çap et  
Xatəmiyə Danimarkadan "dialoq mükafatı"
Xatəmiyə Danimarkadan "dialoq mükafatı"
Ödülü verənlərin onun irqçi düşüncəsindən xəbərləri yoxmu?
Şənbə, 14.11.2009

S.Soltan

Bu il Danimarkada Beynəlxalq Dialoq adlı qurum təsis edilib. Bu qurum beynəlxalq aləmdə millətlər arasında dialoqa zəmin yaradan şəxslərə mükafat da verəcək. Əslən Güney Azərbaycandan olan hüquqçu Babək Azərinin məlumatına görə, təşkilat qərara alıb ki, 2009-cu ildə mükafatı iki iranlıya versin. Onlardan biri yazıçı Daryuş Şaiqan, o biri isə İranın keçmiş prezidenti Məhəmməd Xatəmidir.

Bu mükafat yanvarda təqdim olunacaq. Təqdimatda mükafatçılar fəaliyyətlərinə dair məruzə ilə çıxış etməlidir. İranda builki prezident seçkisinin nəticəsi bu ölkənin dünya informasiya qurumlarının diqqət mərkəzində olmasına səbəb olub. Bu baxımdan təqdimetmə mərasiminin də dünya informasiya axınında öz əksini tapacağı istisna edilmir.

Babək Azəri məsələyə münasibət bildirərək yazır: "Xatəmi dəfələrlə Azərbaycan türklərinin mədəniyyətini təhqir edib, aşağılayıcı ifadələr işlədib. Bununla bağlı konkret video yazılar da var. Çıxışlarında Azərbaycan türklərinin milli varlığını danıb, onları "əsl ari" (fars şovinistləri özlərini belə adlandırır, yəni türklər də farsdan dönmədir - S.S.) adlandırıb. O, İranda milli birliyin əsasının fars dili və mədəniyyəti olduğunu iddia edib. Buradan belə sual ortaya çıxır: 35 milyonluq Azərbaycan türkünə qarşı belə təhqiredici və irqçi davranış dünyada hansı dialoqa yardım edə bilər?"

Müəllifin fikrincə, Məhəmməd Xatəmi Azərbaycan türklərinin yerinə beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunan başqa bir etnik qrupa belə münasibət göstərsə idi, o zaman Danimarka dövləti ona dünya səviyyəsində "dialoq qəhrəmanı" mükafatı verərdimi? "Nədən bu təşkitlat belə faktları nəzərə almır? Elə bu səbəbdən də dünya azərbaycanlılarına müraciət edib, onlardan xahiş edirəm ki, Məhəmməd Xatəminin gerçək üzü barədə beynəlxalq ictimaiyyəti bilgiləndirsinlər. İmkan verməsinlər ki, bu antitürk hoqqabaz şeytan insanları təhqir etdiyi halda, dünyanın gözündə mələk cildində görünsün. Danimarkada yaşayan soydaşlarımızın Beynəlxalq Dialoq təşkilatına müraciət edərək, Xatəmi barədə lazımi məlumat çatdırmaları milli vəzifə sayılır. Əlbəttə, başqa xarici ölkələrdəki yurddaşlarımız da bu məsələ ilə məşğul olmalıdır", - deyə müəllif yazıb.

Xatəmi öz prezidentliyi dövründə milli-mədəni haqların təmin olunacağına söz vermişdi. Güney azərbaycanlı aydınların bu məsələyə dair çoxsaylı müraciətləri o zaman cavabsız qaldı. Elə həmin illərdə o, "İranın milli birlik amili fars dili və mədəniyyətidir" tezisini irəli sürdü. "Sivilizasiyalararası dialoq"a dair çeşidli beynəlxalq toplantılarda çıxış edən Xatəmi milli-mədəni haqlarının təmin olunmasını istəyən İran türkləri ilə bir dəfə də olsun dialoq aparmayıb. Yadımızdan çıxmaz ki, prezident olanda Xəzəri "Mazandaran gölü" adlandırmaqla bu cənab bizə bir balaca "ilişdi". Azərbaycana səfərində Nizami Gəncəvi və Şəhriyarı "fars şairi" elan etməklə, gerçək üzünü göstərdi.

Yeri gəlmişkən, Rusiya Politexnik muzeyində "Fars poeziyası və fəlsəfəsinə dair məruzələr" oxunur. Bu mühazirələri "İran, "Persiya" ilə mədəni əlaqələrin inkişafı bölgə üzrə ictimai təşkilat"ın rəhbəri, Moskva Dövlət Universitetində Şərq mədəniyyətini tədris edən Abramenko İrina Valeryevna aparır.

İlk çıxış oktyabrın 30-da Ömər Xəyyam haqda olub. Növbəti məruzə noyabrın 13-də Cəlaləddin Ruminin "Gizli düşüncələr"i haqdadır. Dekabrın 18-də isə Cəlaləddin Rumi və Şəms Təbrizinin görüşünə - "Günəşlə görüş"ə həsr olunub.

Təəccübülüsü budur ki, təşkilatçılar Cəlaləddin Rumi və Şəms Təbrizini Məhəmməd Xatəmi sayaq, "fars şairi və filosofu" təki təqdim edirlər.