Dünən "Gülüstan" sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin 60 illik yubileyi və şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətilə "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans başlayıb. Konfransda Azərbaycan prezidenti İlham Əliyev, yüksək mənsəbli dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycanda akkreditə olunan xarici ölkə səfirləri və diplomatik korpuslarının təmsilçiləri iştirak ediblər.
Şeyxülislamın yubiley mərasimində iştirak etmək üçün Moskva və Bütün Rusiyanın patriarxı Kiril, Gürcüstanın katolikos patriaxı II İlya, Belarus patriarxı Filaret, İran prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Hacı Əli Əkbəri, İranın ali dini rəhbərinin müşaviri, Dinlərarası Yaxınlaşma Təşkilatının sədri ayətulla Əli Təsxiri, Özbəkistan müftisi Abdulrəşid-Kori Baxromov, İslam Konfransı Təşkilatının baş katibi İkmələddin İhsanoğlu və digər şəxslər Azərbaycana təşrif buyurmuşlar.
Bundan başqa, şeyxülislamı təbrik etmək üçün Çeçenistan prezidenti Ramzan Kadırov, Dağıstan prezidenti Muxu Əliyev də yubiley mərasiminə qatılıblar. İran prezidenti Mahmud Əhmədinejad isə QMİ sədrinə təbrik məktubu göndərib. Məktubda deyilir: "Dinlərarası dialoq mövzusunda keçiriləcək konfransda iştirakla əlaqədar cənabınız tərəfindən ünvanlanmış dəvətnaməni sevinc və məmnunluq hissləri ilə aldım. Bu konfransda şəxsən iştirak etməkdən şad və məmnun olardım. Lakin öncədən planlaşdırılmış proqramlar mənə belə bir imkan vermədi. Bununla belə öz təşəkkür və təbriklərimi yaxın dostum və müşavirim hüccətülislam Vəlmüslimin Hacı Əli Əkbərinin vasitəsilə Sizə çatdırıram".
Əhmədinejad məktubunda İranla Azərbaycan arasında qardaşlıq əlaqələrinin genişlənməkdə olduğunu məmnunluqla vurğulayıb: "Cənabınıza, konfransın təşkilatçılarına və bütün iştirakçılarına bu mübarək məqsədlərə çatmaq istiqamətində səmimi-qəlbdən müvəffəqiyyət arzulayıram". Yubiley mərasimi bu gün "Təzə pir" məscidində davam etdiriləcək.