Azərbaycanda A/H1N1 virusuna ("donuz qripi") yoluxmuş daha bir xəstə dünən evə buraxılıb. SN sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib ki, 7 nömrəli Birləşmiş Uşaq Yoluxucu Xəstəxanasından evə yazılan şəxs tam sağalmış vəziyyətdədir. Hazırda xəstəxanada iki nəfər virusa yoluxmuş xəstə qalıb. Onların vəziyyəti isə kafidir. V.Qasımov virusa yoluxmaqda şübhəli bilinənlərlə bağlı dünən aparılan müayinələrin nəticələrini də açıqlayıb. Onun sözlərinə görə, virusa əlavə yoluxma qeydə alınmayıb.
Buna baxmayaraq, paytaxtda və regionlarda "donuz qripi"nə qarşı önləyici dezinfeksiya tədbirləri davam etdirilir. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Azərbaycan Milli Məclisinin binası A/H1N1 virusuna qarşı dezinfeksiya olunacaq. Məlumata görə, dezinfeksiya tədbirləri sabah həyata keçiriləcək və parlamentin hər iki korpusunu, inzibati binaları, iclas zalını əhatə edəcək.
Profilaktik tədbirlər Azərbaycanın Gürcüstan və Ermənistanla sərhədində yerləşən Qazax rayonunda da həyata keçirilir. Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzi artıq rayon məktəblərində və əhalinin daha sıx olduğu yerlərdə dezinfeksiya işləri aparır. Gigiyena və Epidemiologiya İdarəsinin müdiri Nizami Adıgözəlov bildirib ki, respublikada "donuz qripi"nə yoluxmuş ilk xəstə qeydiyyata alınan gündən etibarən rayonda virusa qarşı profilaktik tədbirlər görülməyə başlayıb: "Biz dezinfeksiya tədbirlərinə rayonda yerləşən məktəblərdən başlamışıq. Artıq 6 rayon məktəbi ilə yanaşı, 2 musiqi məktəbi və internat məktəbində dezinfeksiya işləri aparmışıq".
Dezinfeksiya işlərinin Ermənistanla sərhəddə yerləşən kəndlərdə də aparıldığını deyən N.Adıgözəlov dünən Balacəfərli kəndində olduqlarını və burada yerləşən məktəbdə, körpələr evində və kənd mərkəzində dezinfeksiya işləri apardıqlarını qeyd edib. Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd keçid məntəqəsi ilə mütəmadi əlaqə yaradıldığını qeyd edən N.Adıgözəlovun sözlərinə görə, sərhəd məntəqəsindən keçən hər bir maşın dezinfeksiya baryerindən keçirilir.
Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kavı Məmmədov rayonda virusa yoluxma halının qeydə alınacağı təqdirdə tibbi yardımın göstərilməsi üçün tam hazır olduqlarını deyir. Onun sözlərinə görə, xəstəxananın yoluxucu xəstəliklər şöbəsində virusa yoluxa biləcək xəstələrin müalicəsi üçün 2 palata hazırlanıb, bu palatalar hər növ inventar və preparatla təmin edilib.
Ölkə vətəndaşları isə fərdi qaydada profilaktik tədbirlər həyata keçirməkdə çətinlik çəkirlər. Belə ki, SN-nin tövsiyəsinə əsasən qələbəlik yerlərdə vətəndaşların respiratorlardan istifadəsi məsləhət görülsə də, apteklərdə bu qoruyucu maskaları əldə etmək müşkül məsələyə çevrilib. Bəzi apteklərdə isə respiratorların qiyməti 10-20 dəfə bahalaşıb. Qiymətlərin süni yolla daha da artacağından ehtiyatlanan İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda A/H1N1 virusunun yayılmasının qarşısını almaq məqsədilə qoruyucu maskalara (respiratorlara) tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətin şişirdilməsi hallarının qarşısının alınması məqsədi ilə SN mütəxəssislərinin iştirakı ilə yoxlamalara başlayıb.
Nazirlikdən verilən məlumata görə, yoxlamalar zamanı 36 obyektdən 4-də qoruyucu maskaların qiymətinin şişirdilməsi halı aşkar edilib. Belə ki, Nəsimi rayonu, R.Behbudov küçəsi 16 ünvanda "AzkoMed" MMC-yə, M.Qasımov küçəsi,14/26 ünvanında "İmpuls-M.V." MMC-yə məxsus apteklərdə, Səbail rayonu ərazisində "Ülvi-Həyat" firmasına məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 30-50 qəpiyə satıldığı və beləliklə də onların qiymətlərinin süni şəkildə artırıldığı aşkar edilib.
Bundan başqa, Gəncə şəhəri, N.Nərimanov küçəsi 220 ünvanda 97 saylı aptekin nəzdində fəaliyyət göstərən 498 saylı aptekdə kustar üsulla hazırlanmış maskanın bir ədədinin 50 qəpiyə satıldığı müəyyən olunub.
Qanun pozuntularına yol vermiş şəxslərin inzibati qaydada məsuliyyətə cəlb edilməsi və bu obyektlərə verilmiş lisenziyaların dayandırılması ilə bağlı tədbirlər görülür.
...Ukraynada qrip və kəskin respirator xəstəliklər nəticəsində ölənlərin sayı 239-a çatıb. "Ukrainskaya pravda" portalından verilən məlumata görə, Ukrayna Səhiyyə Nazirliyi son sutka ərzində 3-ü uşaq olan daha 26 nəfərin pnevmoniyadan öldüyünü açıqlayıb. Ölkədə indiyədək "donuz qripi"nə laborator analizlərlə təsdiqlənmiş 85 yoluxma halı qeydə alınıb. Bu xəstələrdən 16-sı keçinib.
|