![]() |
çap et |
|
|||
Bu il Bakı islam mədəniyyətinin paytaxtı elan edilmişdi və şəhərimiz çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bu son günlərdə isə "Sivilizasiyaların dialoqu: Azərbaycandan baxış" adlı beynəlxalq tədbiri izlədik. Günümüzdə "Qərb mədəniyyəti", "islam mədəniyyəti", "mədəniyyətlərin toqquşması", "mədəniyyətlərin dialoqu", "plüralizm", "tolerantlıq" kimi söz və ifadələr işləkdir. Fəqət bunların hər biri çox geniş mövzulardır, bəlkə də çoxları bilmir ki, bunların hamısının arxasında fəlsəfi və siyasi baxışlar, sistemlər, böyük-böyük düşüncə adamları dayanır. Bunlar bizim toplumda heç də hər zaman gərəyincə anlaşılmır. Bunları bizim topluma gərəyincə anladan elm adamlarımız da meydanda görünmür. Biz - sovet ateist şinelindən çıxmış, Avropa ailəsinə aid edilən, türk kökənli və İslam sivilizasiyasının içərisində olan, lakin xristian dövlətlərin (Rusiya, Gürcüstan, Ermənistan) əhatəsində və qonşuluğunda avropasayağı yaşayan, mədəni kimlik arayışında olan azərbaycanlılar hansı mədəniyyətin daşıyıcılarıyıq? Bizdən ötrü islam mədəniyyəti nə kimi məna kəsb edir? Bu suallar hamımızı düşündürür və bu baxımdan Təhsin Görgün xocanın Bakıya dəvət üzrə Xəzər Universitetində keçirdiyi İslam və Qərb mədəniyyətlərinin müqayisəsinə, İslam və müasirləşmə məsələsinə həsr etdiyi ikigünlük konfransı şəxsən mənim üçün yox, elm məclisində əyləşmiş alimlər üçün də çox maraqlı idi. Bu, diskussiyalardan qızğınlığından açıq görünürdü.
Qeyd edək ki, Təhsin Görgün (1961, Sivas doğumlu) bu məsələlərə dair Türkiyədə və Avropada işıq üzü görmüş bir sıra kitabların, məqalələrin müəllifidir. Ankara Universiteti ilahiyyat fakültəsindən məzun olduqdan sonra doktorluq işini Berlin Azad Universitetində (Berlin Freie Universite) tamamlamışdır. Hazırda Türkiyə Diyanət Vəqfi İslam Araşdırmaları Mərkəzində (İSAM) araşdırmaçı və idarə heyəti üzvü olaraq çalışmalarını sürdürməklə bərabər, Frankfurt Göte Universitetində (Frankfurt Goethe Universite) dəvətli professor olaraq tədris fəaliyyəti ilə məşğuldur. Fiqh üsulu, Osmanlı dönəmi və Mavərünnəhr ağırlıqlı olmaqla islam düşüncəsi tarixi, fəlsəfənin dil, bilgi, əxlaq, tarix, siyasət, elm, toplum kimi mövzuları, Osmanlı-Qərb əlaqələri və Osmanlının Qərbə təsiri, bu çərçivədə Qərb fəlsəfəsi tarixi, alman idealist fəlsəfəsi, AB-də yaşayan müsəlmanların məsələləri, çağdaş türk və islam düşüncəsi, İbn-Haldun və İmam Şafeinin düşüncə sisteminə müasir baxış və s. onun araşdırma sahələridir. Təhsin Görgün problemin tarixi aspektini belə təqdim edir ki, Birinci və ikinci dünya müharibələrinin nəticəsi olaraq Avropa bir mədəni mərkəz olmaqdan çıxdı, iki mərkəz yarandı - SSRİ və ABŞ. Fəlsəfədə postmodernizm və plüralizm ortaya çıxdı. 1990-cı ildə isə ABŞ yeganə güc olaraq ortada idi. Tarixə universal baxışa gəldikdə, XVIII yüzilin sonlarında dünya tarixi iki yerə bölünürdü: antik dövr və modern dövr. Modern dövr Məhəmmədin və islam dininin yaranması ilə başlanır və bu tarixi proses indi də davam edir. XIX yüzilə qədər Avropada Məhəmmədə və islama normal baxış var, Yohann Volfqanq Göte Məhəmmədə odalar yazır. Modern Fransanın qurucusu olan kardinal Rişelyenin şəxsi kitabxanasında ərəbcə, türkcə və farsca tarix və fəlsəfə kitabları üstünlük təşkil edir. Şərqə münasibətin dəyişməsi "düşünürəm, demək varam" deyən Dekartın fəlsəfəsi ilə başlanır. Özlərinə tarix uydurmaq istəyən Qərb dünyası "Renessansı" uydurdu, halbuki belə bir şey olmamışdı, İslamı, Şərqi görməzliyə vurdular. Birinci Dünya müharibəsinin səbəbi - Fransa, Almaniya və Britaniya liderlərinin təsəvvür edilən dünyanı iradələri ilə yenidən şəkilləndirməyə ilk cəhdləri idi. "Qərb mədəniyyəti" ifadəsi XIX-XX yüzillərin işidir. Qərb düşüncə tərzi deyir ki, hansı ölkəyə getdin, o cəmiyyətə inteqrasiya olunmalı, onun dilini və dinini götürməlisən. İslam düşüncə tərzinə görə, Tanrı insanları və dilləri fərqli yaradıb, onları zorla dəyişdirmək Tanrının işinə qarışmaqdır, olmaz. İslam mədəniyyət fərqliliklərinin dinc yanaşı yaşamasını qoyur. Təbii ki, dinlər və mədəniyyətlər arasında, baxışlarda fərqlər olduğu kimi, ziddiyyətlər də yox deyil. Bir türk məsəlində deyildiyi kimi, "Heç kəs öz ayranına turş deməz". Lakin bənzər, bizi birləşdirən baxışlar üstünlük təşkil edir. İKT başqanı Ekmaləddin İhsanoğlunun bu günlərdə Bakıda dediyi kimi, xristianlıq və yəhudilik arasında ziddiyyətlər daha çoxdur, nəinki xristianlıq və islam arasında. Bizləri birləşdirən məqamlardan yapışmalıyıq. Təhsin Görgün deyir ki, Avropa türklüyü islamdan ayırmır. Bizim özümüzə keçmiş uydurmağımıza ehtiyac yoxdur, özümüzün özümüzü dərk etməyimiz lazımdır. Avropanın tarix və fəlsəfəsi İslam tarixi və fəlsəfəsinin bir parçasıdır. Avropanın mahiyyəti bizim öz içimizdədir. Klassik fəlsəfənin qayəsini bu günə çıxarmalıyıq. Amma biz qərbli deyilik, qərbli olmaqdan bir qədər də artığıq. Bunun fərqində olmaq gərəkdir. |