![]() |
çap et |
|
|||
2010-cu il yaşayış minimumu orta hesabla 87 manat məbləğində təyin olunur. Bu məbləğ əmək qabiliyyətli əhali üçün 97 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün isə 72 min manat təşkil edir. Bu haqda dünən Milli Məclisdə iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Onun sözlərinə görə, 2010-cu ilin büdcəsinə əsasən, ehtiyac meyarı 60 manatdan 65 manata qədər yüksəldilir.
Bu məsələyə münasibət bildirən Fazil Mustafa 87 manatlıq yaşayış minimumunun çox aşağı məbləğ olduğunu dedi: "Bu rəqəm reallığı əks etdirmir. Ölkədə yoxsulluq həddinin artması ilə qiymətlərin artması eyni nisbətdə deyil". Pənah Hüseyn isə ehtiyac meyarının bir anlayış və istinad kimi ləğvini tələb etdi. Çıxışında ünvanlı sosial yardım verilməsi mexanizmini ciddi tənqid edən deputat bildirdi ki, bu sahədə nazirlik külli miqdarda yeyintilərə yol verir: "Bunu hamı bilir. Adama deyirlər ki, sənə 1000 manat pul düşür, gəl 400-nü əvvəlcədən verək, razılaş". Pənah Hüseynin dediyinə görə, ötən il 210 milyon dollar miqdarında ünvanlı sosial yardım verilib: "Bu, kredit-filan deyil. Nağd puldur. Amma əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyir ki, ünvanlı yardım alanların adlarını açıqlamaq olmaz. Mən bu 4 ildə dəfələrlə müraciət etmişəm ki, nəinki respublika, hətta rayon üzrə bu yardımı alanların adlarını əldə edə bilməmişəm. 210 milyon manat heç kimin ata-baba mülkiyyəti deyil, dövlət büdcəsinin vəsaitidir və şəffaf olmalıdır. Bu, Azərbaycan cəmiyyətini və Milli Məclisi ələ salmaqdır". Deputat ünvanlı yardıma ayrılan məbləğin ən azı 50 faizinin oğurlandığını iddia etdi. Və bildirdi ki, bu yeyintinin arxasında yüksək vəzifəli şəxslər dayanır: "Əgər Hesablama Palatası, prokurorluq bu işə girə bilmirsə, deməli, işin dalında nəsə böyük bir məsələ var. Əgər düz demirəmsə, qoy mənim böhtan atdığımı desinlər". Müxalifətçi deputat İkram İsrafil də eyni mövzudan danışdı. Dedi ki, seçicilərindən biri bankomatdan pul çıxaran nazirlik işçisinin şəklini çəkib: "Bu adam əlində yüzlərlə kart gəlib və yüzlərlə insanın pulunu çıxarıbmış. Onun şəkillərini də çəkiblər. Bu cür özbaşınalığa son qoyulmalıdır". Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov isə onların ünvanına səslənən ittihamları qəbul etmədi. Onun dediyinə görə, 3 ildən artıqdır tətbiq edilən ünvanlı yardım sistemindən indiyə qədər milyonlarla insan bəhrələnib: "İndi 150 min ailə, yəni 700 minə yaxın insan bu yardımı alır. Amma Pənah Hüseynin sözlərindən belə çıxır ki, 75 min ailənin yardımı yeyilir. Bu, ağlasığmaz bir faktdır. Necə mexanizm tətbiq etmək lazımdır ki, bu qədər pul ünvanına çatdırılmasın?" Nazir müavini söylədi ki, bu 3 il ərzində sistemin təkmilləşdirilməsi üçün xeyli işlər görülüb - yardımın alınması vaxtı 1 ilə qədər uzadılıb, kompüter şəbəkəsi tətbiq olunub. Hətta Dünya Bankı belə qərara gəlib ki, Azərbaycanda bu sistem 90 faiz ünvanlılıqla nəticələnir. Vəziyyət o yerə gəlib çatıb ki, Azərbaycandakı mexanizmin ən qabaqcıl mexanizm kimi Vaşinqtonda təqdimatı keçiriləcək. Nazir müavini deyir ki, əgər yardım alan insanların adları açıqlansa, bu, insanların haqqını tapdamaq demək olardı: "Axı monitorinq göstərib ki, bu insanların 80 faizi adlarının açılmasının əleyhinədirlər". İlqar Rəhimov Pənah Hüseynin iddialarına cavab olaraq onu böhtançı adlandırdı: "Pənah Hüseyn böhtan atır, demaqoqluq edir". Pənah Hüseyn də onun çıxışını özünə qarşı təhqir kimi qəbul etdi və nazir müavinini məhkəməyə verəcəyini söylədi. O, zalda mikrofonsuz çıxış edərək sözlərini sübut etməyə hazır olduğunu bildirdi: "Çıxsın televiziyaya, desin ki, yalan deyirəm. Juliksiniz, oğrusunuz, banditsiniz, camaatın pulunu basıb yeyirsiniz. Kişiliyiniz varsa, məni məhkəməyə verin". Oqtay Əsədov "Milli Məclisi bazara çevirməyin" sözləri ilə Pənah Hüseynin sözünü kəsdi və məsələnin müzakirəsini yekunlaşdırdı. Yeni büdcə layihəsi noyabrın 24-də səsverməyə qoyulacaq. |