 |
Bu ölkə qurumlarının Azərbaycanda sənaye casusluğu
Şənbə, 07.11.2009
|
|
Azərbaycan vətəndaşı Rəşid Əliyevin İranda müəmmalı həbsi və ona qarşı İran hakimiyyətinin qəribə, izahsız davranışı günün başlıca mövzularından biridir. Onun həyatının təhlükədə olduğu barədə gümanlar var. Rəşid Əliyev kimdir? Nə baş verir?
Əldə etdiyimiz bilgilərə görə, bu adam 1954-cü ildə Gürcüstanda doğulub. ADU (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. Hazırda BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasında aparıcı mühəndisidir. Kvant elektronikası və lazer texnikası üzrə yüksək ixtisaslı mütəxəssis kimi tanınır. O, bir çox ixtira və səmərələşdirici təkliflərin müəllifidir. Bir sıra elm mərkəzlərində mürəkkəb rentgen, lazer və başqa optik qurğuların sazlanmasını, işlək vəziyyət gətirilməsini təmin edib. "Lazer" Elmi-Texniki Mərkəzində hazırlanmış xüsusi təyinatlı lazer texnikası sınaqlarının təşkilində fəal iştirak edib. Bir sözlə, dəyərli mütəxəssisdir. Ehtiyatda olan kapitandır.
Bəs İrana nə üçün gedibmiş? Öyrəndik ki, 2007-ci ilin yanvarında İranın Simnan şəhərindəki "SAZAN Elestronik İndustri" şirkəti tərəfindən müqavilə əsasında işlə təmin olunub. Şirkətin direktoru doktor Abbas İftixari BDU-nun rektoru Abel Məhərrəmova rəsmi müraciət edərək, onun İranda elektronika sahəsində aparılan elmi-tədqiqat işlərində çalışmasına icazə verməsini istəyib.
Amma İranda bir işi ürəyincə olmayıb. Bakıya qayıdıb. Ailə üzvlərinin dediyinə görə, Bakıda olanda şirkət rəhbərliyi ona dəfələrlə zəng edib, işlərin dayandığını və "Rəşidə ehtiyac duyduqlarını" bildiriblər, vədlər veriblər. Amma razılaşmayıb.
Sonuncu dəfə Bakıya qayıdandan sonra
"maaşın müqavilə şərtlərindən az olduğunu" söyləyərək, bir daha İrana getməyəcəyini bildirib.
Bundan sonra İran tərəfi nə düşünübsə, ona bir qədər pul göndərib, yenə də təkidlə qısa müddətə İrana dəvət ediblər. Abbas İftixarinin təkidli xahişlərindən sonra yenidən Simnana yollanıb. Bu səfərdən sonra onun ailəsi ilə əlaqəsi tamam kəsilib...
Bəzi xəbərlərə görə, suçsuz olduğundan İran hakimiyyəti indiyə qədər azərbaycanlı alimə qarşı heç bir ittiham irəli sürə bilməyib. Himayəsində azyaşlı övladı var.
Bu Abbas İftixari kimdir?
Güney Azərbaycandakı mənbələrimizin dediyinə görə, 40-45 yaşları arasında olan Abbas İftixari təbrizlidir. Atası türk, anası isə milliyyətcə ərəbdir. Atası şah dövründə ordu zabiti işləyib. 1979-cu ilin fevral inqilabından sonra həbs olunub və barəsində 8 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Həbsdən çıxdıqdan sonra İran-İraq savaşında iştirak edib. Abbas İftixari Şəki sakini olan Azərbaycan vətəndaşı ilə ailə qurub. 1990-cı illərin əvvəllərində Bakıda yaşayıb, "Samsunq" şirkətində çalışıb. Həmin illərdə Azərbaycan Texniki Universitetində doktorluq işi müdafiə edib. Onun başçılıq etdiyi şirkət avtomobillər üçün elektron avadanlıqları hazırlayır.
Bu bir mütəxəssis ovumu?
Bənzəyir. İranın mənhus gerçəkliyinə bələd olan bir adam kimi belə bir nəticəyə gəlmək mümkündür: Rəşid Əliyevin biliyi və bacarığı hərbi qurumlarının marağına səbəb olur. Bunun üçün də Abbas İftixari vasitəsi ilə o, yenidən ölkəyə çağırılır. Bundan sonrası isə məlumdur. Çünki İranda pulla ələ ala bildiklərini bu yolla, bu nəticə vermədikdə həbslə tora salır, belə üsuldan da sonuc ala bilmədikdə şantaj, işgəncə və s. metodlar işə salınır.
Abbas İftixarinin başçılıq etdiyi şirkəti İranda adi vətəndaşlar aça bilməz. Adından da göründüyü kimi, bu qurum elektron fizikası ilə məşğul olur. Bu baxımdan, "Sazan Elektronik İndustri"nin İranın hərbi sənaye kompleksinə bağlı olduğu istisna deyil. Ona görə də azərbaycanlı alim Rəşid Əliyevin uzun müddət həbsdə saxlanılmasında böyük ehtimalla Abbas İftixarinin də özünəməxsus "xidmətləri" olub. Görünür, bu adamın fəaliyyətinin Bakı dövrü sənaye casusluğu məzmunu daşıyırmış.
|
|
|
Oxşar xəbərlər:
"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...
İran: öldürülənlərin sayı artmaqdadır
Əhmədinijat uçan kəpənəyi tuta bilmədi
İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb
İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında
|
|
|