağıntının miqdarı çox olsa da, Quru gölün suyu daşıb, dağılıb.
Yerli müşahidəçilərin fikrincə, bu gölün qurumasına hakimiyyət məsulları bilərəkdən göz yumurlar. İllərdir Quru gölə qum, daş və torpaq tökülməklə bu proses sürətləndirilir. Bu azmış kimi gölün ətrafında artezian quyuları qazılır, ətrafında standartdan uzaq binalar tikilir.
Xəbərdə o da bildirilir ki, Quru göl kimi Güney Azərbaycanın turizmə sərfəli olan bir çox yerləri, o cümlədən Urmiya gölü, Ənzəli gölü, Astara və Muğan meşələri, Təbrizin Bağmeşəsi məhv olmaq üzrədir.
Güney Azərbaycanda sərvətlərin talanması, baxımsızlıq və ya ögey münasibət ucbatından təbiətin məhv olması ilə yanaşı, tarixi abidələr də dağıdılmaqdadır. Məsələn, Saqqız şəhərində 3 min il tarixi olan Sahib qalası sökülür. Xəbərə görə, bu qala ətrafında Sahib adlı yeni şəhər salınıb. Həmin yaşayış məntəqəsinin ortasında qalan bu qala məhv edilir. Bu tarixi abidənin ətrafındakı təpələrin, hamarlanması, yol və bina tikintisi ucbatından abidə dağıdılır.
Mənbənin bildirdiyinə görə, Saqqıza son illər gəlmə kürdlər çoxalmaqdadır. Bundan başqa, hakimiyyətin türklərə qarşı yürütdüyü assimilyasiya siyasəti ucbatından yerli azərbaycanlı sakinlər oradan sıxışdırılır. Saqqızda dövlət məmurları yerli olmadığından bu kimi məsələlərə münasibətdə Tehrandakılar kimi saxtakarlıq edir, yalan vədlər verirlər.
|