çap et  
Toponimlərə dair kitabda ciddi səhvlər
AMEA-nın nəşr etdiyi kitabda Dağlıq Qarabağ "ölkə" kimi göstərilib
Şənbə, 14.11.2009


İldırım Şükürzadə, Cənub Media Mərkəzi

Azərbaycana qarşı ideoloji təbliğatda tarixi saxtalaşdırmaq məlum metoddur. Müxtəlif qondarma "elmi məxəzlər"i araşdıran alimlər hər vəchlə xalqımızın və dövlətimizin tarixini özlərinə sərf edən şəkildə təqdim etməyə çalışıblar. Özəlliklə erməni mərkəzlərinin təhrif məsələsində canfəşanlığını da çox yaxşı bilirik. Odur ki, çap etdirdiyimiz kitablarda, elmi araşdırmalarda hansısa diqqətsizlik sonradan əleyhimizə çevrilə bilər.

"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" adlanan ikicildlik kitab Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən 2007-ci ildə Bakıda "Şərq-Qərb" nəşriyyatında çap edilib. 10.000 tirajla çap edilmiş bu kitabda 12 minə yaxın toponim haqqında məlumat verilir. Kitabı oxuduqdan sonra məlum oldu ki, bu heç də yeni yox, köhnə nəşrdir. Kitabda verilmiş məlumatların böyük əksəriyyəti heç də bugünkü reallığı özündə əks etdirmir. Burada bir çox faktlar təhrifə uğrayıb.

Bu yazıda həmin kitablarda bu gün üçün aktual mövzulardan olan iki toponim - Dağlıq Qarabağ və Naxçıvan haqqında verilmiş məlumatları göstərmək istərdik. Kitabın 1-ci cildində səhifə 148-də oxuculara məlumat üçün elə-belə də yazılıb: "Dağlıq Qarabağ Muxtar Vilayəti. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Beş inzibati rayonu (Laçın, Xocalı, Şuşa, Xocavənd, Kəlbəcər), iki şəhəri, iki yüz iyirmi kənd və qəsəbəni əhatə edən dağlıq ölkədir (?)". Deməli, alimlərimizin bu mötəbər kitabından belə bəlli olur ki, Dağlıq Qarabağ hələ də Azərbaycanın tərkibində muxtar vilayət kimi mövcuddur. Halbuki Dağlıq Qarabağın muxtariyyət statusu 1991-ci il noyabrın 26-da ləğv edilib. Bu, birinci səhv! İkincisi, bu azmış kimi ölkəmizin ərazi bütövlüyü də şübhə altına alınır - Dağlıq Qarabağ ölkə kimi göstərilir. Bundan başqa, DQMV-nin mərkəzinin - Xankəndinin adının verilmədiyi, Laçın və Kəlbəcərin DQMV tərkibində inzibati rayon kimi verilməsi (?) təəssüf hissi oyadır.

Davam edək: 2-ci cild, səhifə 127. Naxçıvan. "Azərbaycan Respublikasının tərkibində 1924-cü ildə yaradılmış Muxtar Respublika. Babək, Şahbuz, Şərur, Ordubad, Sədərək, Culfa rayonları MR-in tərkibinə daxildir". Burada Naxçıvan MR-in yarandığı il qeyd edilsə də, onun yarandığı ay və gün, eyni zamanda tərkibində olan inzibati rayonlar sırasında Kəngərli rayonunun adı və Muxtar Respublikanın paytaxtının adı qeyd edilməyib.

Azərbaycanın əsas elm mərkəzi olan Milli Elmlər Akademiyası tərəfindən yazılmış "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" adlı ikicildlik kitabda bu kimi səhvlər heç də xoşagələn deyil. MEA əməkdaşları və eyni zamanda digər ziyalılarımız mühüm əhəmiyyəti olan belə kitablar üzərində işləyərkən daha diqqətli olmalıdırlar.