İranda türkcə təhsil olmuşdu
 |
Buna əvvəl pəhləvilər, sonra islam rejimi qənim kəsildi
Şənbə, 07.11.2009
Cavid Məmmdli, Ədəbiyyat və İncəsənət arxivinin əm |
mətn ölçüsü |
|
|
|
Bu gün İranda sayları 30 milyonu haqlamış türk əhalisinə milli dildə təhsil layiq görülmür. Qacar şahlarının zamanında isə İranda türk dilində təhsil vardı və bu, modern bir təhsil sisteminə söykənirdi. Bu modern Avropa təhsilində türk dilinin yeri möhkəm idi. Bu nəcib işin təməl daşını isə Mirzə Həsən Rüşdiyyə qoymuşdu. Türkcə təhsilə əvvəlcə pəhləvilər, sonra isə onu əvəz edən islam rejimi qənim kəsildi.
...Mirzə Həsən Rüşdiyyə (1851,Təbriz) ruhani olmalı idi, lakin gələcək həyat yolunu seçdiyi zaman taleyüklü başqa bir mülahizə ilə rastlaşır. İstanbulda iki təbrizli naşir - Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan "Əxtər" qəzetində yazılmış bir məqalədə deyilirdi ki, Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurdan irəli gəlir... İranda da Avropa sayağı məktəblər olmalıdır.
Gənc Mirzə Həsən atasından izin alıb Osmanlıya yollandı. İstanbul, Beyrut və digər şəhərlərin təhsil sistemi ilə maraqlandı. Burada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb elədi və özünə təxəllüs götürdü - Rüşdiyyə. Beyrutdakı Darülmüəllimində (Pedaqoji Universitet) təhsil aldığı zaman üsuli-cədid (ərəbcə "yeni tərz" deməkdir) məktəblərinin təsisini və idarə edilməsini öyrəndi.
Mirzə Həsən Rüşdiyyə ilk pedaqoji fəaliyyətinə Şimali Azərbaycanın İrəvan şəhərində başlamağı qərara aldı. 1883-cü ildə burada yaşayan qardaşı Mirzə Əli ilə birgə özünün ilk üsuli-cədid məktəbini açdı. Bu məktəb Şimali Azərbaycanda heç də ilk təhsil ocağı deyildi. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundovun milli təhsil uğrunda apardığı gərgin mübarizənin nəticəsi olaraq, Şamaxı (1870) və Şəkidə (1877) yeni tipli milli məktəblər açılmışdı. Rusiyada elmi pedaqogika və xalq məktəblərinin banisi olan Konstantin Uşinskinin layihəsi əsasında 1876-cı ildə Qori Müəllimlər Seminariyası təsis edilmişdi.
Üç il sonra isə (1879) Seminariyanın türk (rusların təbirincə "tatar") bölməsi açılmışdı.
XIX əsrin ikinci yarısında Qafqazda başlanmış maarif intibahı Cənubi Azərbaycan ziyalılarının da diqqətini cəlb etmişdi. İsmayıl Kazımzadə və Mirzə Kazım Əsgərzadənin İrəvanda açdıqları yeni üsul ana dili məktəbləri bu prosesdə iştirakın sübutu idi. Mirzə Həsən Rüşdiyyənin də müəllimlik fəaliyyətinə məhz İrəvan şəhərində başlaması heç də təsadüfi deyildi.
Gənc müəllimin ilk pedaqoji addımı uğurlu alınmış, məktəbi nüfuz qazanmışdı. Nəsirəddin şah Qacar Rusiya səfəri əsnasında İrəvanda olarkən bu təhsil ocağını da ziyarət etmişdi. Savadlı yerli məmurlar hazırlamaq istəyən çar hakimiyyəti M.H.Rüşdiyyənin fəaliyyətindən məmnun idi. Təsadüfi deyil ki, dövlət onu mükafatlandırmışdı. Uğurlu pedaqoji fəaliyyətə baxmayaraq, Mirzə Həsən Rüşdiyyə İrəvanda çox qalmadı. 1888-ci ildə artıq təcrübəli bir müəllim olaraq doğma Təbrizə qayıtdı.
XIX əsrin ikinci yarısında İranda formalaşan milli burjuaziya dövlətdən təhsil sistemində ciddi islahatlar tələb edirdi. Bunlar yeni üsul məktəblərinin artırılması, ibtidai təhsil ilə əlaqədar əlifbada dəyişikliklər edilməsi və təlim-tərbiyə metodlarının müasirləşdirilməsi idi. Məhz bu tələblərin həyata keçirilməsi üçün savadlı və təcrübəli müəllimlər lazım idi. Rüşdiyyə bu tələblərə cavab verəcək müəllimlərdən idi.
İlk işi doğma Təbrizdə "Dəbistani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə" adlı məktəbləri açmaq oldu. O, öz məktəbini məktəbxana formasında saxlasa da, tədris işini sövti (səs) üsulu ilə aparırdı.
Onun bu işi köhnə fikirli məktəbdarları və mürtəce ruhaniləri qıcıqlandırırdı. Cəhalət yenə öz işini görürdü. Tədris işini sövti üsulu ilə aparmasını bəhanə gətirərək onun məktəblərini qarət edirdilər. Bu fitnəkar qəsdlər zamanı məktəblilərdən ölən və yaralananlar olurdu. Hətta Rüşdiyyə özü bir neçə dəfə ağır yaralanmışdı.
Təbrizi tərk etməli olur, Xorasana, Misirə və Qafqaza səyahət edir. 1893-cü ildə yenidən Təbrizə qayıdan Mirzə Həsən əsasən ana dilinin tədrisinin yer aldığı "Rüşdiyyəye-Müzəffəriyyə" məktəbini təsis etdi. Məktəbin tədrisinin doğma türk (Azərbaycan) dilində təşkili türklər üçün mühüm tarixi bir hadisə idi. Çünki bu təhsil ocağı Səfəvilər dövründən sonra ana dilində açılan ilk milli məktəb idi. Bəlkə elə buna görə də bu təhsil ocağına "Rüşdiyyeyi-Milli" məktəbi deyilirdi.
"Rüşdiyyəye-Müzəffəriyyə" məktəbində tarix, coğrafiya, fizika, riyaziyyat, təbiət və s. elmlərlə yanaşı fars, ərəb, fransız və rus dillərinin tədrisi də əsas yer tuturdu. Dərslər sövti üsulda aparılırdı. Dövrün ziyalı şəxsləri, o cümlədən Məhəmmədəli Tərbiyət, Əhməd Müdərris, Hüseyn Kamal Təbibzadə və başqaları bu məktəbin müəllimləri olmuşlar. Məktəbdə 200-dən çox şagird təhsil alırdı. Əksəriyyəti yoxsul uşaqları olan bu şagirdlər pulsuz təhsil alırdılar.
1894-cü ildə Mirzə Həsən Rüşdiyyə özünün ilk "Vətən dili" adlı əsərini yazdı..
|
|
|
Oxşar xəbərlər:
Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır
"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...
İran: öldürülənlərin sayı artmaqdadır
Əhmədinijat uçan kəpənəyi tuta bilmədi
İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb
|
|
|