![]() |
çap et |
|
|||
Parlamentdə "Ali təhsil haqqında" qanun layihəsi üzərində iş gedir. MM Elm və təhsil məsələləri daimi komitəsinin sədri Şəmsəddin Hacıyev deyir ki, dekabrın sonlarında sənədin ilkin variantı ən azı komitənin iclasına çıxarılacaq. "Əlavə (yaşlıların) təhsil haqqında" qanun layihəsinə gəldikdə, həmin qanun layihəsi çoxdan hazırdır. Ona görə bu qanun layihəsi ali təhsillə bağlı qanun layihəsi müzakirəyə çıxarılandan sonra, gələn ilin yaz sessiyasında deputatların müzakirəsinə təqdim edilə bilər. Şəmsəddin Hacıyev: "Payız sessiyasında əsas məqsədimiz odur ki, "Elm və dövlət elmi-texniki siyasəti haqqında" qanun layihəsini (ikinci oxunuş), o cümlədən "Ali təhsil haqqında" qanun layihəsini komitəmizin və parlamentin plenar iclasının müzakirəsinə çıxaraq".
Ş.Hacıyev bildirir ki, "Təhsil haqqında" qanun təhsillə bağlı çərçivə qanunudur. Burada təhsillə bağlı ümumi müddəalar öz əksini tapıb. Amma "Ali təhsil haqqında" qanun layihəsində bütün məsələlər tamlığı, bütünlüyü ilə açıqlanacaq. Həmin sənəddə ali təhsilin bütün sahələrinin, ali təhsilin özündə baş verən bütün proseslərin tənzimi üçün konkret müddəalar öz əksini tapacaq. Bir sözlə, ali təhsilin elə bir məsələsi olmayacaq ki, orada öz əksini tapmamış olsun. Söhbət əsnasında millət vəkili onu da dilə gətirdi ki, təhsil qanununda alimlərin, elm adamlarının, təhsil işçilərinin sosial müdafiəsi ilə bağlı ümumi müddəalar nəzərdə tutula bilər və bu, belədir: "Amma dövlətin vahid əməkhaqqı siyasəti var. Bu baxımdan, istər çərçivə qanunumuz olan "Təhsil haqqında", istərsə üzərində işlədiyimiz "Ali təhsil haqqında" qanunda əməkhaqqının artırılması ilə bağlı heç nə yazılmayıb. Biz, sadəcə, qanunvericilik bazası, hüquqi təminat yaradırıq. Əməkhaqlarının artırılması məsələsi dövlətin sosial-iqtisadi siyasəti ilə bilavasitə bağlıdır". "Təhsil haqqında" qanunda ümumi müddəalar nəzərdə tutulur, göstərilir ki, əməkhaqqı necə olmalıdır. Buna uyğun olaraq hər bir ali təhsil müəssisəsi öz büdcədənkənar vəsaiti hesabına həm əməkhaqlarını artıra, həm mükafatlar verə bilər və sair. Bu, artıq hər bir ali təhsil müəssisəsinin öz sərəncamında, öz səlahiyyəti daxilində olan məsələdir. Ş.Hacıyev: "Əlbəttə, arzu edərdik ki, alimlərin, elm adamlarının, təhsil işçilərinin də məvacibləri, əməkhaqları indikinə nisbətən bir az yüksək olsun. Əməkhaqlarının artırılması üçün büdcədənkənar vəsait hesabına böyük potensial imkanlar var. Yeri gəlmişkən, mən komitəmizin büdcə ilə bağlı iclasında əməkhaqqı fondundan ödəmələr məsələsini qaldırdım. Əgər müəyyən güzəştlər olsa, heç şübhəsiz, əməkhaqlarını artırmaq üçün potensial imkanlar mövcuddur. Elə etmək olar ki, yaxın gələcəkdə ali təhsil müəssisələrində əməkhaqqı haradasa 1000 manata yaxın olsun". |